“Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır”

AXCP-çi Rafiq Daşdəmirlinin oğlu həbs olunub

Source:


AXCP-çi Rafiq Daşdəmirlinin oğlu həbs olunub

AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıb və narkotik satdığı üçün saxlandığını deyiblər.

Noyabrın 18-də isə Nərimanov rayon Məhkəməsində Sənan Dəmirliyə qarşı məhkəmə prosesi keçrilib və barəsində deyilən ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verilib.

Məlumatı Rafiq Daşdəmirli “Azadlıq” qəzetinə verib

Rafiq Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyətinə görə ondan qisas almaq kimi qiymətləndirir. Onun fikrincə, bunun Milli Şuranın mitinqlərindən sonra baş verməsi də təsadüfi deyil.

Rafiq Daşdəmirli Milli Şuranın mitinqlərinin texniki-təşkilati işlərində əsas fiqur olub.

Atası hesab edir ki, Sənan Daşdəmirli siyasətdən kənar şəxsdir və narkotiklə hər hansı bağlılığı ola bilməz. O, inanclıdır, uzun müddətdir namaz qılır və nümunəvi həyat tərzi ilə seçilir.

“Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəkindirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl facebook profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər”, – deyə Rafiq Daşdəmirli bildirib.

Rafiq Daşdəmirli bunu həm də Azərbaycan hakimiyyətinin ondan repressiyaları dayandırmaq və demokratik islahatlara başlamaq tələb edən yerli və beynəlxalq ictimaiyyətə əks cavabı kimi dəyərləndirir. O, hakimiyyət orqanlarını bu cür ədalətsizlikdən, qanunsuz və mənəvi prinsiplərə zidd hərəkətlərdən əl çəkməyə, oğlunu azad etməyə çağırır. “Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz. Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır. Hakimiyyət orqanlarını belə günahlardan çəkinməyə çağırıram. Belə təzyiq vasitələri ilə heç nəyə nail olmaq mümkün deyil. Bu cür addımlar yalnız cəmiyyətdə qarşıdurmanı gücləndirə bilər ki, bunun da ağır nəticələri hamıya, o cümlədən hakimiyyətdə olanların özlərinə dəyəcək”, – deyə Rafiq Daşdəmirli qeyd edib.

Ana səhifəXəbərlər“Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır”