Atatürkə qarşı çıxan ilk qadın siyasətçi – Xalidə Edib

Xalidə Edib Adıvar

Source:

Xalidə Edib və Mustafa Kamal arasında əslində sevgi münasibəti olduğu o zamanlar bəlli çevrələrdə yayılmış söhbətdi

Xalidə Edib Adıvar – Türkiyənin ilk feminist qadınlarından biri, Qurtuluş Savaşının iştirakçısı, maarifçi, müəllim, tərcüməçi, yazıçı, professor, millət vəkili.

Əvvəlcə çox sevdiyi adam üçün öz kimliyindən vaz keçən, sonra övladları üçün yaşayan, daha sonra onları qoyub cəbhəyə yollanan, qadınlara seçmə və seçilmə haqqı istəyib hətta Mustafa Kamala qarşı da çıxmaqdan çəkinməyən, erməni köçünə görə onlardan üzr istəyən, linç edilən, sürgün həyatı yaşayan ziddiyyətli şəxsiyyət.

Rəsmi bioqrafiyası real yaşantılarından fərqli olan, ötən əsrin əvvəlindəki fəaliyyətilə Türkiyə tarixində özünə yer etmiş bu qadın haqqında çox az danışılır, hətta heç danışılmır da demək olar. Halbuki o illərdə Xalidə Edib çox məşhur biri olub, cinsi bərabərlik, sosial ədalət, milli azadlıq və müstəqillik ideyalarını təbliğ edib. İlk dövrlərdə məqalələri və əsərləriylə cəmiyyətə yeni fikirlər təlqin etməyə çalışıb, sonralar publik fəaliyyətə keçib, müxtəlif təşkilatların önəmli üzvünə, kütləvi aksiyaların vazkeçilməz iştirakçısına çevrilib. İlk qadın təşkilatı olan Teali-i Nisvan Cəmiyyətinin (Qadınları Yüksəltmə Dərnəyi) qurulmasında yaxından iştirak edib. Təqiblərə və həbs təhlükəsinə rəğmən mübarizəsini davam etdirib, zaman-zaman gizli şəkildə cəbhədən İstanbula gəlib əsgərlər üçün geyim və ərzaq tədarük edib, döyüşdə atalarını, ərlərini və ya oğullarını itirmiş qadınlara dəstək verib, cəsarətiylə təkcə qadınlara deyil, kişilərə də nümunə olub.

İyirmi bir romanı, dörd hekayə kitabı, iki teatr əsəri və müxtəlif araşdırmaları olan Xalidə Edib öz zamanında Türkiyənin xaricdə ən çox tanınan qadın yazıçısı olub. Əsərləri ingilis, fransız, alman, rus, macar, fin, ispan, urdu və serb dillərinə tərcümə edilib.

****

Əvvəlcə rəsmi tərcümeyi-halıyla tanış olaq.

Xalidə Edib Adıvar 1882-ci ildə İstanbulda, sultan II Əbdülhəmidin katibi Məhəmməd Edib bəyin ailəsində doğulub. Anası gənc yaşlarında vəfat edib, atasının ikinci dəfə evləndiyi gənc xanımla Xalidənin münasibəti yaxşı olub, az qala rəfiqəsi kimi. Bir müddət sonra Məhəmməd Edib bəy yenidən evlənib, bu hərəkətin birinci analığına necə böyük əzablar yaşatdığını görməsi Xalidənin çoxarvadlılığa nifrət etməsinə səbəb olub. Vaxt gələcək, özü də belə bir “sürprizlə” qarşılaşacaqdı.

Xalidə ilk təhsilini evdə alıb, o cümlədən piano dərslərini də. Sonra atası yaşını böyüdərək onu Amerika Qız Kollecinə qoyub. Bir il sonra məsələnin üstü açılıb və Xalidə kollecdəki təhsilinə ara verməli olub. Ona evdə dərs deyən ingilis müəllimin məsləhətilə Con Ebbotun “Ana” əsərini tərcümə edib. 1897-ci ildə “Mader” adıyla dərc edilən bu kitaba görə II Əbdülhəmid onu “Şəfqət” nişanıyla mükafatlandırıb.

İki il sonra yenidən kollecdə təhsilini davam etdirən Xalidə 1901-ci ildə oranı bitirib (o kollecdən məzun olan ilk türk qızı olaraq) və evdə ona dərs demiş tanınmış riyaziyyatçı Saleh Zəkiyə ərə gedir. Evliliklərinin ilk illərində Xalidə “Kamus-u Riyaziyyat” kitabını yazmaqda ərinə yardım edir, məşhur ingilis riyaziyyatçılarının bioqrafiyalarını, Artur Konan Doylun Şerlok Holms haqqında bir neçə hekayəsini, Uilyam Şekspirin “Hamlet” əsərini tərcümə edir, Fransa ədəbiyyatını öyrənir, daha çox Zolyadan təsirlənir. Ard-arda iki oğlu olur – Ayətullah və Həsən Hikmətullah Toqo (1905-ci ildə Yaponiyanın Rusiyaya qalib gəlməsində xüsusi xidmətləri olmuş Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Toqo Heyhatironun şərəfinə).

****

1908-ci ildə İkinci Məşrutiyyətin (konstitusiyalı monarxiya) elan edilməsi Xalidə Edibin də həyatında ciddi dəyişiklərə səbəb olur. Həmin ildən etibarən o, ictimai fəaliyyətə başlayır. “Tahnin” qəzetində Xalidə Saleh imzasıyla qadın haqları barədə məqalələr yazır. Yeni rejimin bu məsələdə yenilikçi mövqeyi, o cümlədən Xalidə xanımın yazıları da bəzi kəsimlərdə ciddi narazılıq doğurur, 1909-cu il martın 31-də bu narazılıq silahlı qarşıdurmaya çevrilir. Adının “qara siyahı”da olduğunu öyrənən Xalidə Edib bir gün atasının evində, dörd gün də kollecin binasında gizlənəndən sonra övladlarıyıa birlikdə Misirə gedir. Tezliklə ingilis dostu İsabel Fraydan İngiltərəyə dəvət məktubu alıb ora yollanır. Onun evində qaldığı bir neçə ay ərzində Bertrand Rassellin də (riyaziyyatçı, filosof, ədəbiyyat üzrə Nobel mükafatçısı) daxil olduğu intellektuallar çevrəylə yaxınlaşır, Britaniya parlamentində olur. Oktyabr ayında Türkiyəyə qayıdır, növbəti il yazıçılıq fəaliyyətinə başlayır və bir il sonra (1910) ona ilk şöhrətini qazandıran “Səviyyə Talib” romanını dərc etdirir. Ərini atıb sevgilisiylə yaşamağa başlayan qadının həyatından bəhs edən bu əsər ciddi tənqidə məruz qalır.

Xalidə Edib o dönəmdə həm də pedoqoji mövzularda məqalələr yazır və “Darülmuallimat”ın (ilk və orta təhsil qız məktəbləri üçün müəllimə hazırlayan təhsil müəssisəsi) təklifini qəbul edərək həyatında böyük yer tutacaq müəllimlik fəaliyyətinə başlayır.

Həmin il şəxsi həyatında xoşagəlməz hadisə baş verir – evliliklərinin doqquzuncu ilində həyat yoldaşı Saleh Zəki ikinci arvad almaq fikrinə düşür, Xalidə xanım uşaqlarını da götürüb atası evinə qayıdır. Qərarı dərhal versə də, aldığı zərbənin acısı tezliklə keçmir, bir müddət işindən və yazılarından uzaqlaşır. Az-çox özünə gəlib yenidən fəaliyyətini bərpa edəndə artıq imza olaraq atasının adından istifadə etməyə başlayır.

Sonrakı illərdə (1910-12) “Türk Ocağı”nın intellektual türkçü çevrəsiylə yaxınlaşan; Ziya Göyalp, Yusif Akçura, Əhməd Ağaoğlu və Həmdullah Sübhi kimi fikir adamlarıyla tanış olan Xalidə turançılıq ideyasını mənimsəyir, bu ideyanın təsiriylə “Yeni Turan” əsərini yazır, “Türk yurdu” məcmuəsində məqalələr dərc etdirir. Həmin dönəmdə “Xarab məbədlər” və “Xəndan” romanlarını yazır.

Osmanlının 1912-ci ildə Yunanıstan, Bolqarıstan, Serbiya və Qaradağ krallıqlarına qarşı başlatdığı Balkan müharibəsi türk qadınlarının fəallaşmasına səbəb olur. Xalidə Edib Teail-i Nisvan Cəmiyyətində yardım və xəstə baxıcılığı işini təşkil edir. Eyni zamanda yazıçılıq fəaliyyətini də davam etdirir – “Son əsəri” adlı eşq romanını qələmə alır, amerikalı maarifçi Herman Harrell Hornenin “Təhsilin psixoloji əsasları” əsərindən yararlanaraq “Təlim və ədəbiyyat” kitabını yazır.

Bir müddət sonra ona qız məktəbləri üzrə ümumi müfəttişlik vəzifəsi təklif olunur, bu iş ona İstanbulun arxa məhəllərində yaşayan kasıb insanlarla tanış olmaq imkanı qazandırır, “Milçəkli dükan” (“Sinekli bakkal”) əsərini Xalidə Edib o məhəllələrdə gördüklərindən ilhamlanaraq yazır.

Birinci dünya müharibəsi başlayandan (1914) iki il sonra “Birlik və tərəqqi” cəmiyyətinin liderlərindən biri, hərbi donanma naziri Əhməd Camal Paşanın dəvətilə Xalidə Edib qadın haqları müdafiəçisi, maarifçi Nakiyə Elgün və müəllim, yazıçı, Qurtuluş Savaşı iştirakçısı, İstiqlal marşını Türkiyə Böyük Millət Məclisində (TBMM) oxuyan ilk millət vəkili Həmdullah Sübhiylə birlikdə Suriya və Livana gedir. Ərəb əyalətlərində iki qız məktəbi və bir uşaq evi açır. Orda olduğu müddətdə atasına verdiyi vəkalətnaməylə ailə həkimləri Adnan Adıvarla nikah kəsdirir. Livanda olduğu müddətdə “Kənan çobanları” adlı operanın librettosunu yazır (bəstəkar Vedi Səbra), uşaq evindəki şagirdlərin səhnələşdirdiyi bu türkcə ilk opera böyük rəğbətlə qarşılanır və ard-arda 13 dəfə oynanır. 1918-ci ilin mart ayında türk ordusu Suriya və Livanı tərk etdiyi üçün Xalidə İstanbula qayıdır, İstanbul Universitetində Qərb ədəbiyyatından dərs deməyə başlayır. Çevrəsindəki bütün ziyalılar kimi, o da ölkənin xilası üçün yollar axtarmaqda davam edir, Rusiyadakı xalqçılar hərəkatından təsirlənib “Anadoluya sivilizasiya aparmaq üçün” “Türk ocaqları”ndan olan kiçik bir qrupla birlikdə “Kəndlilər cəmiyyəti” yaradır.

1919-cu ilin əvvəlində isə Türkiyənin xilasını ABŞ-la iş birliyində görən ziyalılarla (Rəfik Xalid, Əhməd Emin, Yunus Nadi, Əli Kamal və Cəlal Nuriylə) birlikdə Vilson Prinsipləri Cəmiyyətini qurur. Cəmiyyət iki ay sonra fəaliyyətini dayandırsa da, Xalidə Edib avqustun 10-da Atatürkə məktub yazaraq Türkiyə üçün Amerika mandası (yarımmüstəmləkə) ideyasını təklif edir (ABŞ prezidenti Tomas Vilsonun bir il əvvəlki açıqlamasında 14 maddədən ibarət yeni dünya düzəninin 12-ci maddəsi türklərin üstünlük təşkil etdiyi Osmanlı ərazilərinə müstəqillik verilməsini nəzərdə tuturdu). 4-11 sentyabr aralığında keçirilən Sivas milli konqresində bu məsələ geniş müzakirə olunur və rədd edilir. İllər sonra yazdığı “Nitq” (“Nutuk”) əsərində Atatürk Xalidə Edibin də məktubuna yer verəcək, mandat idarəçiliyini tənqid edəcəkdi.

****

15 may 1919-cu ildə İzmirin yunanlar tərəfindən işğalına etiraz olaraq keçirilən ilk aksiyada – Əsri Qadınlar Birliyinin təşkil etdiyi Fatih mitinqində (19 may) kürsüyə ilk çıxan şəxs Xalidə Edib olur. O, Üsküdar (20 may), Kadıköy (22 may) və Sultanəhməd (23 may) mitinqlərinə də qatılır, sonuncusu onu artıq ölkə miqyasında məhşurlaşdırır, həmin mitinqdə dediyi “Millətlər dostumuz, hökumətlər düşmənimizdir” sözü dillər əzbəri olur. O aksiyada Xalidə xanım mitinq iştitrakçılarına müraciət edib onları iki məsələylə bağlı and içməyə səsləyir:


1.


İnsanlık və ədalət əsaslarına sadiq qalmaq;


2

.

Hər hansı şərtlər altında olursa-olsun, heç bir qüvvəyə boyun əyməmək.

İki yüz mindən çox insan onun müraciətinə cavab olaraq xorla “And içirik!” deyir. “Türkün atəşlə imtahanı” kitabında (1922) Xalidə xanım həmin çıxışından əvvəlki duyğularını belə təsvir edir: “Kürsünün önünə gəldiyim zaman həyatımın ən önəmli dəqiqələrindən birini yaşadığımı hiss etdim. Vücudumun hər zərrəsi elektriklənmiş kimiydi. Bu hal hər hansı başqa zamanda məni öldürə biləcək gücdəydi. Fəqət o an mənimçün unudulmaz bir təcrübədir. Çünki heç səsi çıxmayan o iki yüz min insanın acısını mənə aşılamışdı. Ogünkü Xalidənin qəlbi bütün türk qəlblərdən gələn duyğuyla atır və ona gələcək illərin faciəsini hiss etdirirdi. Xalidə özü-özünə bunları deyirdi: Türkiyə də, mənim zülmə uğramış millətim də əbədidir. Digər millətlərdəki qüsur və fəzilətlərə sahib olmaqla yanaşı, mənim millətim heç bir maddi gücün məhv edə bilməyəcəyi mənəvi gücə sahibdir. Mən bu gün bu gücün zirvəsini anlatmalı, insanlıqdakı qardaşlıq ruhunu hiss etdirməyə çalışmalıyam”.

İzmirin işğalı Xalidə Edibi dərindən yaralayır, məqalələrinin birində “Artıq mən möhtəşəm milli çılğınlığın bir parçasıyam və həyatda mənimçün başqa heç bir şeyin önəmi qalmayıb” deyə yazır, “Polis şöbəsi” adlı gizli təşkilata üzv olub Anadoluya silah qaçırma əməliyyatlarında iştirak edir. Həmin ərəfədə o, artıq “Vaxt” qəzetinin daimi, “Böyük məcmuə”nin baş yazarı olaraq çalışmağa başlamışdı.

16 mart 1920-ci ildə ingilislər İstanbulu işğal edirlər, haqqında edam qərarı çıxarılan şəxslər arasında (bu qərarı sultan VI Mehmed də təsdiqləmişdi) Musrafa Kamal Paşa, Qara Vasif, Əli Fuad Paşa, Əhməd Rüstəm, Adnan Adıvarla birlikdə Xalidə Edibin də olduğu xəbəri yayılır.

****

İşğaldan 3 gün sonra Xalidə xanım oğlanlarını internat məktəbinə qoyub əriylə birlikdə İstanbuldan çıxmaq məcburiyyətində qalır. Ankaraya gələr-gəlməz Yunus Nadi Bəylə birlikdə Anadolu Agentliyi yaratmağı qərarlaşdırır, Mustafa Kamal Paşayla görüşüb onun razılığını alan kimi fəaliyyətə başlayır – agentliyin müxbiri də, köşə yazarı da, müdiri də və hətta kuryeri də özü olur. Xəbərləri seçmək, milli mücadiləyə aid məlumatları teleqraf vasitəsilə ötürmək, teleqrafın olmadığı yerlərdə onları məscidlərin həyətinə afişa şəklində yapışdırtmaq, Avropa mətbuatını təqib edib Qərb jurnalistləriylə əlaqələr qurmaq, Mustafa Kamalın onlarla görüşünü təçkil etmək, həmin görüşlərdə tərcüməçilik etmək, onun digər yazı işlərini idarə etmək, Yunus Nadi Bəyin çıxardığı “Hakimiyyət-i Milliyə” qəzetinə kömək etmək – bütün bu işləri Xalidə Edib təkbaşına idarə edir; eyni zamanda vaxt tapıb at sürməyi və güllə atmağı da öyrənir.

1921-ci ildə Xalidə xanım Qızılay Ankara şöbəsinin rəhbəri olur. Həmin ilin iyun ayında Əskişəhər şöbəsində xəstə baxıcısı olaraq çalışır. Avqust ayında Mustafa Kamala teleqram vurub orduda xidmət etmək istədiyini bildirir və cəbhə qərargahına təyin edilir. Sakarya savaşı dönəmində ona onbaşı rütbəsi verilir. Sonra yunanların əhaliyə vurduğu ziyanı araşdırmaq üçün yaradılmış İşkəncələrin Tədqiqi Komissiyasında (Tetkik-i Mezalim Komissiyası) çalışır. Onların törətdikləri vəhşiliklərin izlərini gördükcə “insanlıqdan iyrənir, hətta ölmək istəyir”, qadınların ona anlatdıqlarını belə ifadə edir: “Heç bir katolik keşiş insanın içindəki əbədi və vəhşi heyvan haqqında bu qədər səmimi etiraflar dinləməyib”. İzmirə yürüş zamanı Xalidə xanıma çavuş rütbəsi verilir, döyüşlərdə yaralanması isə ona “İstiqlal” medalı qazandırır.

Qurtuluş Savaşında iştirakı Xalidə Edibin ədəbi yaradıcılığında da böyük iz buraxır – “Türkün atəşlə imtahanı” xatirə kitabı (1922), “Atəşdən köynək” (1922), “Vurun kahpeye” (1923), “Qəlb ağrısı” (1924) və “Zeynonun oğlu” (1928) əsərləri həmin illərin hadisələırindən bəhs edir.

****

Milli mücadilə Türkiyə ordusunun zəfəriylə bitəndən sonra Xalidə xanım Ankaraya qayıdır. Əri Adnan bəy Xarici İçlər Nazirliyinin İstanbul şöbəsinə təyin edildiyi üçün onunla birlikdə İstanbula gedir. Cümhuriyyətin elanından sonra “Axşam” və “Vaxt” qəzetlərində yazmağa başlayır. O ərəfədə Cümhuriyyət Xalq Firqəsi (indiki CHP) və Atatürklə Xalidə Edib arasında fikir ayrılıqları yaranır. Adnan bəy Türkiyə Cümhuriyyətinin ilk müxalifət partiyası olan Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılmasında (noyabr, 1924) iştirak edir və bu, Adıvarlar ailəsiylə hakimimiyyət arasındakı uçurumu dərinləşdirir. Bir neçə ay sonra (fevral, 1925) baş vermiş Şeyx Səid üsyanına o partiyadan da qatılanlar olduğu üçün iyun ayında hökumət təşkilatın qapadılması haqda qərar qəbul edir. Xalidə və əri Türkiyəni tərk edib İngiltərəyə gedirlər. Onlar vətənə bir də 1939-cu ildə – ilk dörd ili İngiltərədə, sonrakı on ili Fransada keçmiş “mühacirət” həyatından sonra qayıdırlar.

****

Xaricdə yaşadığı illərdə Xalidə Edib bədii əsərlər yazmağa davam edir. Bir çox yerlərdə – Kembric və Oksford (İngiltərə), o cümlədən Sorbonna (Fransa) universitetlərində çıxışlar edir. İki dəfə ABŞ-a, bir dəfə Hindistana dəvət edilir. Amerikaya ilk gedişində (1928) Uilliamstoun Siyasət İnstitutunda dəyirmi masa tədbirinə rəhbərlik edir (bunu edən ilk qadın olaraq). ABŞ-da yaşayan oğullarıyla da həmin il görüşür (9 illik ayrılıqdan sonra). Kolumbiya Universitetinin Bernard kollecinin dəvətilə Amerikaya getdiyi ikinci səfərində (1932) də Xalidə xanım bir sıra görüşlər keçirir – Yel, İllions, Miçiqan universitetlərində çıxışlar edir və bu səfərlərin təsirilə “Türkiyə Qərbə baxır” əsərini yazır.

1935-ci ildə Camiyə Milliyyə İslamiyyə Universitetinin qurulması münasibətilə Hindistana dəvət edilən Xalidə Edip Dehli, Kəlküttə, Haydarabad, Benares, Aliqar, Lahor, Peşaver unversitetlərində dərslər verir və bu səfəri haqqında da kitab yazır.

1936-cı ildə o, ən məhşur əsəri olan “Milçəkli dükan” əsərinin ingiliscə orijinalını (“The Daughter of the Clown”) dərc etdirir. Həmin il “Xəbər” qəzeti əsərin türkcə variantını hissə-hissə yayımlayır. 1943-cü ildə əsər CHP mükafatı alır və Türkiyədə ən böyük tirajla dərc eillən roman olur.

1939-cu ildə İsmət İnönü İstanbul Universitetində ingilis filologiyası fakültəsini qurmaq üçün Xalidə Edibi Türkiyəyə dəvət edir. Vətənə qayıdandan sonrakı bir il ərzində Xalidə xanım bunu reallaşdırır və sonrakı 10 ildə həmin fakültənin rəhbəri olur (Onunla bağlı məlumat ancaq bu tarixdən sonra dərsliklərə salınır).

1950-ci ildə o, Demokrat Partiyasının siyahısında TBMM-ə seçilir, 5 yanvar 1954-cü il tarixində “Cümhuriyyət” qəzetində “Siyasi vida” adlı məqalə dərc etdirib millət vəkilliyindən istefa verdiyini bildirir və yenidən universitetə qayıdır. 1955-ci ildə əri Adnan bəy vəfat edir.

****

İndi də rəsmi bioqrafiyada üstündən sükutla keçilən məsələlər haqqında.

1913-cü ildə yazdığı “Yeni Turan” əsərində Xalidə Edib hakimiyyətdəki Birlik və Tərəqqi Firqəsini (İttihat ve Terakki Fırkası) kəskin tənqid edərək onu demokratik azadlıqları məhdudlaşdırmaqda, tədricən təkpartiyalı sistemə keçməkdə günahlandırır, firqə üzvləri qəzəblənib onu susdurmaq istəyirlər, Tələt Paşa (Birlik və Tərəqqi Partiyasının üç qurucusundan biri, Osmanlı sədrəzəmi) buna icazə vermir, “O səmimidir” deyib Xalidə xanımın tənqidlərini anlayışla qarşılayır. Amma X.Edibin Adanadakı erməni-türk qarşıdurmasında (1909) öldürülən ermənilərə görə erməni xalqından üzr istəməsi onların münasibətini korlayır. Bu məsələ Xalidə xanımın daha bir ziddiyyətli tərəfini üzə çıxarır – türk millətinin dominantlığı ideyasını təbliğ edən “Yeni Turan” romanının müəllifi bu dominantlığı qəbul etməyən başqa bir millətin müdafiəsinə qalxır.

1922-ci ilə qədər çox sevilən, bütün qadınlardan, hətta bəlkə bütün kişilərdən də üstün tutulan, sayğı görən Xalidə Edip Qurtuluş Savaşından sonra əvvəlki mövqeyini itirir. 1923-cü ildə Mustafa Kamal Paşa jurnalistlərə müsahibə verdiyi sırada Xalidə xanım ondan “Paşam, qadınların seçmə-seçilmə haqqı necə olacaq” deyə soruşur, paşa ona “Yəqin ki, bir üsulu tapılacaq” deyə cavab verir, amma məsələ həll edilməmiş qalır. Bu durum Xalidə xanımı siyasi səhnədən uzaqlaşdırmaq imkanı yaradır, ona heç bir vəzifə verilmir.

Xalidə xanımın həyatını araşdırmış İpək Çalışlara görə, Mustafa Kamalla münasibətinin korlanması onun müxalif ruhlu olmasından, cəbhə qərargahında çalışdığı dönəmdə də tənqidi fikrilərini açıq söyləməsindən irəli gələ bilərdi. Çalışlar yazır ki, Xalidə Edibin bu xüsusiyyəti Qurtuluş Savaşı liderinin xoşuna gəlməyib, öz əmrlərinə ondan itaət tələb edib:

“Xalidə çox inciyir, qələm-kağızını toplayıb qərargahdan ayrılır, özünü təbiətə verir. Anlaşılan, bu hadisə ona böyük xəyal qırıqlığı yaşadır – uşaqlarını qoyub cəbhəyə gələn, ölüm təhlükəsini belə gözə alan qadın belə yanaşmanı qəbul edə bilmir”.

Yeri gəlmişkən, Xalidə Edib və Mustafa Kamal arasında əslində sevgi münasibəti olduğu o zamanlar bəlli çevrələrdə yayılmış söhbətdi. Təkzib və ya təsdiq üçün dəqiq qənaət oluşduracaq hər hansı dəlilə rast gəlməyən İpək Çalışlara görə, aralarında cəmi 2-3 illik yaş fərqinin olması bu ehtimalın inandırıcılıq payını azaldır.

Xaricə gedəndən sonra Xalidə Edib ingilis dilində “Türkün atəşlə imtahanı” xatirələr kitabını qələmə alır (Mustafa Kamalla bağlı sərt tənqidə görə bu kitab türk dilinə tərcümə edilmir, əsərin nisbətən fərqli variantını müəllif 1962-ci ildə türkcə yazıb). Hesab olunur ki, Xalidə xanım onu Atatürkün “Nitq” əsərinə cavab olaraq; sonrakı nəsillərə, o cümldən öz övladlarına o dövrün tarixinə alterntiv informasiya mənbəyi təqdim etmək məqsədilə yazıb, tarixdə izinin qalmasını istəyib.

Kitabın dərcindən az sonra mətbuatda dünənin qurtuluş savaşçısına qarşı hücumlara strat verilir, bəzi qəzetlər Xalidə Edibin əxlaqsız qadın profilini yaratmağa başlayırlar. “Milliyyət” qəzetinin yazarı, Mustafa Kamal Paşaya yaxın olduğu bilinən Mahmud Soydan Xalidə xanımla bağlı onun “İt hürər, karvan keçər” dediyini yazır, bu xəbər təkzib olunmur.

****

Xalidə Edib 4 yanvar 1964-cü ildə İstanbulda, 80 yaşında dünyasını dəyişib, o vaxta qədər tanınmış siyasətçilərdən yalnız Rza Nurun dəfn edildiyi Mərkəzəfəndi Məzarlıında basdırılıb.


P.S.

“Gecə ən qaranlıq və əbədi göründüyü zaman gün işığı ən yaxındadır” – Xalidə Edib Adıvar.

Ana səhifəMənim FikrimcəAtatürkə qarşı çıxan ilk qadın siyasətçi – Xalidə Edib