AXCP sədrinin müşaviri Məmməd İbrahim həbsdən azad edilib. Ona atasının yas mərasimində iştiraka görə 1 günlük azadlıq verilib. Onun sözlərinə görə, atasının yasına çatmaq üçün 7 gün azadlıqdan imtina edib:
“Bazar günü olduğu üçün Penitensiar Xidmətdə, Ədliyyə Nazirliyində heç kim yox idi. Birinci gün də dedilər ki, 7 gün müddətinə buraxılmaq üçün sənədləşdirmə işini gözləsən, yenə də bir gün gecikəcəksən. Bu günə çatdırmaq üçün 1 sutka müddətinə səni azad edə bilərik. Dəfndə iştirak edə bilmədim, 3 mərasimində iştirak etmək üçün bununla razılaşdım.”
Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Onun dəfndə iştirakına icazə verilməyib.
M. İbrahim 2015-ci ilin sentyabrın 29-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.