Atası tərəfindən fiziki zorakılıq görən azyaşlı sığınacağa yerləşdirildi

Kəmalə Ağazadə ehtimal edir ki, bu, uşağın fiziki zorakılığa məruz qaldığı ilk hadisə deyil

Source:


9 yaşlı oğlunu döyməkdə şübhəli bilinən ata ilə bağlı araşdırma başlanıb

Atası tərəfindən fiziki zorakılığa məruz qaldığı deyilən 9 yaşlı Z.A anası ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Hadisə barədə Meydan TV-yə uşağın yaxınları məlumat veriblər. Onların sözlərinə görə, faktı azyaşlının təhsil aldığı Yasamal rayonundakı 158 saylı orta məktəbdə fəaliyyət göstərən ASAN könüllülər aşkarlayıblar. Onlar Z.A-nın axsaması barədə məktəb direktoruna məlumat veriblər. Məktəb direktoru dərhal ərazi polisini məlumatlandırıb.

İlkin araşdırma zamanı məlum olub ki, azyaşlı ötən həftənin cümə günü, aprelin 12-də atası tərəfindən döyülüb. Uşaq 1 saylı Mərkəzi Klinik Xəstəxanasına aparılıb, müayinələrdən keçirilib.

“Elinanın ölümündən sonra məktəblərdə uşaqlara diqqət artıb. Uşaqla birgə direktor, müavini, psixoloq da xəstəxanaya gediblər, uşağın müayinəsində yaxından iştirak ediblər,” – deyə məktəbin adının açıqlanmasını istəməyən müəllimlərindən biri deyib.

Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də təsdiqləyib. O, hazırda azyaşlının anası ilə birgə sığınacaqda olduğunu deyib:

“9 yaşlı oğlandır, atası tərəfindən fiziki zorakılığa məruz qalıb. Hardasa 2 saat əvvəl sığınacağa yerləşdiriliblər. Hadisəyə operativ reaksiya verilib. Dərhal Yasamal Rayon Polis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın nümayəndələri gəliblər, xəstəxanada uşağın tibbi ekspertizası aparılıb, müayinələrdən keçirilib. Ondan sonra uşağın və anasının təhlükəsizliyinin təmin olunması məqsədilə bizim sığınacağa yerləşdiriliblər”.

Kəmalə Ağazadə ehtimal edir ki, bu, uşağın fiziki zorakılığa məruz qaldığı ilk hadisə deyil:

“Dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu ilk hadisə deyil. Çünki uşaqla danışanda hiss etdim ki, onda çox qəribə bir qorxu var”.

Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, atanın məsuliyyətə cəlb olunacağı bildirilir.

“Ümid edirik ki, ana şikayətini geri götürməyəcək. Hətta götürsə belə, bu, faktı dəyişmir, ata əməlinə görə qanun qarşısında cavab verməlidir,” – deyə Kəamlə Ağazadə bildirib.

Aprelin 4-də Səbail rayonu ərazisindəki 162 saylı məktəbin şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən atıb. Yeniyetmənin ölüm səbəbi ictimaiyyətdə geniş rezonans doğurub. Hadisə ilə bağlı cinayət işi başlanıb, məktəbin direktoru, direktor müavini və psixoloq işdən uzaqlaşdırılıb. Bundan sonra məktəbdə və ailədə baş verən zorakılıq faktları ilə bağlı məlumatlar işıq üzü görməyə başlayıb. Artıq bir neçə şəxs bu barədə sosial şəbəkələrdə paylaşımlar edir, mətbuat vasitəsilə hadisələri yayımlayırlar. Təhsil üzrə ekspertlər hesab edirlər ki, bu sahədə köklü islahatlara ehtiyac var.

Ana səhifəXəbərlərAtası tərəfindən fiziki zorakılıq görən azyaşlı sığınacağa yerləşdirildi