Atası: Fuad Əhmədlinin səhhətində problemlər var

“Qapalı şəraitdə saxlanıldıqda durumu daha da pisləşir”

Source:


“Qapalı şəraitdə saxlanıldıqda durumu daha da pisləşir''

AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Fuad Əhmədlinin səhhətində problemlər var. Bu barədə atası Zəfər Əhmədli məlumat verərək bildirib ki, xüsusən havada olmayanda, qapalı şəraitdə saxlanılanda onun durumu pisləşir.

“Fuad iki dəfə pnevmotoraksdan (döş qәfәsinin vә ya ağ ciyәrin travmasıyla bronx budaqlarından birinin zәdәlәnmәsi nәticәsindә plevral boşluqda döş qәfәsinin divarı vә ağ ciyәr arasında havanın әmәlә gәlmәsi) əməliyyat olunub. Ürək və ağciyər problemi olanların durumu qapalı şəraitdə daha da pisləşir. Fuadın vaxtından əvvəl buraxılması barədə şikayətilə əlaqədar iş apelyasiya məhkəməsində olanda onu da bir müddətlik Kürdəxanı təcridxanasına köçürmüşdülər. Cəzaçəkmə müəssisəsindən fərqli olaraq, istintaq təcridxanasında şərait qapalıdır. Ona görə orada durumu pisləşmişdi”, – deyə Z.Əhmədli Meydan TV-yə bildirib.

Atasının sözlərinə görə, Fuad hazırda 16 saylı cəzaçəkmə müəssisəsində həkim nəzarətində saxlanılır, ona mümkün olan həddə tibbi yardım göstərilir: “Müəssisədə yaxşı həkim də var. Deyib ki, ehtiyac olsa, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərəcəklər. Amma hələ ki, ehtiyac duymurlar”.

F.Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. Ona dörd il həbs cəzası kəsilib. Öncə cəbhəçi fəal Fətullah Gülənin tərəfdarı kimi qələmə verilib, evindən onun dini baxışlarına aid kitablar, disklər tapıldığı iddia olunsa da, sonradan Fuada operator işlədiyi “Azefon” şirkətində (Nar Mobile) müştərilərə aid məlumatları yaymaq ittihamı irəli sürüldü.

F.Əhmədli özünü təqsirli bilmir, siyasi fəaliyyətinə görə sifarişlə cəzalandırıldığını deyir.

Ana səhifəXəbərlərAtası: Fuad Əhmədlinin səhhətində problemlər var