Nəcmin Kamil: “Önəmli olan qorxu hissinin vicdani hissləri ötüb keçməsinə icazə verməməkdir”
Xeyli müddətdir həbsdə olan “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri
İntiqam Əliyev
dən yeni bir xəbər yoxdur. İntiqam Əliyevin vəziyyətini hüquq müdafiəçisinin oğlu Nəcmin Kamildən öyrənməyə çalışdıq.
–
Nəcmin, çoxdandır atanız İntiqam Əliyevdən xəbər yoxdur. Necədir vəziyyəti? Nə xəbər var? Səhhəti necədir?
-Y
axşı olduğunu deyə bilmərəm. Onun kimi insan qapalı həbsxana şəraitində yaxşı ola bilməz. Ancaq möhkəmliyini və dözümlülüyünü qoruyub saxlayır. Gümrah qalmağa çalışır. Bunun üçün idmanla məşğul olur. Ancaq hər dəfə onun yanına gedəndə gördüyümüz odur ki, səhhəti və fiziki durumu getdikcə pisləşir. Ciddi müayinəyə və onun əsasında uzunmüddətli müalicəyə ehtiyacı var. Amma bu, həbsxana şəraitində mümkün deyil. Həbsxanaya köçürüldükdən sonra bir sıra problemlərlə üzləşmişdi, bəziləri hələ də qalır. Ən vacibi isə odur ki, işlərini davam etdirə bilmir. Bu, onu həm çox məyus edir, həm də həbsxanada keçən günlərini daha da çətinləşdirir.
– İntiqam Əliyevlə bağlı mediada çox az yazılar gedir. Sanki hər kəs bu həbslə barışıb. Sizə necə təsir edir, bu?
– Bu, mənim üçün anlaşılandır. Atam ölkədə yeganə siyasi məhbus deyil və siyasi məhbus problemi də ölkədə yeganə problem deyil. Hərənin özünə görə kifayət qədər dərdi var. Həm də ölkədə qorxu mühiti o qədər genişlənib ki, bəzən insanlar siyasi məhbuslara dəstəklərini ifadə etməyə belə çəkinirlər. Hər media qurumuna da bu mövzuda yazmağa icazə verilmir. Ancaq razılaşmıram ki, insanlar bununla barışıb. Sadəcə, hakimiyyət repressiyaların həcmini o qədər artırıb ki, həbslər, təzyiqlər və s. artıq adiləşib. Bütün bunlara baxmayaraq, dəstək olanlar da çoxdur. Onu hər zaman dəstəkləyən, hər zaman onun haqqında düşünən və danışan geniş çevrəsi var. Həbsindən sonra bir sıra nüfuzlu mükafatlara layiq görülüb və inanıram ki, həbsdə qaldığı müddətdə onun işinə istər yerli, istərsə də beynəlxalq diqqət davamlı olacaq.
– Siz necə, İntiqam bəyin həbsdə olması ilə barışa bilmisinizmi?
– Təkcə atamın yox, ölkədə hər hansı bir şəxsin ədalətsiz həbs olunması ilə barışa bilmərəm. Siyasi məhbusların azad olunması üçün bir vətəndaş kimi əlimdən nə gəlirsə, etməyə çalışıram.
–
Ailənizin başçısı – atanız həbsdədir. Ailənizin yanında deyil. Hansı çətinlikləriniz var?
– Təbii ki, çətinliklər olur. Ancaq o, ailəsi olaraq bizi bütün bunlara hazırlamışdı. Önəmli olan bu çətin günlərdə bizim onun yanında olmağımızdı. Mən bilirəm ki, ailəsinin daim yanında olduğunu görməsi, onu ən ağır şəraitdə belə möhkəm saxlayır. Və onu möhkəm olduğunu biləndə, biz də bu çətinliklərin öhdəsindən gələ bilirik.
Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir. O, yorulmadan insanların hüquqlarını müdafiə edirdi, yeni nəsil hüquqşünaslar yetişdirirdi, ölkədə baş verən pozuntuları beynəlxalq səviyyədə qaldırırdı. Yəni onun və həmkarlarının həbsi həm də cəmiyyəti bütün bunlardan məhrum edib.
– Atanızın həbsindən ötən bu bir neçə ay sizə nəyi göstərdi, nəyi öyrətdi və nələrdən dərs götürdünüz?
– Atamın həbsi dövründə, xüsusilə istintaq və məhkəmələr ərzində öyrəndim ki, insanın istənilən təhdidə, cəzaya baxmayaraq, haqsızlıq önündə əyilməməsi, sınmaması mümkündür. Önəmli olan qorxu hissinin vicdani hissləri ötüb keçməsinə icazə verməməkdir.
–
Kimlərəsə deyəcək hər hansı bir sözünüz varmı?
– Maraqlanan, dəstək olan hər kəsə həm atam, həm də ailəmiz adından təşəkkürlərimizi çatdırıram. Bu dəstəyin davamlı olması ona görə çox vacibdir ki, siyasi məhbuslar özlərinə çatdırılan hər dəstək mesajını və aktını görəndə, hiss edəndə bu onların mübarizə əzmini daha da artırır, daha da möhkəm edir. Unutmaq olmaz ki, bizim azadlıqlarımız uğrunda öz azadlığını itirmiş hər bir şəxsə dəstək olmaq bizim börcumuzdur.
Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunan hüquq müdafiəçisi İntiqam Əliyev ötən ilin avqust ayında həbs edilib.