Axırıncı məhkəmə prosesində dövlət ittihamçısı İntiqam Əliyevə 10 il həbs cəzası istədi.
10 ilin nə olduğunu bilirsinizmi?!
Bilə bilmərik, bunu ən yaxşı ömrünün böyük bir hissəsini həbsdə keçirmiş “həbsxana şairi” Nazim Hikmət izah edə bilər:
Ben içeri düştüğümden beri güneşin etrafında on kere döndü dünya
Ona sorarsanız: ´Lafı bile edilemez, mikroskopik bi zaman…´
Bana sorarsanız: ´On senesi ömrümün…´
Bir kurşun kalemimvardi, ben içeri düştügüm sene
Bir haftada yaza yaza tükeniverdi
Ona sorarsaniz: ´Bütün bi hayat…´
Bana sorarsanız: ´Adam sende bi hafta…´
Prokurorun dilindən çıxan 10 il kəlməsi onun 2-3 pillə daha yüksəlməsi üçün mikroskopik bir zamandır, bizim üçünsə bütöv bir ömür. 10 ildə nə qədər ümidin, arzunun, kədərin, intizarın, itkinin, iztirabın olduğunu bilirsinizmi?!
10 il bilirsinizmi nədir? Ümidsiz, çətin vəziyyətdə yaşayan, köməyə ehtiyacı olan insanların arzularının baltalanması. Bir azadlıq mücahidinin 200 il qabaq məhkəmədə dediyi kimi, “bu artıq mənim mübarizəm deyil, mənim əqidəmi müəyyən edən öz şəxsi mənafeyim deyil, milyonların mənafeyidir”. Bu on il, həm də, həmin milyonların umidlərinin yarımçıq qalmasıdır.
Bir hüquqşünasın, hüquq müdafiəçisinin, bəşəri dəyərlər uğrunda mübarizə aparan birinin ömründən 10 il çalınması, bilirsinizmi, nə deməkdir?!
İki gənc övladı olan bir ailə başçısının, atanın 10 il həbsdə yata biləcəyi ehtimalı bilirinizmi nədir?!10 il bundan qabaq mənim 13 yaşım vardı, indi 23 yaşım var, 10 ildən sonra isə 33 yaşım olacaq, bəlkə uşaqlarım da olacaq. Bu o deməkdir ki, həyatımızın ən gözəl anlarında o yanımızda olmayacaq. Bu o deməkdir ki, biz on il səhər oyanandan atamıza “sabahın xeyir, ata” deməyəcək, onunla bir süfrə başında oturmayacağıq. Bayramlarımız, əlamətdar günlərimizdə gözlərimi həbsxanaya tərəf dikiləcək, sevinclərimiz yarımçır olacaq. Biz divarın bu tayında olacağıq, o isə siqaret tüstüsündən divarlarının rəngi bozarmış, gün işığına həsrət kiçik bir hücrədə olacaq.
Pis ekologiyadan, qidadan, dərdlərdən, problemlərdən orta ömür həddi 50-60 il olan bir ölkədə 53 yaşlı insanın ömründən 10 iloğurlmaq, bilirsinizmi,nədir?!
Onlar bunu hiss edə bilməz, onlar bunu başa düşə bilməz çünki hiss etmə duyğularını çoxdan itiriblər.
Prokuror çıxışında söylədi ki, mən mühasibin üzünə baxan kimi, başa düşdüm ki, o “saxtakarlıq edə bilməz”. Bəs İntiqam Əliyevin üzünə necə baxdınız? Dilinizdən sözlər dürr kimi töküləndə, 10 il həbs cəzası istəyəndə onun üzünə baxa bildinizmi?!
Sədi Şirazi yaxşı deyib:
İşığa çatmaq üçün can atsan pərvanətək,
Səni yandırsalar da, səsin çıxmasın gərək.
10 il yox, lap 20 il də istəsəniz, İntiqam Əliyev üçün dəyişən heç nə olmayacaq. O sizdən fərqli olaraq, həbsdə də azad olacaq.