Atam Yaqublu Tofiq Rəşid oğlu, jurnalist və Müsavat Partiyasının başqan müavinidir. O, 2013-cü ilin fevral ayının 4-de REAL hərəkatının sədri İlqar Məmmədovla birlikdə həbs edilib. Həmin ilin yanvar ayının 23-də İsmayıllı rayonunda İcra başçısı Nizami Ələkbərovun qardaşı oğlunun özbaşnalığına görə yerli camaatla qarşıdurma baş vermişdi. Yanvar ayının 24-də hadisə yerinə jurnalist kimi gedən atam sonradan həmin hadisənin təşkilatçısı kimi CM 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində həbs edilib.
Şəki Ağır Cinayətlər məhkəməsi atam barədə 2014-cü ilin mart ayının 17-də hökm çıxarıb. O, 5 il azadlıqdan məhrum edilib. İndi atam Bakı şəhəri, Qaradağ Rayonunun, Puta qəsəbəsində yerləşən 13 sayli cəzaçəkmə müəssəsində saxlanılır. Həbsxana şaraiti olduqca bərbaddır. Sovet dövründən qalan həbsxana sanki insanları azadlıqdan məhrum etmək üçün deyil, insanlıqdan məhrum etmək üçündür. Atamla digər siyasi məhbusları (Anar Məmmədli, Əli İnsanov, Abdül Əbilov, İlkin Rüstəmzadə, Pərviz Həşimli) əlavə cəza vermək üçün məxsusi o həbsxanada saxlayırlar. Həbsxana das karxanaları ilə əhatə olunub. Bir az külək olan kimi orada göz-gözü görmür. Bu şərait ciddi xəstəlik mənbəyidir. Həbsxanadakı məhbusların yarsısından çoxu vərəm xəstəsidir. Bütün günü mehbuslar bir-biri ilə təmasda olur. Bu isə onların asanlıqla vərəm xəstəliyinə tutulma təhlükəsi yaradır.
Həbsxananın daxili rejim qaydaları isə insan şəxsiyyətini alçatmağa yönəlikdir. Məhbuslar havaların necə olmasından asılı olmayaraq müəyyən saatlarda həbsxananın həyətində qalmalıdırlar. Ən şaxtalı qış aylarında da, ən isti yay aylarında da. Həbsxananın tibb bölməsi isə demek olar ki, məhbuslara yardım göstərmir.
Atam astma xəstəsidir. Lazımı dermanları ona ancaq biz alıb aparırıq.
İndi Bakıda I Avropa Oyunları keçirilir. Bu oyunların baykot edilməsi təklifi ilk olaraq atamdan gəlib. Hələ Avropa Oyunlarının Bakıda keçiriləcəyi barədə məlumat gederkən, atam oyunların baykot edilməsi təklifini səsləndirmişdi. Bu təklif dəfələrlə mətbuatda dərc olundu. Mənsub olduğu Müsavat Partiyası bu oyunları boykot bəyanatı verməsi ilə bu təklifin doğru olduğunu təsdiqlədi.
Biz istərdik ki, avropalı oyunçular bu yarışmaya qatılmasınlar. Ən azından, bu ölkədəki insan haqlarının və demokratiyanın durumuna görə. Bu oyunların keçirilməsi üçün büdcədən nə qədər vəsait xərclənib və mənimsənilib. Xalqın pulunu mənimsədikləri azmış kimi, hələ qalan xərcləri bu və ya digər formada xalqın cibindən çıxdılar. Oyunların boykot edilməsi üçün bir çox Avropa ölkələrinin Bakıdakı rəsmiləri ilə görüşlər keçirdik. Onların əksəriyyəti bizimlə razı idi, ancaq həmin ölkələrdə İdman komitələri müstəqil olduğundan, onların müdaxilə etmək hüququ yox idi. Onlar ancaq tövsiyyə edə biləcəklərini bildirdilər.
Düzdür, bir çox ölkələr oyunların açılışına gəlmədilər. Mənim fikrimcə, əgər onlar bu açılışa gəlib, bu haqsızlığa göz yumub insan haqlarının tapdanmasını alqışlayacaqdılarsa, bu o zaman iqtidara dəstək olardı.
Avropa İnsan haqlarının ve demokratiyanın beşiyi olduğu üçün, belə bir ölkədə, Qərb dəyərlərinə sahib çıxdığına və müdafiə etdiyinə görə həbs edilən siyasi məhbuslara görə bu oyunları boykot etməli idi.
Məncə beynəlxalq cəmiyyət Azərbaycandakı ictimai-siyasi vəziyyəti çox yaxşı bilir. Bu iqtidarla yumşaq dillə danışmaq yox, konkret tələblər qoyub əməl etmələrinə nəzarət edilməlidir. Azərbaycan bir çox Avropa təşkilatlarının üzvüdür. Bu təşkilatlara üzv olan zaman müəyyən öhdəliklər götürürb. O öhdəliklər ki. demokratik idarəetmənin təməl prinsipləridir. Azərbaycan isə bu prinsiplərə nəinki əməl edir, hətta Qərbdən gələn tələblərə əhəmiyyət belə vermir.
Əgər demokratik Qərb Azərbaycana qarşı sanksiya tətbiq etsə, iqtidarı geri çəkilməyə məcbur edə bilər.
İnanmıram ki, Avropa Oyunları Azərbaycana hər hansı müsbət dəyişikliklər gətirə bilər. Əksinə, bu oyunlar Əliyevlər hakimiyyətinin necə korrupsioner ve despot mahiyyətini ortaya çıxardı. Avropalılara yaxşı görünmək üçün əllərindən gələni etsələr də, AŞPA-da Azərbaycanla bağlı qəbul edilən qətnamə Avropanın bu haqsızlığa göz yummadığının əyanı sübutu oldu.
O ki qaldı mənə, bu oyunlar insan haqlarının pozulduğu, demokratiyanın olmadığı, azad fikrə görə insanların şərlənərək həbs edildiyi ölkədə keçirildiyi üçün mən bu oyunları izləmirəm.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.