Atalar və biz

O gün başladı içimdəki qırıqlıq…

Source:

Atamla ilk mübahisəm 3 yaşımda olmuşdu. İndi də yadıma gəlir. Yay idi. Uşaqlığımın keçdiyi o hündür kürsülü kənd evinin boyası tökülmüş geniş qonaq otağında oturmuşdum. Qonaqlarımız da var idi. Onlar həmin adamlardan idilər ki, atalarımız onların yanında bizi kimlərəsə söydürür, sonra da hamısı bir yerdə qəşş edib, gülürlər. Növbə ilə hamını söyürük, növbə ilə bütün meymunluqları edirik. Onlar da balaca kişiyə ləzzətlə tamaşa edirlər, sonra da çöldə-bayırda “Filankəsin oğlu, allah saxlamış, çox  diribaş uşaqdır” deyirlər.

Həmin vaxtı otaqda nə etdiyim yadımda deyil. Atam qəflətən mənə “anan tərəfi çox istəyirsən, ya mənimkiləri?” klassik sualını verdi. Gözləri parıldayırdı, özündən əmin şəkildə kresloya yayxanıb, cavabı gözləməyə, daha doğrusu, gözlədiyi cavabı eşitməyə hazırlaşdı. Amma cavab özünü çox gözlətmədi, o isə bu cavabı heç cür gözləmirdi. Əvvəlcə qonaqların üzünə ürkək nəzərlərlə baxdım, deyəcəyim cavabdan sonra onlardan kömək gözləyirdim. Sonra sakitcə başımı aşağı salıb “anam tərəfi” deyə mızıldandım.

Atam bundan xeyli narazı qaldı. Elə bil, qurbağa gönünə daş atdılar. Amma iş belə qurtara bilməzdi. Kişilik qürurunu 3 yaşlı oğlu beş qəpiklik etmişdi. Paltarımın kürək hissəsindən yapışıb açıq pəncərədən aşağı salladı, sualı təkrar etdi. Qorxumdan “səninkiləri” dedim. Və atamla aramdakı ilk çat məhz o an yarandı. Məni, 3 yaşlı uşağı pəncərədən sallayıb atmaqla təhdid edən biri günün birində bunu edə bilərdi.

Sonra 4 yaşım olanda atam həbs olundu. Onun qolundakı qandallar və iki qolundan yapışmış polislər mənim “məğlubedilməz ata” obrazımın üstündən xətt çəkdi. Bəlkə də, buna şükr etməliyəm. Çünki mən atamı bu olanlardan sonra heç vaxt ideal saymamışam, özümü ona bənzətməyə çalışmamışam. 7 illik atasızlığın fəsadları ağır oldu, ancaq atasız qalmaq mənə özüm olmağa kömək etdi. Həyatda əvvəlkini təkrarlayan bir fərd yox, səhvləriylə, doğrularıyla özü özünü tərbiyə etmiş bir insan yetişdi.

Atam artıq həbsdən çıxanda üstümdəki təsiri ancaq ata olduğuna görə idi. Təbii ki, hər bir azərbaycanlı valideyn kimi mənim atam da bir ay qabağa qədər həyatımın hər nöqtəsinə nəzarət etməyə çalışırdı. O, mənə azadlıq verirdi, ancaq bu azadlığı o verirdi və hər danışığımızda hiss etdirirdi. “Təbii ki, mənim xoşuma gəlir səninlə müzakirə etmək. Sənə bu cür azadlıq verməyim çox yaxşıdır. Ancaq heç vaxt məndən çox şey bilə bilməzsən. Mən həbsxanada 3 min nəfərlə bir yerdə yaşamışam…” Və ardınca ordakı həyatdan, təcrübələrindən danışırdı. İsbat edə bilmədikcə, coşurdu.

Mən isə niyəsə onu həmişə hirsləndirməyə çalışmışam. Çünki mənim valideynim Turgenevin “Atalar və oğullar”ındakı atalar deyil, Maksim Qorkinin “Ana”sındakı oğluna dayaq olan qəhrəman valideyn deyil. Mənim atam maşının rulunun ortasına cənabın şəklini yapışdıran, cənabı “böyük qardaşı” adlandıran adamdır. İlk vaxtlar odlu-alovlu danışdığım olub, onu hər vəchlə inandırmağa çalmışam. Statistikalar, müqayisələr, paradokslar, sübutlar göydə uçuşub. Ancaq çifayda. Hər dəfə eyni sözləri eşitmişəm: “9 milyon oldu ağılsız, bizimki ağıllı çıxdı”. Bəlkə də qorxub. Ki, mənə içindəkiləri desə, yolumu “aza bilərəm”, idarə olunmaz hala gələ bilərəm. Mənə görə qorxub. Belə düşünürdüm. Sonra onun başa düşmədiyini gördüm.

Qırxını keçən azərbaycanlı ataya çətin ki, nəyisə başa salmaq mümkün olsun. Mənim atam intelligent deyil. Heç 2 universitet bitirsə də, intelligent olmazdı. Zatən SSRİ vaxtı universitetlərdə təhsil sosializm, kommunizm, sovxoz-kolxozdan başqa bir şey deyildi. Bu, ayrı bir məsələ. Mənim atam gerontokratik cəmiyyətin ən bariz fərdidir. Ağlı yaşla ölçən. Çünki onlar bədii ədəbiyyatdan, təsəvvürlərdən, həyatın qanyarlığından uzaq qalıblar. Onlar həyatı qocaldıqca öyrənməyə çalışıblar və əksəriyyət vaxtı səhv nəticələr çıxarıblar. Çünki onlar təcrübələrdən, öz böyüklərinin istədiyi nəticələri çıxarıblar. Onlar həyatı böyüklərdən öyrəniblər. Və indi onlar bizə bunu tətbiq etmək istəyirlər.

Bloq yazısı yazmağımı uzun müddət atam bilmədi. Bilirdi ki, bir vaxtlar – nə vaxtsa “92-93-də onların çölə çıxa bilməmə səbəbi olan müxalifətə” qoşulmuşam. Amma bilmirdi ki, mən bu qədər irəli getmişəm, onun təbirincə desəm “qudurmuşam”. Yoxsa məni övladlıqdan silərdi. Bu ifadə də ona məxsusdur.

Ata köhnəliyə meyl edə bilər. Bu onun şüuraltından gəlir. Ancaq bir də qardaş vaxtından tez qocalmağa qərar verirsə… Onda adam tikanlı məftillə əhatə olunmuş kimi olur. Qardaşımın savad və düşücəsinə heç vaxt şübhə etməmişəm.

Heç başqaları da etməyb. Ancaq o, köhnə müxalifətçilərdən bəzilərinin yaşadığı o mənhus taleyi yaşadı. Maddiyat və rahatlıq mübarizə eşqinə güc gəldi, “ağıllandı”. 250 manat maaşa azadlıq eşqini qurban verdi. Bəlkə də, bu eşq onda bir həvəs kimi yaranmışdı, bəlkə də azadlığın bir heç olduğunu ata-babaları kimi yaşının bu çağında dərk etdi və qatı müxalif olan bu beyinli insan beynini bir kənara tulladı və məmurluq işinin ilk pilləsinə qədəm basdı. Çünki bu işdə ona beyin və vicdandan daha çox susmaq və itaət etmək lazımdır.

Ancaq köhnə adətdənmi, ya darıxmaqdanmı, o hələ də müxalif saytları oxuyur. Ancaq paylaşmır. O, indi mənim üçün əsl müəmmadır, 5-ci kolon kimi bir şeydir. Qardaşımın axır vaxtlar ən çox işlətdiyi ifadə “bu yoldan dönməsən, səni qardaşlıqdan siləcəm”dir. Anam da onun sözlərini təsdiq edirdi. “Sil, oğlum, sil. Bu uşaq hamımızı zibilə salacaq. Anasına da yazığı gəlmir. Mən bu qədər əziyyət çəkdim, uşaq böyütdüm, indi məni fikirləşmir.” və s və i.

Bu yaxınlarda saytlardan birinə bir yazı yazmışdım. Həmin başıbəlalı yazını qardaşım oxuyubmuş. O hadisədən sonra məndə belə bir fikir yaranıb ki, qardaşım satılmış müxalifətçi rolunu oynayır. O, hər şeyi oxuyur, amma ki, xəbər tutmaq üçün, rəqibi daha yaxşı anlamaq üçün, hərəkətlərindən xəbər tutmaq üçün.

Həmin gün dostlarımla oturub pivələyirdik. Getməyimə bir gün qalmışdı. Sabah mən hamıdan çox uzaqda bir yerdə olacaqdım. Qardaşım zəng etməyə başladı. Götürmədim. Çünki xeyrə əlamət olmadığını bilirdim. Evdən çıxanda atam yenə mənə nəsihət vermişdi. Yenə qarşısında gözləriylə də olsa, tabe olmayan övlad görmüşdü. İşləmək, pulu evə göndərmək, evdən mənə qız seçmələri, göndərdiyim pullarla seçiləcək qıza cehiz almaq, başını aşağı salıb bir tikə çörəyini qazanmaq…

Bakıya getmək istədiyimi, onların yanında rahat ola bilmədiyimi dedim. Yenidən eyni məsləhətlər, acıqlanmalar, hiddətlənmə və qəmginləşmələr. Bu elə bir şeydir ki, bir dəfə məğlub oldunsa, acıdınsa, geri çəkildinsə, sənin məğlubiyyətlərinin sayı-hesabı olmayacaq. Onlar sənin zəif yerini biləcəklər. Ağzı qana batan canavar kimi, hər dəfə eyni yerdən qanını içmək istəyəcəklər. Deyəsən, uzaqlara getməyimə az qalmışdı deyə cəsarətli oldum, çoxdandır etmədiyim inadkarlığı etdim. Həm də meydan oxuyurmuşcasına. Yəni ki, mən Bakıya getmək üçün sizdən icazə istəmirəm. Sadəcə, xəbərdar edirəm. Naəlac razılaşdılar.

Amma dedi ki, sən çətin tərbiyə olunan uşaqsan. Sənə borcum olduğuna görə baxıram. Dedi və bir daha yaraladı. Sistem bəlkə də ona görə vacibdir ki, hər kəsin bizə iç üzünü açıb göstərir. Çətin şəraitdir, insanlar çörəklə sınağa çəkilir, cəmiyyətin hər bir üzvü çörək uğrunda mübarizədədir, böyük əksəriyyət ehtiyaclar iyerarxiyasının yemək mərhələsində saxlanılır. Onların yadına musiqi düşmür, onlar azadlığın xoş varlığından xəbərsizdirlər. Xəbərlər daim tirajlanır. Almaniya çökür, Fransada liftlər işləmir,  İsveçrədə başqa ölkə vətəndaşlarına nifrət püskürdülür. Ardınca bizim ölkə. Davamlı tikintilər, kəsilən qırmızı lentlər, gözqamaşdırıcı binalar…

Hər kəs ümid edir. Ki, onun qarnı ac ola bilər, amma ölkədə güclü inkişaf var və bir gün o da bu inkişafdan nəsibini alacaq. Atam da belə düşünür. Zatən xəbərlərin çatdırılma məqsədi də məhz budur. İnsanların ehtiyaclar iyerarxiyasının digər yuxarı pillələrindən xəbəri yoxdur. Ən aşağıdakı bir tikə çörək ehtiyacı da tam ödənmədiyinə görə, bu cür nağılların daima deyilməsi məqsədlidir. Sistemin mahiyyəti həm də tərkibindəki insanların mahiyyətini də ortaya qoyur. Sanki sınaqdır. İsrafil öz surunu çalıb, artıq ana balayan yaxın durmaq istəmir. Vəziyyət getdikcə o həddə çatır.

Çölə çıxanda atam da davamlı zəng etməyə başlamışdı. On iki zəngdən sonra telefonu açdım, əvəzində atam məni 5 dəqiqə dayanmadan söydü. Qulaqlarımın ara-sıra eşitdiyi söyüşlərə bu dəfə dil sakit dayanmadı. “Səni övladlıqdan silərəm, ay oğraş. Sən məni həbs etdirmək istəyirsən? Ay tülkü! Sənin kimi övladım yoxdur mənim!” Sakit səslə “mənim də sənin kimi atam yoxdur” dedim. Çünki ata özünü düşünürdü. Qardaş özünü düşünürdü. Ana da özünü düşünürdü. İmtahan günüydü. Hər kəs günahkar elan olunacaq adamı daşlamağa hazır idi.

Ata, ana və qardaş. Təki onlara heç nə olmasın, onlar daşlanmasın. Ümumiyyətlə, mənim üçün qan bağı çox şey ifadə etmir. İnsan valideynlərini özü seçə bilmir. Buna görə də valideynlər bizim dostumuz olduğu zaman bizim üçün əziz olmalıdırlar. Sənin həyatına müdaxilə edən, arzularına tüpürən, öz uduzmuşluğunu səninlə mübarizədə qalibiyyətə çevirmək istəyən valideyn bizi kor yoxuşa aparacaq, özləri kimi qabiliyyətsiz və qorxaq nəsil yetişdirəcəklər. Belə olsa, yenidən cəmiyyəti dazlaşmağıyla fəxr edən, içki içməməyi, siqaret çəkməməyi ən ali dəyər hesab edən,  iyirmi beşində 50 yaşını yaşayan gənclərlə dolub daşacaq. Bizim valideynlərimiz “atalar” olmayacaq, “ana” olmayacaq. Onlar övladlarını başa düşməyəcəklər.

Maksim Qorkinin Anası başa düşmürdü, ancaq oğluna inanırdı. Bizim analar bizi başa da düşməyəcək, inanmayacaq da. Vacib olan çörəkdir. Onlar düşünür ki, bu çörəyi ancaq başını aşağı salıb işləməklə qazanmaq olar. Başqa cür isə sadəcə mümkün deyil və hətta buna görə bütün nəsil əziyyət çəkə bilər. Bizim atalarımız Turgenevin ataları da olmayacaq. Onlar övladlarının onlardan daha irəlidə, yenilikçi, cəsarətli olduqlarını qəbul etməyəcəklər, onlar heç vaxt övladlarını qalib görmək istəməyəcəklər. Onların qəlbi məğlub edilmiş, ram edilmiş qəlbdir. Gənclik ehtirasını, çılğınlığını içində boğmuş ata övladının cəsarətinə tab gətirə bilməz.

Mən həmin gündən etibarən bütov ailəmdən imtina etmişəm. Mənim ailəm üzvü olduğum təşkilat, eyni yolda addımladığım əqidə yoldaşlarımdır.  Qoy, lap onlar məni nə vaxtsa yarıyolda qoysun, ancaq mən özümə inanıram. Qoy, nə vaxtsa mən özüm də bu işlərdən çəkilim, sakitcə susub həyatımı yaşayım. Amma qoy bu mənim öz həyatım, öz arzularım, öz istəklərim olsun. Mən həyatı yaşayaraq öyrənmək istəyirəm. Məğlub edilmiş insanların təlqiniylə yox.

Ana səhifəMənim FikrimcəAtalar və biz