Ata: Övladım həkim səhlənkarlığından ”cəhənnəm əzabı” yaşayır

“Övladım burun-boğaz əməliyyatından sonra “cəhənnəm əzabı” yaşayır”

Source:
Nihad Bağırzadə bu fotonu əməliyyatdan öncə çəkdirib
Nihad Bağırzadə bu fotonu əməliyyatdan öncə çəkdirib

8 yaşlı Nihad Bağırzadə iki il əvvəl keçirdiyi boğaz əməliyyatından sonra udlaq daralması səbəbindən nəfəs alma və qidalanmada çətinlik yaşayır.

Bunun səbəbi onun əməliyyatını keçirən “həkimin səhlənkarlığı” olub, onun atası Rəşad Bağırov

BBC Azərbaycanca

ya deyib.

“Uşaqda dilçək yoxdur, təmiz yanıb yapışıb hamısı yuxarı. Yandığından və günü-gündən toxumalar funksiyasını itirdiyindən udlaqda daralma yaranıb. Udlaq da tam daralanda xəstə dünyasını dəyişir”, – cənab Bağırov deyir. “Oğlum 2014-cü il əməliyyat olunandan cəhənnəm əzabında dolana-dolana dururuq”, o əlavə edir.

Əməliyyatı aparan həkim Qənbər Qocayev hesab edir ki, əməliyyat “normal keçib” və bunu təsdiq edəcək “ekspertiza rəyləri də var”.

Əməliyyatın aparıldığı Diaqnoz Tibb Mərkəzi, özəl tibb müəssisəsinin baş həkimi Ələddin Cabbarov isə iddia edir ki, ailə “uşağın problemini özlərinin gəlir mənbəyinə çevirmək və müəssisədən pul almaq istəyir” və bu məsələlərə apellyasiya məhkəməsində aydınlıq gətiriləcəyinə inanır.

Cəhənnəm əzabı

Ata, Rəşad Bağırov deyir ki, 2014-cü ildə oğlunun başına gələn əhvalat onlar üçün “gözlənilməz” olub. Uşaqlarını sadəcə müayinə etdirmək üçün “qohumu, Ələddin Cabbarovun baş həkim kimi çalışdığı” özəl tibb müəssisəsinə üz tutduğunu deyən ata, 3 yaşlı qızına və 6 yaşlı oğluna adenoid 3-cü dərəcə (boğaz ətinin kəskin iltihablaşması) diaqnozu qoyulduğunu deyir.

Onun sözlərinə görə, həkim və baş həkim valideynləri “qorxudublar” ki, uşaqlar “təcili əməliyyat olunmasa ürəkdə qüsur verəcək”.

Rəşad Bağırov əlavə edir ki, maddi durumu səbəbindən yalnız oğlunun əməliyyatına razılıq verib. Əməliyyatdan sonra oğlunda “dəhşətli boyun ağrıları” müşahidə olunub, 9 gün sonra isə kəskin qanaxma baş verib.

“Nihadın ağzından, burnundan qan gəldi. Təsəvvür edin, böyük xrustal çay stəkanı qədər laxta qan qusdu Nihad. Qanın bir o qədər hissəsi də qarnına getmişdi”, ata bundan sonra oğlunu təcili əməliyyatı aparan həkim Qənbər Qocayevin yanına aparmasından danışır.

Yenidən müayinələr aparılıb müalicə yazılmasına baxmayaraq “uşağın vəziyyəti normallaşmadı” deyən ata, övladının “çətin nəfəs aldığını və yediyi qidaların burnundan qayıdıb töküldüyünü” deyir.

Əməliyyatdan 20 gün keçməsinə və uşağın səhhətinin yaxşılaşmamasına rəğmən həkimin növbəti dəfə “hər şey normaldır” deməsindən sonra valideynlər “şübhələndiklərindən” övladlarını başqa həkimə aparır. Bundan sonra vəziyyət daha da “ciddiləşir”.

“Digər həkim ona Nazofarengeal Stenoz (Udlaq Darlığı) diaqnozu qoydu. Dedilər bu, 10 min xəstədən birində yaranır və yaranmasının səbəbi də həkim səhlənkarlığıdır. Onlardan da bir- ikisi sağ qalar ya qalmaz”, ata əlavə edir ki, bu cür xəstələri əməliyyat edəcək tibbi texniki baza və personal Azərbaycanda olmadığından həkimlər ona, “təcili xaricə üz tutmağı” məsləhət görüb.

Rəşad Bağırovun dediyinə görə, əməliyyat cihazlarını Almaniyadan sifariş etməklə bu günə qədər Türkiyə həkimlərindən biri, oğlunu 3 dəfə İstanbulda, 2 dəfə isə Azərbaycanda əməliyyat edib.

“Mən ata olaraq o uşağın ağzının içə baxa bilmirəm, ürəyim partlayır. Ağız təmamilə darmadağındır. Orda daha forma qalmayıb. Səhərə qədər onun başının üstündə durub o tərəfə, bu tərəfə çeviririk ki, rahat nəfəs alsın. Uşaq bütün gecəni cəhənnəm əzabında yatır”, cənab Bağırov “45 min dollardan çox” pul xərclədiyini iddia etdiyi əməliyyatlardan sonra oğlunda sadalanan bu “əzabların” azalmasından danışır.

Nihad Bağırzadənin boğazını əməliyyat edən həkim Qənbər Qocayev BBC Azərbaycancaya deyir ki, əməliyyatın uğursuz keçməsi “yalan söhbətdir” və əməliyyatdan sonra uşaqda “heç bir problem olmayıb”.

“Ona xəbərdarlıq olunub ki, əməliyyatdan sonra bitişmə ola bilər. Böyüdükcə də o problem aradan çıxacaq. İstənilən əməliyyatdan sonra yüngül qanaxma ola bilər. Verdiyi qanaxma da özü dayanmışdı”, deyən cənab Qocayev əməliyyatdan sonra uşağın boğazında “şişmə” prosesi başladığını etiraf edir və bunun üçün valideynlərə “pulsuz əməliyyat keçirməyi təklif etməsindən” bəhs edir.

Onun sözlərinə görə, əməliyyat üçün müəssisədə “hər bir şərait” yaradılmasına baxmayaraq valideynlər təklifdən imtina edib.

Rəşad Bağırov buna cavab olaraq “Mənim uşağımı şikəst edən adama yenidən etibar edərdinizmi” deyə sual edir və baş verənlərə əsasən bu qərarı verməkdə haqlı olduğunu düşünür.

35 illik təcrübəsində “ilk dəfədir” belə bir halla qarşılaşdığını deyən həkim “onlar [uşağın valideynləri] baş həkimlə problemleri var, məni də araya salıblar” deyir.

“Ekspertiza var və orda da deyir ki, həmin bitişmə heç bir əlilliyə aparmır, hamısı aradan götürülür. Onlar yalnız bu fikirlə edirlər ki, pul alsın klinikadan, 100 min dollar pul umur”, həkim deyir.

Bezmişik

Baş həkim Ələddin Cabbarov BBC Azərbaycancaya deyir ki, bu məsələ iki ilə yaxındır müzakirə olunur və iki dəfə məhkəmə müstəvisində də baxılıb.

“Səhiyyə Nazirliyi dəfələrlə tibbi ekspertiza təyin edib və sübut olunub ki, bu məsələdə bizim həkimin heç bir günahı yoxdur. Onlar uşağın problemini özlərinin gəlir mənbəyinə çevirmək və müəssisədən pul almaq istəyir”, deyə baş həkim bu suallara cavab verməkdən artıq “bezmişik” deyir.

Baş həkim iddia edir ki, ailə “sizə qarşı anti-reklam aparacağıq” deyə onları “şantaj edir” və “hədə-qorxu” gəlir.

Səhiyyə Nazirliyinin 2016-cı ilin may ayında verdiyi 189 saylı rəydə yazılır ki, müayinə uşağın yaşına uyğun inkişaf edib və radiofrekans ilə icra olunan cərrahi müdaxilədən sonra 10-15 faiz hallarda stenoz əmələ gəlməsi halları mümkündür.

Rəydə bildirilir ki, “əməliyyatdan sonra Nihad Bağırzadədə ağızda olan Nazofaarinqeal Stenoz yaranıb. “UvuloPalato farinqoplastika” əməliyyatı nəticəsində qeyd olunan deffektlər, əsasən, aradan qaldırılmışdır.”

Ata, Rəşad Bağırovun sözlərinə görə adıçəkilən əməliyyat Türkiyədən gələn həkim tərəfindən edilib.

İndi Nihadın 8 yaşı var və atasının dediyinə görə, məktəbə gedir və baş verənləri “özü də yaxşı anlayır”.

“Bir cümlə yazanda 4 dəfə dərindən nəfəs alırdı. Yeyəndə, udanda incidirdi. İndki əməliyyatdan sonra o problemlər azalıb. Hər əməliyyatdan sonra 10 faiz də olsa irəliləyiş olur”, ata “Allah bizə bağışladı Nihadı” deyir və övladının hüquqlarını məhkəmə yolu ilə də olsa israrla müdafiə edəcəyini bildirir.



BBC Azərbaycanca

Ana səhifəXəbərlərAta: Övladım həkim səhlənkarlığından ”cəhənnəm əzabı” yaşayır