“Həkimlər deyir ki, fizioterapiyaya fasilə verilsə, ayaqda əzələlər boşalacaq, uşaq gəzə bilməyəcək”
Dörd yaşlı oğlu serebral iflic xəstəliyindən əziyyət çəkən ata kömək istəyir.
Şəki şəhər sakini Tural Rəhimli Meydan TV-yə deyir ki, üç ildir oğlunun müalicəsi üçün Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən nevropatoloqlara müraciət edib.
Dediyinə görə, uşaq düzgün müalicə olunmayıb. Nəticədə xeyli pul xərcləməli olublar. Üstəlik, həkimlərin yanlış müalicəsi nəticəsində uşaq iki dəfə qıcolma keçirib:
“Uşağın dörd yaşı var, özü sərbəst ayağa dura, gəzə bilmir. Həkimlər diplegik spastik serebral iflic diaqnozu qoyublar. Bir yaşından Şəkinin bütün xəstəxanalarında müalicə olunub. Təəssüf ki, Şəkinin həkimləri uşağı düzgün müalicə edə bilmədilər. Axırda da dedilər ki, Bakıya aparın”.
“Bakıda da uşağa saysız-hesabsız nevropatoloqlar baxdılar. Hərəsi bir cür müalicə etdi, hamısı da effektsiz oldu. Bir dəfə Şəkidə, bir dəfə də Bakıda həkimin yanlış müalicəsi ucbatından uşaq qıcolma keçirdi. Ölümdən qaytardıq. Şəki, Bakı, Ağdam, Tərtərdə həkimlərin qəbulunda olmuşuq. Nəhayət, bir həkim dedi ki, uşağı Türkiyə, yaxud da xarici ölkə həkimlərinə də göstərsən, eyni sözü deyəcəklər: uşağa fizioterapiya və reabilitasiya lazımdır”, – ata deyir.
Valideynin sözlərinə görə, oğlu iki-üç il ərzində fizioterapiya və reabilitasiya müalicəsindən keçməlidir. Yalnız bundan sonra yerimək ehtimalı ola bilər:
“Gəzəndən sonra da bir xeyli müddət müalicə olunmalıdır. Gəncədə ortoped-travmatoloqla görüşdük. Dedi ki, uşaq gəzəcək, amma axsayacaq. Bizə uşağımızın axsaya-axsaya gəzməsi də qəbuldur, təki yerisin”.
Tural Rəhimli deyir ki, uşağın iki-üç il ərzində davamlı olaraq fizioterapiya və reabilitasiya müalicəsi almasına imkanları çatmır:
“Uşağı həftənin altı günü fizioterapiyaya aparıram. Bir saatı 30 manatdır. Ay ərzində 850-1000 manat arasında pul xərclənir. Üstəlik nitqində də qüsur var, loqopedə də gedir. Əqli inkişafı normaldır. Hər şeyi başa düşür. Sərbəst danışa bilmir, tək-tük sözlər deyir, amma cümlə qurmur. Yuxarı ətrafları da normaldır. Amma aşağı ətraflar zəifdir, işləmir”.
Valideyn aidiyyəti qurumlardan və imkanlı şəxslərdən maddi dəstək istəyir:
“Düzdür, işləyirəm. Amma tək adam işləməklə bu problemləri həll edə bilməz. Üstəlik, bir yaşında bir oğlum da var. Həm ailəyə baxmalıyam, həm də böyük oğlumun müalicəsini etdirməliyəm. Özü də uşağın müalicəsi bir-iki aylıq deyil. Həkimlər deyir ki, fizioterapiyaya fasilə verilsə, ayaqda əzələlər boşalacaq, uşaq gəzə bilməyəcək”.
Bu ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni tibbi xidmətlər zərfinə serebral iflic xəstəliyi ilə bağlı xidmətlər də daxil edilib. TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov mətbuata deyib ki, rayonlarda yaşayanlar da bu xidmətdən yararlana biləcəklər.
TƏBİB-dən Meydan TV-yə bildirilib ki, vətəndaşın şikayəti ilə maraqlanılacaqlar.
Hazırda dünyada 1000 uşaqdan 2-si serebral ifliclə doğulur.