Apelyasiya şikayəti təmin olunmadı
Özünü vloger kimi təqdim edən Ata Abdullayevin 7 illik həbs hökmündən verdiyi apelyasiya şikayəti təmin olunmayıb. Martın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə qərar çıxarılıb ki, Ata Abdullayev haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılsın.
Həm Ata Abdullayev, həm də vəkili apelyasiya məhkəməsində çıxış edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əsassız olduğunu bildirib və onun ləğv olunmasını istəyiblər. Vəkil bildirib ki, Ata Abdullayevə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapmayıb. Onun zərərçəkmiş qismində tanınan şəxslərdən pul tələb etməsilə bağlı heç bir sübut yoxdur.
Martın 25-də sosial şəbəkələrdə Ata Abdullayevə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı.
“Çox hörmətli prezidentimiz və əziz Azərbaycan xalqı. Məhkəmənin mənə verdiyi ədalətsiz hökmə əsasən, 7 il azadlıqdan məhrum edilmişəm. Ona görə də bu gündən həmin hökmə etiraz olaraq, aclıq aksiyasına başlayıram. Prezidentimi və xalqımı sevdiyimə görə azadlıqdan məhrum edilmişəmsə, bu yolda ölməyə də hazıram. Məni sevən və sevməyən hər kəsdən mənə mənəvi dəstək olmalarını xahiş edirəm. Allah Azərbaycanımızı qorusun! İlhamla irəli!”, – yayılan səs yazısında bildirilirdi.
Ata Abdullayev 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.
İttihama əsasən, Ata Abdullayev Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Avropa Oyunları, “Formula-1” kimi yarışlarla bağlı yaradılan Əməliyyat Komitəsinin mühasibi vəzifəsində çalışmış Elmar Əliyevə zəng edərək, ondan 10 min manat tələb edib. Sonda 2400 manatlıq “iPhone 11Pro Max” markalı telefon aldırıb. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovdan isə 6000 manat pul istəyib. O, icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Ata Abdullayevin aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə günahlandırıb, ondan da pul tələb etdiyi iddia olunur. Onun haqqındakı cinayət işində daha bir zərərçəkmiş isə Elçin Əliyevdir. DTX əməkdaşı olmuş Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, 15 min manat pul tələb etdiyi də ittihamda yazılıb.
Lakin Ata Abdullayev bu ittihamları qəbul etmir, heç kimdən pul tələb etmədiyini deyir.
O, bundan əvvəl də iki dəfə – hərbi xidmətdən yayınma və onlayn şəkildə kartlardan oğurluq edib təyyarə biletləri alıb başqalarına satmağa görə məhkum edilib.