Ata Abdullayev: “Qəlbində İlham Əliyev sevgisi olan adam rüşvətdən uzaq olar…”

Foto: Meydan TV

“Mən İlham Əliyevlə, Mehriban Əliyeva ilə nəfəs alıram, Azərbaycanı onlarsız təsəvvür eləmirəm”

Özünü vloger kimi təqdim edən, ayrı-ayrı şəxsləri hədələyib, onlardan pul tələb etmə ittihamıyla həbsdə olan Ata Abdullayevin işindəki zərərçəkmişlərdən birinin – Elmar Əliyevin şantaja görə ona “iPhone 11Pro Max” telefonu verdiyi iddia olunur.

Telefonu alıb Ata Abdullayevə çatdıran şəxs isə Elmar Əliyevin dostu Ziya Məmmədov olub. O, bu məsələ ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib. İfadəsində də deyib ki, Ata Abdullayev dostunu onu rüsvay edən məlumatlar yaymaqla hədələmiş, ondan telefon tələb etmişdi. Bu üzdən dostunun xahişi ilə telefon alınaraq, ona çatdırılıb.

Ata Abdullayev isə iddia edir ki, Ziya Məmmədovla o da dostdur. Telefonu da ona dost kimi hədiyyə edib.
Ziya Məmmədov məhkəməyə ərizə göndərib ki, işləri ilə əlaqədar xarici ölkəyə gedəcək, bu üzdən gəlib ifadə verə bilməyəcək. Amma istintaq zamanı verdiyi ifadəni təsdiqləyir. Lakin Ata Abdullayev və vəkili onun məhkəmədə dindirilməsində israr edirlər. Ona görə də Ziya Məmmədov haqqında ötən məhkəmə iclaslarında məcburi gətirilmə qərarı çıxarılmışdı. Dekabrın 14-də məlum olub ki, Ziya Məmmədovu tapıb məhkəməyə gətirmək bu dəfə də mümkün olmayıb.

Ata Abdullayevin vəkili Telman Talıbov buna etiraz edib. Müdafiəçi deyir ki, Ziya Məmmədov faktiki məhkəmədə ifadə verməkdən yayınır:

“Əgər həqiqət ittihamda göstərildiyi kimi olsaydı, niyə yayınırdı, gəlib təsdiqləyərdi”.

Ata Abdullayev özü də bu məsələyə münasibət bildirərkən deyib ki, Ziya Məmmədov onlayn bilet satışıyla məşğul olan “iticket.az” saytının rəhbəridir. Onun ofisi də hazırkı məhkəmə prosesinin keçirildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir.

Ötən məhkəmə iclasında ifadə verən Ata Abdullayev bu dəfə prokuror Valeh Mehrəliyevin suallarınıl cavablandırıb. O vurğulayıb ki, zərərçəkmiş qismində tanınan dörd nəfərin heç birindən nə pul istəyib, nə də nəsə alıb:

“Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Halbuki, mən həmin vaxt Misirdə idim. Bunu deyəndə bildirirlər ki, nə fərqi var, 2020-ci il olmasın, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-ci ildə qalib ölkəyik”.

Ata Abdullayev bir daha vurğulayıb ki, Ziya Məmmədov ona telefonu dost olduqlarına görə verib:
“Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, dedim ki, qəşəng telefondur. Əlindəki telefonu mənə vermək istədi, götürmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun, mən bu adamlardan heç nə almamışam. Qəlbində İlham Əliyev sevgisi olan adam ömrüboyu rüşvətdən uzaq olar. Sizə qurban olum, əgər lazımdırsa, lap yazım ki, 1 milyon almışam. Mən nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram. Amma bu adamlardan heç nə istəməmişəm, heç nə almamışam”.

Ata Abdullayev məhkəmədə Prezident İlham Əliyevin Brüsselə səfərini yada salıb, ona uğur arzulayıb:

“Mən İlham Əliyevlə, Mehriban Əliyeva ilə nəfəs alıram, Azərbaycanı onlarsız təsəvvür edə bilmirəm”.

Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.

Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Ana səhifəSiyasətAta Abdullayev: “Qəlbində İlham Əliyev sevgisi olan adam rüşvətdən uzaq olar…”