“Sizi bura mənim mənəvi atam təyin edib”
Bakı Apelyasiya Məhkəməsində özünü vloger kimi təqdim edən Ata Abdullayevin şikayəti üzrə məhkəmə prosesi başlayıb. Fevralın 16-da hakim İlqar Murquzovun sədrliyilə ilkin baxış iclası keçirilib.
Ata Abdullayevin vəkili Telman Talıbov vəsatət qaldırıb ki, apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılsın, sübutlar araşdırılsın. Vəkilin sözlərinə görə, Ata Abdullayevin işi üzrə şahid qismində tanınan əsas şəxs birinci instansiya məhkəməsində dindirilməyib.
Lakin məhkəmə vəsatəti təmin etməyib. Apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib.
Ata Abdullayev hakimlərdən işinə ədalətli baxmağı xahiş edib. Özü ilə məhkəmə zalına jurnal və içində də dövlət başçısı İlham Əliyev və atası, mərhum prezident Heydər Əliyevin şəkillərini gətirib. Fotoları proses iştirakçılarına göstərərək ağlayıb:
“Sizi and verirəm ulu öndərin ruhuna, mənim mənəvi atamın xətrinə, bu işi qanunla, ədalətlə araşdırın. Sizi bura mənim mənəvi atam təyin edib. İlham Əliyev mənim mənəvi atamdı. İlham Əliyev deyir ki, ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Mənim ilhamçı olmağım kimlərinsə xoşuna gəlməyib…”
O, məhkəmədə proses iştirakçıları vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə salam göndərib.
Ata Abdullayev Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənov və Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovdan da razılıq edib.
O, təqsirsiz olduğunu bildirib və ədalətli qərar çıxarılmasını xahiş edib.
Ata Abdullayevin işi üzrə məhkəmə baxışı martın 2-nə təyin edilib.
Ata Abdullayev 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müxtəlif adamları hədələyib, onlardan pul tələb etməkdə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.
O, bundan əvvəl də hərbi xidmətdən yayınma və onlayn şəkildə kartlardan oğurluq edib təyyarə biletləri alıb başqalarına satmağa görə məhkum edilib.