“Hərbi Həkim Komissiyasının verdiyi rəy o qədər anlaşılmazdır ki, əlillik təyin olunmur”
“6 ildir ki, erməni gülləsindən sağlamlığını itirib, hələ də əlilliyi təyin olunmayıb. Ağrıları göz açmasına aman vermir, onun əzab çəkməsinə dözə bilmirəm”.
Astara sakini İlqar Abbasov Meydan TV-yə danışır ki, oğlu İlham Ağacanzadə 2015-ci ilin aprelində hərbi xidmətə çağırılıb. 2016-cı ilin iyulunda Ağdamda hərbi xidmətdə olarkən Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb.
Onun xidmət etdiyi N saylı hərbi hissənin verdiyi travma haqqında arayışda qeyd olunub: “… əsgər bölüyün ərazisində qazıntı işləri apararkən düşmən tərəfindən açılmış atəş nəticəsində döş qəfəsindən yaralanıb”.
Hərbi biletdə də qeyd olunub ki, əsgər döyüş tapşırığını yerinə yetirərkən güllə yarası alıb. Ancaq Hərbi Həkim Komissiyasının 3 iyul 2017-ci ildə verdiyi qərarda qeyd olunub ki, əsgər atılan mərminin partlaması nəticəsində xəsarət alıb. Üstəlik, ata iddia edir ki, Hərbi Həkim Komissiyasının səhv diaqnoz yazması üzündən oğluna 6 ildir ki, əlillik təyin olunmur.
“Dövlət yaralı əsgərinə yaxın durmur”
Ata deyir, 6 ildir ki, imkansızlıq üzündən oğlunun müalicələriylə məşğul ola bilmir, 25 yaşlı İlhamın durumu hazırda kritikdir:
“Oğlum gənc yaşında vətənə görə sağlamlığını itirib. Yaralanandan sonra Sarcalı hospitalında ilkin yardım göstərilib, 7 gün komada qalıb. Oradan Papanindəki Hərbi Hospitala gətirib, əməliyyat edib, sonra evə buraxıblar. Agciyərində 9, qaraciyərində 5 qəlpə var. Vaxtında əməliyyat olunsaydı, qabırğaları çürüməzdi. Ancaq mən üç qabırğası əlimdə, Bakı-Astara yolunda qaldım, dövlət yaralı əsgərinə yaxın durmadı. 25 yaşı var, yataqda qalıb, nə dərmanını ala, nə əməliyyat etdirə bilirik…”

Ötən il ailə İlhamın durumuyla bağlı sosial şəbəkələrdə paylaşım edərək kömək istəyib. Atanın deməsinə görə, bu paylaşımdan sonra Astaradan seçilmiş deputat Rəşad Mahmudovun tapşırığıyla İlham EGE Hospitalda qəbul edilib, döş qəfəsinin çoxsaylı travması diaqnozu qoyulub və əməliyyat olunub:
“Həmin ərəfələrdə oğlum artıq iki dəfə intihara əl atmışdı. 2021-ci ilin sentyabrında bizimlə əlaqə saxladılar. Oğlumu EGE Hospitala götürdük, sentyabrın 15-də əməliyyat olundu, üç qabırğasını çıxartdılar. Sentyabrın 19-da həkim zəng vurub dedi, gəl oğlunu apar. Sentyabrın 20-də cərrahın yanına getdim, qabırğaları qutuda dərman məhlulunun içində mənə verdi, dedi, apar, Bakı Patologiya Mərkəzində müayinə etsinlər. Qabırğaları götürüb Bakı Patologiya Mərkəzinə apardım. Orada məndən 65 manat istədilər, imkanım olmadı ödəməyə… Mərkəzin rəhbərliyi ilə görüşmək istədim, telefonla calaşdırdılar. And-aman etdim ki, cibimdə qəpiyim də yoxdur, dedi, biz yalnız 5-6 manat güzəşt edə bilərik. Mən də qutu əlimdə, getdim EGE Hospitala, oğlumu götürdüm, qayıtdım rayona – evimə… Qabırğaları evdəki soyuducuda saxladım. Sentyabrın 23-də pul düzəldib, qabırğaları təzədən Bakıya – həmin Patologiya Mərkəzinə apardım, oktyabrın 6-da zəng vurub çağırdılar, yenə qabırğaları və rəyi verdilər, qayıtdım EGE Hospitala…”
Yaşayış şəraiti də bir tərəfdən…
Ancaq sonrakı dövrlərdə qazi müalicələrini davam etdirə bilmədiyi üçün vəziyyəti ağırlaşıb. Ata deyir, dərd bununla bitmir, mənzil şəraitlərinin pis olması İlhamın durumunu daha da çətinə salıb:
“Ciyərləri qəlpələrlə doludur, vaxtilə Hərbi Həkim Komissiyasının verdiyi rəy o qədər anlaşılmazdır ki, əlillik təyin olunmur. Ağciyər İnstitutuna getdik, dedilər, müalicəsi mümkün deyil, bəlkə xaricdə mümkün olar. Heç olmasa ağrıkəsicilərini öz əlillik pensiyasıyla ala bilərik. Yataqda əzab çəkir, nə anasında, nə məndə artıq dözüm qalmayıb, övladımızın bu halına tab gətirmirik. Evimiz bərbad vəziyyətdədir, imkanımız yoxdur ki, təmir edək. Yağış yağanda evi su basır. İşsizlik, ehtiyac içərisində çabalayırıq. Şəraitsizlik, nəmişlik üzündən ağciyəri yaralı olan oğlumun başqa orqanları da sıradan çıxıb”.
Atanın Prezidentə, vitse-prezidentə, müdafiə nazirinə yazdığı məktublar cavabsız qalıb.