Ata 18 yaşına qədər pensiya alan oğlunun hərbiyə yararsız olduğunu təsdiqlədə bilmədiyini deyir

Şamaxı Rayon Mərkəzi Xəstəxanası. Foto: arxiv

“Bir dəfə əməliyyat olunub, şəkərli diabetə görə daimi dərman qəbul edir”

Oğlum Camulla İsmayılov illərdir şəkərli diabet, qaraciyər, zob xəstəliklərindən əziyyət çəksə də, hərbi xidmətə yararsz olduğunu sübut edə bilmirəm. Halbuki 18 yaşına çatanadək pensiya alıb”.

Bunu Meydan TV-yə Şamaxı sakini, 2005-ci il təvəllüdlü Camullanın atası Zavur İsmayılov deyib. Onun sözlərinə görə, oğlu 2017-ci ildən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin endokrinoloji kabinetində dispanser qeydiyyatındadır.

“Bir dəfə əməliyyat olunub, şəkərli diabetə görə daimi dərman qəbul edir. Bakıdakı 6 nömrəli xəstəxanada müalicə alıb. Dörd dəfə həkim müayinəsindən keçirilib. Ona ikinci dərəcəli piylənmə diaqnozu qoyulub. Bu diaqnozla guya ki, hərbi xidmətə yararlıdır. Yararlı olsaydı, onu hərbi xidmətə göndərərdim”,– Z.İsmayılov deyib.

Şikayətçi bildirib ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı şəkər aşkarlanır, amma komissiyada şəkəri aşkarlaya bilmirlər. Aidiyyatı orqanlarda Camullanın xəstəliyə görə pensiya aldığını təsdiqləyən sənədlər mövcuddur:

“Həmin sənədləri ortaya çıxara bilərlər”.

Ailəyə Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən 25 iyun 2023-il tarixli arayışda da Şamaxı şəhəri, Xətai küçəsi, ev 44 ünvanda qeydiyyatda olan 2005-ci il təvəllüdlü Camulla İsmayılovun şəkərli diabet orta ağır forma II tip, Adipoza genitral sindrom diaqnozu ilə dispanserdə qeydiyyatda olduğu qeyd edilib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emil Hüseyn ailənin müraciəti ilə bağlı araşdırma aparacağını bildirib.

TƏBİB-in mətbuat xidmətindən isə Meydan TV-nin analizlərin fərqli nəticələri, o cümlədən C.İsmayılovun xəstəliyi ilə bağlı sorğusu cavablandırılmayıb. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sorğu cavablandırılmayıb.

Ana səhifəSosialAta 18 yaşına qədər pensiya alan oğlunun hərbiyə yararsız olduğunu təsdiqlədə bilmədiyini deyir