İsrail qırıcıları bazar günü Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hava zərbələri endirib. Bu, atəşkəsin növbəti dəfə pozulması barədə son hesabatlar fonunda baş verib.
İsrailin “Channel 12” telekanalı zərbələrin məqsədinin Yasser Əbu Şabab adlı silahlı dəstənin üzvlərini qorumaq olduğunu bildirib. Həmin dəstə İsrail tərəfindən dəstəklənən, humanitar yardımı oğurlamaqda və iki illik Qəzza müharibəsi zamanı fələstinli mülki şəxslərə hücum etməkdə ittiham olunan bir qrup kimi təqdim olunur.
Fələstin mediası “Quds Network” isə adı açıqlanmayan mənbəyə istinadən yazır ki, HƏMAS-ın rəhbərlik etdiyi daxili təhlükəsizlik bölməsi Rəfahın şərqində Yasser Əbu Şababa məxsus gizlənəcəyin hədəfə alındığı xüsusi əməliyyat keçirib.
Məlumata görə, narkotik alverinə görə məhkum edilmiş və hazırda axtarışda olan Əbu Şabab bir ildən artıqdır ki, Qəzzada İsrail tərəfindən silahlandırılmış dəstəyə rəhbərlik edir. Onun İsrail qoşunlarının nəzarəti altında Rəfahın cənub hissəsində yerləşdiyi bildirilir.
İsrail ordusunun rəsmisi “Reuters”ə açıqlamasında, hadisə zamanı HƏMAS döyüşçülərinin israilli hərbçilərə qarşı “bir neçə hücum” həyata keçirdiyini və bunu atəşkəsin “aşkar pozuntusu” adlandırdığını deyib. Rəsmiyə görə, bu hücumlar qumbaraatan və snayper atəşindən istifadəni əhatə edib və İsrail qüvvələrinin yerləşdiyi Qəzzanın daxilindəki “Sarı xətt” adlandırılan demarkasiya xəttinin o tayında baş verib.
Bundan ayrı olaraq, Qəzzanın şimalındakı Cəbaliyədə də İsrail hava zərbələri barədə məlumat yayılıb; ilkin xəbərlərə görə, ölən və yaralananlar var.
11 oktyabrda qüvvəyə minən atəşkəsdən bəri İsrail qüvvələrinin onu təxminən 50 dəfə pozduğu bildirilir. Bu pozuntulara artilleriya atəşi, dron zərbələri, tankdan atəş və kvadrokopter hücumları daxildir. Bu insidentlər nəticəsində 38-dən çox fələstinlinin həlak olduğu qeyd olunur.
Məlumatlara əsasən, İsrail atəşkəs razılaşmasının digər şərtlərini də pozub: humanitar yardımın girişinə qoyulan məhdudiyyətlər davam edir, Rəfahla Misir arasındakı sərhəd-keçid məntəqəsi isə hələ də bağlıdır.
Rəfahdakı hadisədən sonra nazirlər İtamar Ben Qvir və Bezalel Smotriç sərt mövqe nümayiş etdiriblər. Ben Qvir Baş nazir Benyamin Netanyahunu “zolaqda tammiqyaslı döyüşləri yenidən, maksimal güclə bərpa etməyə” çağırıb. Smotriç isə “X” platformasında tək bir söz yazıb: “Müharibə!”
Məlumata görə, Baş nazir Netanyahunun İsrailin növbəti addımını müəyyənləşdirmək üçün vəziyyətin qiymətləndirilməsi üzrə iclas keçirdiyi bildirilir.