Astaranın cənnəti sayılan Sım kəndində bir gün

Sım kəndi, Foto: Meydan TV

Turistlər üçün maraqlı gələcək bu kənddə yol və işsizlik problemi var

İnsanları mehriban, gülərüz, yardımsevər, təbiəti gözəl olan Sım kəndindəyik. Son vaxtlar yerli tur bələdçilərinin ən çox seçdikləri marşurtlardan biridir Sım.

Kəndi Astaranın şəhər mərkəzi ilə 45 kilometrlik yol ayırır. Bulaqları, şəlaləsi, qayaları, yerli sakinlərin inanc yeri olan pirləri və dolambaclı yolları ilə məşhurdur Sım. Əvvəllər Sıma getmək üçün yol yox idi. Sakinləri deyirlər ki, çox yazıb, pozandan, şikayətdən sonra 2016-cı ildə kəndin yaxınlığınadək yol çəkilib. Ancaq kəndarası yollar yenə əvvəlki, bərbad vəziyyətindədir.

Sım kəndi, Foto: Meydan TV

Gülçöhrə Məmmədovanın evi kənd mərkəzinin 1,5 kilometrliyindədir. Deyir: “Kəndə gələnlər çox vaxt mənim qapımı döyüb nəsə soruşurlar”. Ən çox verilən suallardan biri də “bu maşınla şəlaləyə, kəndə getmək olarmı?”, – olur.

“Artıq maşın mütəxəssisi olmuşam. Baxıram bir az hündürdür, böyükdür, deyirəm, hə, şəlaləyə qədər olmasa da, kənd mərkəzinə gedə bilərsən. Yox, kiçik maşındırsa, yaxşısı budur burada saxlayın, kənd mərkəzinəcən piyada, şəlaləyə isə UAZ-lar çıxın, elə baha da aparmırlar, onlardan birinə minib gedərsiniz. Əslində gələnlərlə danışmaq xoşuma gəlir, o böyük maşınlardakı insanlar səndən məsləhət alır. Elə məsləhət vermək də xoşuma gəlir” (gülür).

Sım kəndi, Foto: Meydan TV

Kəndin əksər sakinləri kimi Gülçöhrə xanım da işığın tez-tez sönməsindən və yol problemindən gileylidir:

“Yaxşı yol çəkmişdilər, bura çox yağış olan yerdir, dağlıq ərazidir. Qaya parçaları düşdü, yağış yağdı, indi yolun xeyli hissəsində çökmələr, dağılmalar var. Amma yenə də lap əvvələ baxanda çox-çox yaxşıdır. Buna da şükür, biz nə zülmlər görmüşük. Dağ kəndidir, ən çox da qışda, yağış, qar çox olanda işıqlar tez-tez kəsilir. Biz öyrəşmişik, ondan daha betəri isə işsizlikdir. Düzdür, son illər kəndə gəlib-gedən çox olur, kimi evini kirayə verir, kimi şəlaləyə maşınla aparır, kimi də hazırladığı ev məhsullarından gələn qonaqlara satır. Ancaq ümumi işsizlik problemi var və bu da yaşayışa mənfi təsir edir”.

Kəndə gedəndə 2 nəfər yaşlı qadından yol soruşduq, azərbaycanca danışa bilmədilər. Sakinlərdən öyrəndik ki, məktəbə getməmiş yaşlı nəslin azərbaycanca danışmaq problemi var, talış dilində danışırlar. Hə, bir də qadınların başında böyük ləyənləri aparması və sürətli yerimələrinə baxmayaraq, yerə salmaması da maraqlı idi. Orta və gənc nəslin dil problemi olmadığını da öyrəndik. Bəzi evlərdə danışıq dili elə azərbaycancadır.

Sım kəndi, Foto: Meydan TV

Maşını kəndin 1 kilometrliyində saxlayırıq. Kiçikdir, altı dəyə bilər. Piyada davam edirik. Kəndin mərkəzində, elə məktəbi keçən kimi bir neçə UAZ dayanıb. Şəlaləyə “gediş-gəliş 5 manat” – deyirlər.

Bir zarafat var, pis yollarda tez-tez səsləndirirlər: “Böyrəyimizdəki daşlar töküldü”. Kəndin yolları əsl böyrək daşı salandır. Qayaların, mamırlamış ağacların arası ilə, hətta arada çayın üstündən də keçib şəlaləyə gedirik.

Maşından enəndən sonra hardasa 15 dəqiqə yol qalxıb çatırsan şəlaləyə. Deyirlər ki, yay aylarında burada samovar çayı da verirlər, ancaq soyuq havalarda gələn az olur deyə, belə xidmətlər də olmur.

Sım kəndi, Foto: Meydan TV

Sürücü deyir ki, həftədə 3-4 dəfə şəlaləyə adam aparır. Yay aylarında bu, gündə 1-2 dəfəyədək dəyişir:

“Yaxşıdır, kaş gələnlər daha çox ola və biz də daha çox qazanaq. İndilərdə Sım məşhurlaşıb. Gələnlər gedib yaxşı şeylər danışırlar. Biz sadəcə hələ öyrəşməmişik qiymət danışmağa, nə bilim, hətta çoxu özünə sığışdırmır evində qonaq saxlamağı”.

Evlərin bir gecəsinin qiymətinə gəlincə, 20-30 manatdan başladığını dedilər.

Cənub bölgəsinin Azərbaycanın digər turistik bölgələrinə baxanda ucuz olduğu hiss olunur. Qalmaq, restoran qiymətlərindən tutmuş, nəqliyyat xidmətlərinədək, bunu hər şeydə sezmək olur.

Sım kəndi, Foto: Meydan TV

Məsələn, aşağı enəndə bir restorana döndük. Sahibi əlində təndir çörəyi ilə qarşıladı bizi: “İstidir, kəsin, yeyin”. Hesabı istəyəndə də israrla “qonağımız olun”, – söylədi. Sonda təbii ödəniş edirsən, amma sözün özü belə adama çox xoş təsir edir. 

Yolda samovar qaynadılan bir yerdən qiymət soruşuruq. Axırıncı dəfə Şamaxıda bir samovar çaya 25 manat dedikləri yadımızda idi. Samovar qaynadan orta yaşlı kişinin cavabı belə oldu:

“Sudur də, dədəsi yox, nənəsi yox, heç neçəyədir, nə verərsiz odur. Hətta qonağımız da ola bilərsiniz”.
İsrarla qiymət soruşanda 5 manat olduğunu dedi.

Sım kəndi, Foto: Meydan TV

Düşündük ki, bu işdə hələ yenidirlər, həm də ümid etdik ki, insafı heç vaxt əldən verməyəcəklər.

Sakinlərdən Yaşar Kərimovu da ən çox narahat edən işsizlik və yol problemidir. Deyir, qışda kəndarası yollar bərbad olur və adi maşınla gedib-gəlmək çətinləşir:

“Kəndə gələn yol da 5-6 il olar çəkilib, ancaq çox tez sıradan çıxıb. Qayalıq ərazilərdir, dağ kəndidir, görünür, xüsusi nələrsə edilməli idi. Hər halda dağdan qaya aşıb yolu kəsir, asfaltı parçalayır, yəni bunların qarşısı alınmalı idi, ancaq etməyiblər. İş də ki, çətin tapılır. Dağ kəndində nə edəsən? İndi-indi camaat evini kirayə verir, gələn qonaqları şəlaləyə, dağa aparır, 3-5 manat qazanır. Onunla da dolanmaq çətindir”. 

Sım kəndi, Foto: Meydan TV

Nə qədər problemləri olsa da, dağ kəndində yaşamaq asan olmasa da, dolambaclı yolları, mamırlı ağacları, bacasından tüstü çıxan evləri, qayaları, sanki dəftərin üz qabığından sıçrayıb çıxmış mənzərələri ilə Sım Astaranın cənnəti sayılır. 

İstədik gedənlər həm də kəndin problemlərindən xəbərdar olub, yerli sakinlərin xidmətlərindən istifadə etsinlər. Məsələn, ən azı bahalı oteldə qalmaqdansa, kənd evində gecələyib, kənd sakinlərinin hazırladıqları ərzaq məhsullarından ala bilərlər.

Təngərüd çayının sahilində yerləşən Sım kəndinin rayon mərkəzinə 45 kilometrlik məsafəsi var. Ucqar dağlıq ərazidə yerləşən kənd dəniz səviyyəsindən 800 metr hündürlükdədir.

Sakinləri bildirir ki, kənddə hazırda 180-nə yaxın ailə yaşayır. Əhalisinin ümumi sayı 900 nəfərə yaxındır.
“Sım” sözü talış dilindədir. “Sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasını verir.

Ana səhifəBölgəAstaranın cənnəti sayılan Sım kəndində bir gün