“Astarada “Qırmızı kitab”a düşən ağaclara zərər vurulub”

Foto: Ecofront

Kənan Xəlilzadə: “Bəzi ağacları həm kəsiblər, həm də deşik açıblar”

Astaranın Ojakəran kəndi yaxınlığındakı meşə fondu torpaqlarında içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən ağaclar da daxil olmaqla 60-a yaxın ağaca zərər vurulduğu bildirilir.

Bu barədə Meydan TV-yə “Ecofront” təşkilatının rəhbəri Cavid Qara məlumat verib.

Oktyabrın 30-da təşkilatın bir qrup fəalı həmin ərazidə olub. Müəyyən olub ki, təxminən 2 hektar meşə fondu torpağında aqrobağ salınıb. Təşkilatın üzvü Kənan Xəlilzadə bildirib ki, ağaclar deşilib, zədələnib. Bir neçə ağac nömrələnib.

“Böyük diametrli palıd ağacları da daxil olmaqla onlarla ağac deşilib, yandırılıb, kəsilib. Bəzi ağacları həm kəsiblər, həm də deşik açıblar. Ağacı deşib içərisinə kimyəvi maddə tökürlər ki, qurusun, kəsilməsinə bəhanə yaransın. Halqavari kəsilən, eləcə də deşilən ağaclarda quruma gedir, bir neçəsi artıq quruyur, mərhələlərlə digər ağaclar da quruyacaq”, -K.Xəlilzadə deyib.


Foto: Ecofront

Onun sözlərinə görə, ərazidə 25 iridiametrli palıd ağacı var:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qədər böyük ərazidə qiymətli ağacların məhv edilməsinə cavabdehlik daşıyır. Feyxoa ağaclarının digər əraziyə köçürülməsini tələb edirik. Bu qədər ağaclara zədə vurulub, amma cavabdeh şəxslər cəzalandırılmayıb. Meşə fondu ərazisində aqrobağların salınması dayandırılmalıdır”.

Təşkilatın fəalları deyib ki, məsələni ilk dəfə ictimaiyyətləşdirən kənd sakinin qardaşı saxlanılıb, sonradan buraxılıb. Eko-fəallar nömrələnmiş 100-ə yaxın ağacın taleyindən narahatdır:

“Nömrələnmiş ağaclar həmin aqrobağın ətrafındadır. Çox güman ki, onları da kəsmək istəyirlər. Belə ki, indiyə qədər ərazidən kəsilmiş ağaclar elə nömrələnmiş ağaclar olub”.

Meşəlik ərazi Astaranın Ojakəran kəndi ətrafında, Təngərüd meşəbəyliyi, 6 saylı dolayda yerləşir.
Ojakəran kəndi ilə rayon mərkəzi arasında məsafə 15-20 kilometrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə isə şikayət araşdırılıb. Ərazidə palıd və vələs ağaclarının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi məlum olub:
“Araşdırma zamanı ağacların rayon sakini tərəfindən kəsildiyi və zədələndiyi aşkarlanıb. Faktla bağlı akt tərtib edilib, cavabdeh şəxs cəzalandırılıb”.

Ana səhifəXəbərlər“Astarada “Qırmızı kitab”a düşən ağaclara zərər vurulub”