Strasburqda vəziyyətin qiymətləndirilməsi üçün əsas siyasi qrupların nümayəndələrinin və AŞPA məruzəçilərinin iştirakı ilə komissiya yaradılacaq
Sentyabrın 5-də AŞPA Bürosu Parisdə keçirilən iclasda referenduma çıxarılmış Azərbaycan Konstitusiyasına düzəlişlərə qiymət verməsi üçün Venesiya Komissiyasına müraciət etməyi qərara alıb.
Venesiya Komissiyasının düzəlişlərin beynəlxalq normalara uyğunluğunu məhz nə zaman qiymətləndirəcəyi məlum deyil.
AŞPA-dan “Turan”-a verilən məlumata görə, Strasburqda bu məsələ üzrə vəziyyətin qiymətləndirilməsi üçün əsas siyasi qrupların nümayəndələrinin və AŞPA məruzəçilərinin iştirakı ilə komissiya yaradılacaq.
Azərbaycan hakimiyyəti səbəb izah etmədən, düzəlişlər layihəsini qiymətləndirilməsi üçün Venesiya Komissiyasına verməkdən imtina edib. Amma referendumu müşahidə etmək üçün AŞPA missiyasını dəvət edib.
Yerli və beynəlxalq demokratik ictimaiyyət düzəlişləri mürtəce və ölkədə neomonarxiya rejimi formalaşdıran düzəlişlər kimi qiymətləndirib.
Bundan başqa, düzəlişlər ictimai debatlar keçirilmədən təqdim edilib və təklif olunan dəyişikliklər ölkə Konstitusiyasına ziddir.
Düzəlişlər dövlət başçısına növbədənkənar prezident seçkiləri keçirmək, parlamenti buraxmaq hüququ verilməsini, prezidentliyə namizəd üçün hazırki 35 yaş, parlament üzvlüyünə namizədlər üçün 25 yaş məhdudiyyətinin aradan qaldırılmasını nəzərdə tutur.
Azərbaycanda müşahidəçilər və ekspertlər İlham Əliyevin öz ailə üzvlərindən kimlərisə vitse-prezident təyin etmək, gələcəkdə isə hakimiyyəti öz oğluna ötürmək niyyətində olduğunu düşünür.