AŞPA-nın keçmiş və indiki deputatlarına siyasi məhbuslarla bağlı açıq məktub

Qətnamə göstərirdi ki, “müxalifətlə əlaqəsi olan siyasətçilərin, fəalların, jurnalistlərin, bloqqerlərin, dinc etirazçıların” həbsləri hələ də davam edir və bu sistematik problemdir.

Source:

Xanım Theodora BAKOYANNIS- Yunanıstanın keçmiş Xarici İşlər Naziri

Cənab Deniz BAYKAL- Türkiyənin keçmiş Cümhuriyyət Halk Partisi (CHP) lideri

Cənab Jean-Marie BOCKEL, Fransanın keçmiş Ədliyyə üzrə Dövlət Katibi

Cənab Mevlüt ÇAVUSOGLU, Türkiyənin Aİ üzrə Naziri və Ali Danışmanı, keçmiş AŞPA Prezidenti

Cənab Agustín CONDE, İspaniya Parlamentinin üzvü

Cənab Mikulas DZURINDA, Slovakiya Respublikasının keçmiş Baş Naziri

Xanım Cheryl GILLAN, Uelsin keçmiş Dövlət Katibi

Cənab Pasquale NESSA, İtaliya senatının keçmiş üzvü, AŞPA-nın keçmiş üzvü

Cənab Luca VOLONTÈ, Novae Terrae Fondunun Direktoru, İtaliya Parlamentinin keçmiş üzvü, AŞPA Şərqlə Əməkdaşlıq Siyasəti qrupunun keçmiş sədri

Cənab Robert WALTER, AŞPA BB nümayəndə heyətinin sədri

Cənab Jordi XUCLÀ, AŞPA ALDE qrupunun sədri

və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) digər 114 üzvünə


Açıq Məktub

Paris və Vyana, 23 Aprel 2014

Əziz AŞPA üzvləri,

Siz keçən il AŞPA-nın iclasında taleyüklü bir səsvermədə iştirak etmisiniz. Siz 2013-cü ilin Yanvar ayında öz assambleyanız tərəfindən 2009-cu ildə seçilmiş məruzəçinin hazırladığı qətnamənin əleyhinə səs verdiniz. Qətnamə 125 nəfərin əleyhinə, və 79 nəfər isə lehinə səs verməsi ilə məğlub oldu.

Qətnamə bildirirdi ki, Azərbaycanda siyasi məhbuslar məsələsi hələ də həll olunmamışdır. Qətnamə göstərirdi ki, “müxalifətlə əlaqəsi olan siyasətçilərin, fəalların, jurnalistlərin, bloqqerlərin, dinc etirazçıların” həbsləri hələ də davam edir və bu sistematik problemdir.

AŞPA-da keçirilmiş bu səsvermə Azərbaycana çox uğursuz bir siqnal göndərdi.

Azərbaycan Prezidenti 26 dekabr 2012-ci ildə AŞPA-da səsvermə ərəfəsində bəzi siyasi məhbusları əhv etmişdi. Qətnamə rədd edildiyinə və yeni məruzəçinin təyin edilmədiyinə görə yeni həbslər dalğası başladı.

Bəzi insan hüquqları təşkilatları və qətnaməni dəstəkləyən AŞPA nümayəndələri bu hadisələrin baş verə biləcəyini öncədən xəbərdar etmişdi. Viola von Cramon-Taubadel (Almaniya) qeyd etdiyi kimi:

Fırlanan qapı siyasəti müstəqil jurnalistləri susdurmaq üçün bir taktika olaraq istifadə edilir. Bu, siçan-pişik oyununa bənzəyir, jurnalistlər həbs olunur, azad olunur və sonra yenidən həbs olunur. Hamıya növbəti hədəfdə kimin olacağı aydındır.

AŞPA-dakı heç də bütün səsvermələrin dərhal nəticələri olmur, lakin bunun oldu. Bu, hətta Avropa Şurasının inandığı və çalışdığı bir sıra insanların həbsinə də gətirib çıxardı.

Siz yəqin ki, İlqar Məmmədov- müxalif partiya lideri, Avropa Şurasının Bakı Siyasi Elmlər Proqramın rəhbəri və Anar Məmmədli- aparıcı seçki monitorinqi qrupunun rəhbəri və AŞPA Siyasi Məhbuslar üzrə Məruzəçisinin məsləhətçisi barəsində eşitmisiniz. Onların hər ikisi Avropa Şurasına etibar edirdi. Onların hər ikisi 2013-cü ildə həbs olundu. Məmmədov bu ilin Mart ayında yeddi il azadlıqdan məhrum edildi. Məmmədlinin məhkəmə prosesi 21 Aprel 2014-cü ildə başladı. Bu, hakimiyyətin AŞPA-na barmaq silkələməsi idi.

Polis Yanvar- May ayları ərzində onlarla gənci həbs etdi. Onlar sülh şəraitində baş verən əsgər ölümlərinə etiraz dediklərinə görə həbs edilmişdilər. Onlardan bəziləri qanunsuz silah saxlamaqda və ictimai asayişi kütləvi şəkildə pozmaqda ittiham edilirdi. Onlardan yeddisi NİDA- demokratiya tərəfdarı olan gənclər təşkilatının üzvüdür. Biri isə Azad Gənclik təşkilatının üzvüdür. Bu gənclər 6.5-8.5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

İndi 18-30 yaş arasında səkkiz fəal aclıq aksiyasına başlayıb. Onlar öz sağlamlıqlarını, bəlkə də həyatlarını təhlükəyə atıblar. Bunun qarşısı alına bilərdi. Bunu hələ də etmək olar.

Biz ümid edirik ki, siz Yanvar ayında keçirilən səsvermədə yalnış qərar verdiyinizi başa düşmüsünüz. Siz bu repressiv rejimə güvənməkdə yanılmısınız. Bu səhvin insan həyatı üçün dəyəri yüksəkdir və risklər getdikcə artır. Amnesty International bütün səkkiz gənc fəalı, habelə Məmmədli və Məmmədovu vicdan məhbusu kimi tanımışdır.

Biz, sizi Azərbaycanda olan vəziyyətin kəskinləşməsi, gənclərin aclıq aksiyasına başlamasının işığında verdiyiniz qərarın nəticələrini düzəltmək üçün cəhd etməyə çağırırıq.

Xüsusilə, aşağıdakıları edəcəyinizə ümid edirik:

– Prezident İlham Əliyevə 14 May 2014-cü il Azərbaycan Avropa Şurası Nazirlər Kabinetində sədrliyə başlamamışdan öncə İlqar Məmmədov, Anar Məmmədli və aclıq aksiyasının iştirakçısı olan səkkiz fəalı əhv etməsi üçün müraciət etmək;

– Avropa Şurasının Baş Katibinin Azərbaycana təcili səfər etməsi, bu və digər siyasi məhbuslarla bağlı güclü və inandırıcı danışması üçün müraciət etmək;

– 2013-cü ilin Yanvar ayında keçirilən səsvermədən sonra başlayan həbs trendini araşdırmaq üçün yeni siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi təşəbbüsünü dəstəkləmək;

Burada bir acı həqiqət var. Azərbaycan tarixində heç zaman Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamağa hazırlaşdığı bir dövrdəki qədər siyasi məhbus olmamışdır. Bu gün Azərbaycanda sadalanan ondan daha artıq sayda siyasi məhbus var. Avropa Şurasına üzv olan dövlətdə siyasi məhbus olmamalıdır. AŞPA 2013-cü il Yanvar ayından etibarən bu məsələyə göz yummuşdur. Ümid edirik ki, bizə bunu dəyişmək üçün çox gec olmadan yardımçı olacaqsınız.

Səmimiyyətlə,

Gerald Knaus, Kristof Bender, Emin Milli

European Stability Initiative

Ana səhifəXəbərlərAŞPA-nın keçmiş və indiki deputatlarına siyasi məhbuslarla bağlı açıq məktub