Qurumun baş katibi Anne Brasseur Azərbaycan hökumətini təcili tədbirlər görməyə çağırır
Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir.
BBC-Azərbaycanın parlamentdəki əməkdaşının məlumatına görə, AŞPA Baş Katibi Anne Brasseur açılış nitqində Azərbaycan hökümətini ifadə azadlığı, sərbəst toplaşma və söz azadlığı ilə bağlı problemlərin “təcili şəkildə həllinə” çağırıb: “Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Azərbaycanda jurnalistlər, bloqçular və vətəndaş cəmiyyəti fəalları repressiyalara məruz qalr. Bu isə narahatlıq doğurur”.
Anne Brasseur bildirib ki, o, bu problemləri cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə qaldırıb: “AŞ Siyasi Məktəbinin rəhbəri İlqar Məmmədovun məsələsini İlham Əliyevlə müzakirə etdim və yaxın zamanlarda da təkid edəcəm ki, bu şəxsləri ziyarət edim”.
Diplomatın sözlərinə görə, prezident İlham Əliyev tezliklə bu şəxsləri ziyarət imkanı yaradılacağını bildirib: “Həll yollarını birgə tapmaq üçün biz onlar barədə danışmalıyıq. Mən təkid edirəm, çünki bizim əməkdaşlıq üçün lazımi vasitələrimiz var”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova verilən suallar arasında bir neçə dəfə ReAL sədri İlqar Məmmədovun azad edilməsi və bu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı xatırladılıb.
XİN rəhbəri cavab verib ki, bu məsələ izlənəcək, amma hüquqi prosedura müdaxilə edə bilməz: “XİN rəhbəri olaraq mənim çiynimə hüquqi prosedura müdaxilə etməyi qoymaq istəyirsiniz, amma bunu heç bir şəklində qəbul etmirəm. AİHK qərarı var, yerinə yetirilməsini izləyəcəyik”.
Toplantı davam edir.