Azade Rojhan bəyanatında akademik azadlığın ifadə azadlığı hüququ ilə qorunduğunu xatırladıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Rojhan etnik tədqiqatçı İqbal Əbilovun “vətənə xəyanət” ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsinə dair bəyanat yayıb.
Mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə münasibət bildirən Azade Rojhan İqbal Əbilovun “vətənə xəyanət” və “nifrət çağırışları” ittihamı ilə məhkum edilməsindən narahatlığını ifadə edib.
“Bu ittihamların əsasını onun erməni alimləri ilə apardığı peşəkar elmi mübadilələr təşkil edir. Əbilov tarixçi və etnoqraf kimi talış azlığının tarixi və mədəniyyəti üzərində tədqiqat aparırdı”, – baş məruzəçi deyib.
Azade Rojhan akademik azadlığın ifadə azadlığı hüququ ilə qorunduğunu xatırladaraq qeyd edib ki, bu, demokratik cəmiyyətlərin əsas sütunlarından biridir və tədqiqatçılar siyasi müdaxilədən qorunmalıdır.
“Mən Azərbaycan hakimiyyətini Əbilova qarşı irəli sürülmüş ittihamları təcili şəkildə yenidən nəzərdən keçirməyə və onu azad etməyə çağırıram. Eyni zamanda, ifadə azadlığından istifadə etdiyinə görə həbs edilmiş bütün digər şəxslər – insan hüquqları müdafiəçiləri, jurnalistlər və alimlər – dərhal azad olunmalıdır”, – AŞPA məruzəçisi vurğulayıb.
“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.
O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.