AŞPA məruzəçisi Əli Kərimli ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib

Videodan screenshot

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Rojhan (Azadeh Rojhan) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs olunması ilə bağlı narahatlığını ifadə edib.  

Bu barədə baş məruzəçi bəyanat yayıb. 

“Əli Kərimlinin hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə ilkin istintaq müddətində həbsdə saxlanması barədə verilən son qərardan dərin narahatam. Bu, Azərbaycanda siyasi müxalifət üçün daralan məkanın narahatedici tendensiyasının son nümunəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi daha əvvəl onun xeyrinə iki dəfə qərar çıxarıb, xüsusilə də onun seçilmək hüququnun və sərbəst hərəkət etmək hüququnun pozulduğunu müəyyən edib”, – bəyanatda belə deyilir.

Azade Rojhan Azərbaycan hakimiyyətini Əli Kərimli barəsində irəli sürülən ittihamları tez bir zamanda yenidən nəzərdən keçirməyə və ona qarşı hazırkı cinayət işinə dair proseslərin Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Azərbaycanın öhdəliklərinə tam uyğun şəkildə aparılmasını təmin etməyə çağırıb. 

Əli Kərimli noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.

Ana səhifəSiyasətAŞPA məruzəçisi Əli Kərimli ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib