AŞPA məruzəçisi Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna çağırır

AbzasMedia – Collage: Meydan TV

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və insan hüquqları müdafiəçilərinin həyatına və təhlükəsizliyinə olan təhdidlər” üzrə məruzəçisi Kristof Lakrua Bakı Apellyasiya Məhkəməsinin “AbzasMedia işi” ilə bağlı son qərarından məyusluq hissi keçirdiyini bildirib. 

Bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər. Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məruzəçi sentyabrın 12-də yaydığı bəyanatında bildirir ki, AbzasMedia jurnalistlərinə qarşı “qaçaqmalçılıq” kimi ittihamların irəli sürülməsinin səbəbi, onların tənqidi materialları, xüsusilə də korrupsiya araşdırmalarıdır.

“AbzasMedia jurnalistlərinin məhkum edilməsi, təəssüf ki, təcrid olunmuş bir hal deyil, Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı geniş və davamlı təzyiq modelinin bir hissəsidir. Mətbuat azadlığı, fəaliyyət göstərən hər hansı bir demokratik cəmiyyətin təməl daşıdır. Müstəqil jurnalistikanın, xüsusilə şəffaflıq və hesabatlılıq məsələlərinə dair araşdırmaların məhdudlaşdırılması, yaxşı idarəetmənin əsaslarını sarsıdır”.

Lakrau Azərbaycanın cəsarətli jurnalistləri və insan hüquqları müdafiəçiləri ilə həmrəy olduğunu, onların fəaliyyətini dəstəklədiyini bildirir. Həmçinin qeyd edir ki, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərinə uyğun olaraq onların azadlığa buraxılmasına çağırışlar edəcək:

“Mən Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna qayıtmağa çağırıram. İnsan hüquqlarına hörmət etmək, plüralizmin təşviqi və beynəlxalq ictimaiyyətlə konstruktiv əməkdaşlıq qurmaq- firavan və dinc gələcəyə doğru atılacaq vacib addımlardır”.

2024-cü ilin yanvarında AŞPA Azərbaycanın səsvermə hüququnu dayandırıb. Qərarın əsas səbəbi kimi Azərbaycan hökumətinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməməsi göstərilib. 

Bakı bu addıma cavab olaraq AŞPA ilə əməkdaşlığı rəsmi şəkildə dayandırdığını bəyan edib və əleyhinə səs verən bəzi Avropa parlamentarilərini ölkəyə buraxmamaq qərarı alıb.

Azərbaycan rəsmiləri bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunacağı təqdirdə qurumla əməkdaşlığa yenidən hazırdırlar.

 “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son siyahısına görə, hazırda ölkədə 375 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə təqib olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.

Ana səhifəSiyasətAŞPA məruzəçisi Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna çağırır