AŞPA jurnalistlərin ölkədən çıxışına qoyulmuş qadağanın ləğvini istəyir

Qurum mətbuat azadlığının vəziyyəti ilə bağlı qətnamə qəbul edib

Source:
AŞ PA
AŞ PA


Qurum mətbuat azadlığının vəziyyəti ilə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən sessiyasında ukraynalı deputat Vladimir Arevin mətbuat azadlığı sahəsində vəziyyət haqqında hazırladığı 2141 saylı qətnamə qəbul edilib.

“Turan” İA-nin məlumatına görə, məruzədə Avropa Şurasına üzv ölkələrdə mətbuat azadlığının vəziyyətinin pisləşdiyi qeyd edilib. Həmçinin 2015-ci ilin yanvarından etibarən 16 jurnalistin həlak olduğu vurğulanıb.



“Təqiblərə son qoyulsun!”

Qətnamədə Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyi, jurnalistlərin və bloqqerlərin təqibinin gücləndiyi qeyd olunur. Bununla əlaqədar AŞPA Azərbaycan hakimiyyətini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təqibinə son qoymağa və onun işçilərinin ölkə ərazisində azad fəaliyyət göstərməsinə imkan verməyə; bloqqer Mehman Hüseynovun təqibinə son qoymağa, onun şəxsiyyət vəsiqəsini qaytarmağa və onunla qeyri-insani rəftar faktlarını araşdırmağa; Meydan TV müstəqil internet resursuna qarşı cinayət işlərinə son qoymağa, onun əməkdaşlarına və bu kanalla əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlərə son qoymağa, habelə onların ölkədən çıxışına qoyulmuş bütün qadağaları ləğv etməyə; Azadlıq Radiosunun Azərbaycan xidmətinə qarşı bütün araşdırmalara son qoymağa və redaksiyanın Bakıda normal fəaliyyət göstərməsinə imkan verməyə çağırıb.



Türkiyə hakimiyyətinin siyasəti narahatlıq doğurur

Qətnamədə bildirilir ki, yüzlərlə jurnalisti terrorçularla əlbir olmaqda və milli təhlükəsizlik üçün təhlükə yaratmaqda ittiham edən Türkiyə hakimiyyətinin siyasəti AŞPA-da xüsusi narahatlıq doğurur. Qətnamə bu ölkədə həbs edilmiş bütün KİV işçilərinin azad edilməsini və ölkədə hadisələrin “dramatik” inkişafına son qoyulmasını tələb edir.



“Mətbuat azadlığının olmaması təəssüf doğurur”

Sənəddə “Rusiyanın işğal etdiyi Krım yarımadasındakı” vəziyyətdən, burada tatar əsilli jurnalistlərin, habelə Kiyevə loyal olan mətbuat işçilərinin fəal təqibinin davam etməsindən narahatlıq ifadə olunur.

Qətnamədə həmçinin Dağlıq Qarabağ (Azərbaycan), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) kimi separatçıların nəzarəti altında olan ərazilərdə mətbuat azadlığının olmamasından təəssüf ifadə olunur

Ana səhifəXəbərlərAŞPA jurnalistlərin ölkədən çıxışına qoyulmuş qadağanın ləğvini istəyir