AŞPA Dəyərləndirmə Missiyası referendumu legitim qiymətləndirib

”Referendumun nəticələri Azərbaycan xalqının ölkənin stabil, dayanıqlı, təhlükəsiz, demokratik inkişafı yönündə addım atmaq və daha davamlı, effektiv sistem yaratmaq istəyini əks etdirir”

Source:
Aleksandr Nikoloski foto sosial şəbəkə
Aleksandr Nikoloski foto sosial şəbəkə


”Referendumun nəticələri Azərbaycan xalqının ölkənin stabil, dayanıqlı, təhlükəsiz, demokratik inkişafı yönündə addım atmaq və daha davamlı, effektiv sistem yaratmaq istəyini əks etdirir”

“Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı 26 sentyabr referendumu milli qanunvericiliyə uyğun təşkil edilib və legitim qiymətləndirilir”. Bu barədə AŞPA-nın qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski sentyabrın 27-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səsvermə şəffaf olub və yaxşı təşkil edilib, dinc şəraitdə keçib. Səslərin hesablanması zamanı ciddi pozuntu qeydə alınmayıb. “Bununla əlaqədar biz xalqın iradəsinə hörmətlə yanaşırıq”, – o vurğulayıb.

Missiya hesab edir ki, referendumun nəticələri Azərbaycan xalqının ölkənin stabil, dayanıqlı, təhlükəsiz, demokratik inkişafı yönündə addım atmaq və daha davamlı, effektiv sistem yaratmaq istəyini əks etdirir.

Bununla yanaşı missiya Konstitusiyaya təklif edilən düzəlişlərin qiymətləndirilməsi üçün Azərbaycan hakimiyyətinin Venesiya Komissiyasına (VK) müraciət etməməsindən təəssüfləndiyini bildirib.

Missiya AŞPA Bürosunun VK-ya öz rəyini söyləməsilə bağlı təklifini alqışlayıb.

Nümayəndə heyəti Azərbaycan hökumətini düzəlişlərin tətbiqi zamanı və hakimiyyət qolları ilə parlamentin rolu arasında balansın təminatı üçün VK-nın rəyinə hörmətlə yanaşmağa çağırıb.

Həmçinin nümayəndə heyəti hakimiyyəti opponentləri ilə dialoqa çağırıb və referendum öncəsi ilkin debatların olmamasından təəssüfləndiyini bildirib.

Konfransda referendum öncəsi bir sıra fəalın cinayət ittihamı ilə həbsindən təəssüf ifadə olunub. Ancaq missiya hüquqi məsələlərə müdaxilə etmək mandatının olmadığını qeyd edib.

A.Nikoloski bildirib ki, referendum öncəsi düzəlişlərə tərəfdar və əleyhinə olanların öz mövqelərini ifadə etməsi üçün imkanları olub. Ancaq o, bu imkanların nə qədər proporsional olması barədə sualın cavabından yayınıb və qeyd edib ki, yalnız nümayəndə heyətinin bəyanatını səsləndirmək səlahiyyəti var.

A.Nikoloski deyib ki, bu, ilkin rəydir və yekun hesabat AŞPA-ya təqdim olunacaq.

Başqa sual vermək istəyən şəxslər olmadığından Turan-ın müxbiri daha bir sual verməyə cəhd göstərib. Lakin Nikoloski buna imkan verməyərək deyib ki, təyyarəyə gecikir.

“Turan” İA-nın məlumatına görə, AŞPA nümayəndə heyəti Azərbaycanın dövlət dilinə hörmət etməyərək press-relizi ancaq ingilis dilində yayıb.

Ana səhifəXəbərlərAŞPA Dəyərləndirmə Missiyası referendumu legitim qiymətləndirib