Müsavat Partiyası bəyanat yaydı
“23 iyun 2015-ci il tarixində Avropa Şurası Parlament Assambleyasında 140 lehinə, 13 nəfər əleyhinə olmaqla “Azərbaycanda demokratik institutların fəaliyyəti” ilə bağlı qətnamə qəbul edilib.
Qəbul edilən qətnamə, xüsusilə də Azərbaycan hakimiyyətinin siyasi islahatlar və demokratikləşmə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, siyasi məhbusları azad etməkdən imtina etməsi məsələsinə dair bölmə Azərbaycandakı mövcud vəziyyəti tam əks etdirir”.
Bu fikirlər Müsavat Partiyasının yaydığı bəyanatda yer alıb. Meydan TV-yə göndərilmiş bəyanatda daha sonra deyilir:
“Azərbaycan hakimiyyəti daxili siyasətdə avtoritarizmi möhkəmləndirmə xəttindən əl çəkməməklə, xarici siyasətində mütərəqqi dünyanı Azərbaycana qarşı çevirməklə dövlət maraqlarını və ölkənin milli təhlükəsizliyini ağır zərbə altına qoyur.
Müsavat Partiyası bəyan edir ki, hakimiyyət mütərəqqi dəyərlərə zidd fəaliyyətə, dünya birliyinə qarşı uğursuz təbliğat kampaniyalarına, Azərbaycanı dünyadan təcrid siyasətinə son qoymalı, qaldırılan siyasi və insan haqları problemlərinin həlli yolunda əməli addımlar atmalı, ilk növbədə siyasi məhbusları dərhal azadlığa buraxmalıdır”.