“Hakimiyyətin bundan nə qazandığını isə heç cür anlamıram”
“Aslan Ismayılov və partnyorları” vəkil bürosunun fəaliyyəti dayandırılıb. Bu barədə büronun rəhbəri, tanınmış vəkil Aslan Ismayılov özünün Facebook səhifəsində yazıb.
Aslan Ismayılov bildirib ki, vəkillik fəaliyyətinə son qoyulması məsələsini hakimiyyət növbəti dəfə uğurla həll etdi. ”Aslan Ismayılov və partnyorları” vəkil bürosunun da fəaliyyəti dayandırıldı. Bununla da, 1999-cu ildə olduğu kimi, yenə də kifayətlənmirlər.
“1999-cu ildə vəkillik fəaliyyətimə xitam verildikdən sonra, o dövr mövcud olan lisenziya qaydalarına əsasən, vəkillik fəaliyyətimi davam etdirirdim. 2000-ci ildə lisenziya qaydalarını ləğv etdilər və məcbur olub hər iş üzrə etibarnamə götürüb nümayəndə kimi məhkəmələrə çıxdım. Bu günlərdə qanuna edilən dəyişikliklərə əsasən artıq cinayət işləri üzrə məhkəmələrə zərərçəkmişin nümayəndəsi kimi də çıxa bilmərəm. Nümayəndəlik institutunun ləğv ediləcəyinə inanmıram və vəkillik fəaliyyətimi məhkəmələrdə mülki işlərə çıxmaqla davam etdirəcəm. Düzdür, işim və buna uyğun halal zəhmətimlə qazandığım gəlirim azaldı. Əvəzində isə ölkədə baş verən özbaşnalıqlara ayıracağım daha geniş vaxtı qazandım. Həyatda məqsədimin heç də təkcə pul qazanmaq olmadığını nəzərə alsaq mənim itirdiyim bir şey olmadı. Hakimiyyətin bundan nə qazandığını isə heç cür anlamıram. Axı bir dəfə 1999-cu ildə məni özlərinə tabe etdirmək üçün bu yolu seçdilər və nəticədə heç nə qazanmadılar. Növbəti dəfə də eyni yolu seçmələrini heç cür başa düşmürəm. Bu cılız addımlarla məni özümdən çıxarmaq, səhhətimi pozmaq istəyirlərsə, bu da alınmayacaq”,-deyə tanınmış vəkil İsmayılov bildirib.