Anar Bağırov ona vəkillik vəsiqəsini təqdim edib
2013-cü ildə Vəkillər Kollegiyasından çıxarılan Aslan İsmayılov quruma bərpa olunub.
Bu barədə Aslan İsmayılov özü “Facebook” səhifəsində məlumat paylaşıb.
A.İsmayılovun sözlərinə görə, aprelin 11-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin onun üzvlüyə bərpa edilməsiylə bağlı iclasın protokolundan çıxarışı və vəkillik vəsiqəsini təqdim edib. Rəyasət Heyətinin iclası aprelin 8-də keçirilib.

A.İsmayılov xatırladıb ki, Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun böhtanına əsasən N.Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə vəkillikdən xaric edilib:
“Ardınca Elnur Həsənov Bakı Apelyasiya Məhkəməsinin hakimi oldu. 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqımda çıxardığı qərarları qanunsuz saydı. Təxminən 1 il yarımdan sonra, 2021-ci il tarixdə Ali Məhkəmə bütün məhkəmə qərarlarını, bu ilin martında isə Bakı Apelyasiya Məhkəməsi vəkillikdən xaric edilməyimlə bağlı məhkəmə qərarını ləğv etdi”.