O, Zakir Qaralov və Ramil Usubova “Bakıda bu cür idmançılardan istifadə edib əllərində avtomat öz vətəndaşlarımıza hədə-qorxu gələrək mülklərini əllərindən alırlar, torpaqlarımızı işğal etmiş düşmənlərə qarşı isə 18-20 yaşlı gənc uşaqlarımızı ön cəbhəyə göndərirsiz” – deyə müraciət etdi.
Tanınmış hüquqşünas Aslan İsmayılov baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Aslan İsmayılov müraciətinin məqsədinin “Baku Steel Company”nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun silahlı dəstələri və bu dəstələr vasitəsilə iş adamlarının əmlaklarının zorla əllərindən alınması ilə bağlı olduğunu bildirib.
O, əvvəllər də bu cür müraciət etdiyini xatırladaraq heç bir tədbir görülmədiyinə təəssüflənib: “Əvəzində isə mən 30 may 2013-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb fiziki zorakılığa, təhqirə məruz qalmış və ölümlə təhdid edilmişəm. Bu barədə də Sizə yazılı müraciət etmişəm. Yenə heç bir tədbir görməmisiniz”.
Aslan İsmayılov 2010-cu ildən başlayaraq bu silahlı dəstələrin basqınları nəticəsində onlarla iş adamlarının mülkləri zorakılıqla əllərindən alındığını bildirib. Hüquqşünas Facebook səhifəsində (
mənbə
) bir sıra şəkillər də paylaşdığını xatırladıb: “Şəkillərdən birində isə məhz illərdir dediyimiz bu quldur dəstəsinin bir üzvü, Uğur Atakişiyev adlı birisi təhqir yazaraq məni açıq-aşkar təhdid etib. Mənə qarşı son bir neçə ildə olan qanunsuzluqların (8 may 2013-cü il tarixdə vəkillikdən xaric edilməyim, 16 may 2013-cü ildə zorla Nərimanov rayon polisinə aparılmağım, 30 may 2013-cü ildə ölümlə təhdid olunmağım) başında Rasim Məmmədov və onun havadarlarının olduğu mənim kimi Sizə də bəllidir. Niyə tədbir görmürsünüz, o da mənə bəllidir. Özümlə bağlı hər məsələni qoyuram kənara. Hərçənd ki, mən də Azərbaycan vətəndaşıyam, mənim də haqlarımın qorunması Sizin vəzifə borcunuzdur. Mənə maraqlı olan başqa məsələdir. Axı Siz ildə bir neçə dəfə başçılıq etdiyiniz kollektivin qarşısında çıxış edib bildirirsiniz ki, ölkədə cinayətkarlıqla amansız mübarizə aparırsınız. O vaxtlar heç bu hallar yadınıza düşmürmü? Bakıda bu cür idmançılardan istifadə edib əllərində avtomat öz vətəndaşlarımıza hədə-qorxu gələrək mülklərini əllərindən alırlar, torpaqlarımızı işğal etmiş düşmənlərə qarşı isə 18-20 yaşlı gənc uşaqlarımızı ön cəbhəyə göndərirsiz”.
Aslan İsmayılov “müraciətinin nəticəsiz qalacağına və həyatda qalmağıma təhlükə yaradacağını bilməmiş deyiləm” – deyə yazaraq əlavə edib ki, həyat ədalətlidir və hər kəs gec-tez öz əməlinə görə cəzasını alacaqdır: “Mən vətəndaş borcumu yerinə yetirdim. İndi söz Sizindir”.