Aslan İsmayılov öz məhkəməsində iştirakdan imtina etdi

Aslan İsmayılov

Aslan İsmayılov

"Həbs edə bilərsiz, edin..."

Sentyabrın 17-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılov haqqında cinayət işinə baxılmalıydı. Lakin A.İsmayılov məhkəmədə iştirakdan imtina etdiyinə görə proses baş tutmayıb.

A.İsmayılov bildirib ki, hakimə öncədən məktub göndərib. Məktubunda da keçən məhkəmə iclasında qaldırdığı, amma təmin olunmayan vəsatəti bir daha təkrarlayıb - hüquqşünas məhkəmə iclasında baş verənlərin videolentə alınmasını istəyir.

"Mən ötən məhkəmə iclasında hakimə bildirdim ki, bu proses sizi də yorub, məni də. Qanuna əməl edib işi başqa məhkəməyə göndərmirsinizsə, heç olmasa, videoçəkilişə icazə verin. Mənim başqa yolum yoxdur. Cəmiyyətə hesabat vermək üçün bu, bir vasitədir. Əgər cinayət işinin materialları, məhkəmə protokolları belə saxtalaşdırılırsa, videogörüntülər yeganə çıxış yolu kimi qalır. Əgər bu hakimiyyət ədalətli məhkəmə keçirmək istəyirsə, hesab edirlərsə ki, doğrudan da, mən cinayətkaram, açıq məhkəmə keçirilsin, videogörüntüləri də ortaya qoyub sübut eləsinlər ki, baxın bu adam cinayətkardır. Eləmirlər, çünki o prosesdə cinayət işinin saxta olduğu sübut olunur", - deyə Aslan İsmayılov bildirib.

A.İsmayılovun sözlərinə görə, məhkəməyə getmədiyinə görə onun haqqında həbs-qətimkan tədbiri seçilə bilər: "Məni həbs edə bilərsiniz, edin..."

Hüquqşünasın sözlərinə görə, Baş prokuror Zakir Qaralovun sifarişilə onun haqqında saxta cinayət işi quraşdırılıb. Təqiblərə məruz qaldığını deyən və buna görə Baş prokurorla yanaşı, ədliyyə naziri Fikrət Məmmədovu, prezidentin köməkçisi Əli Həsənovu da ittiham edən hüquqşünas Milli Onkologiya Mərkəzindəki rüşvətxorluq hallarını ictimailəşdirdiyinə görə hədəfə çevrildiyini söyləyir: "Mənim bu hakimiyyətlə problemim yoxdur. Açığını deyirəm, əgər onların dediklərini eləsəm, mənə müxalifətdən də yaxın olarlar".

2017-ci il oktyabrın 2-də A.İsmayılov haqqında Cinayət Məcəlləsinin 221.1 maddəsilə cinayət işi başlanıb. Hüquqşünas xuliqanlıqda ittiham olunur.

Sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində də A.İsmayılovun işinə baxılıb. A.İsmayılov islah işlərinə məhkum edilməsi barədə Səbail Rayon Məhkəməsinin hökmündən şikayət vermişdi. Hökm işadamı, "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənlinin iddiası əsasında çıxarılıb. İşadamı iddia edir ki, A.İsmayılov sosial şəbəkələrdə onu "dələduz" adlandırmaqla təhqir edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/riwe0a

Ən çox baxılan