Aslan İsmayılov məhkəmə tərkibinə etiraz edib

Hüquqşünas barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib

Source:
Aslan İsmayılov
Aslan İsmayılov


Hüquqşünas barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib

Binəqədi Rayon Məhkəməsində keçmiş vəkil Aslan İsmayılov haqqında cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İyunun 20-də məhkəmənin hazırlıq iclasında A.İsmayılov Binəqədi Rayon Məhkəməsinin bütün tərkibinə yazılı şəkildə etiraz verib.

Hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. İttihama görə, Binəqədi Rayon Məhkəməsində xuliqanlıq edib – məhkəmədə qapını çırpıb, nəticədə divarın suvağı tökülüb, səs-küy nəticəsindş məhkəmənin işi pozulub.

A.İsmayılov haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən hüquqşünas bu gün məhkəmədə etirazını əsaslandırarkən bildirib ki, Binəqədi Rayon Məhkəməsində obyektiv, ədalətli qərar çıxarıla bilməz. Çünki bu məhkəmə baxılan işdə maraqlı tərəfdir. İstintaq zamanı dindirilən şahidlərin əksəriyyəti bu məhkəmənin hakim və əməkdaşları olub.

A.İsmayılovun sözlərinə görə, işinə baxan hakim Mirheydər Zeynalovun ona qarşı qərəzli olması isə bundan əvvəl başqa bir işdən məlumdur: “Mənim Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığım iddianı heç bir əsas olmadan rədd edib”.

A.İsmayılov əlavə edib ki, işinə hər hansı başqa məhkəmədə baxılmasına etiraz etmir.

Hakim etirazla bağlı qərarını növbəti iclasda açıqlayacaq. Növbəti iclas iyunun 25-də keçiriləcək.

A.İsmayllov haqqında bu cinayət işi 2017-ci ilin oktyabrında başlanıb. Hüquqşünas ittihamı qəbul etmir. Bildirir ki, ittiham saxtadır, cinayət işi sifariş əsasında quraşdırılıb.

A.İsmayılov ədliyyə naziri Fikrət Məmmədov və prezidentin köməkçisi Əli Həsənovu ittiham edir.

A.İsmayılovun ittiham olunduğu maddədə min manatdan üç min manatadək cərimə, bir ilədək islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması, yaxud da bir ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərAslan İsmayılov məhkəmə tərkibinə etiraz edib