Aslan İsmayılov: Fuad müəllim, prezidentə çatdırın ki…

Məzuniyyətdə olduğu deyilən hakim proses aparıb

Source:
Aslan İsmayılov
Aslan İsmayılov


Məzuniyyətdə olduğu deyilən hakim proses aparıb

Keçmiş vəkil, “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov onun Binəqədi Rayon Məhkəməsində xuliqanlıq etdiyini iddia edən hakim Rəşad Məmmədovun məhkəmədə dindirilməsini tələb edir. Xuliqanlıq ittihamıyla barəsində cinayət işi başlanmış hüquqşünas bir neçə iclasdır ki, bu tələbi səsləndirsə də, hakim çağrılıb dindirilmir.

Oktyabrın 29-da Binəqədi Rayon Məhkəməsində hüquqşünas haqqında cinayət işinə baxılarkən A.İsmayılov bir daha bu tələblə çıxış edib. Məhkəmə prosesinə sədrlik edən hakim Mirheydər Zeynalov bildirib ki, istintaqda şahid qismində dindirilmiş hakim Rəşad Əliyev məzuniyyətdədir, ona görə yenə dindirə bilməyəcəklər.

Binəqədi Rayon Məhkəməsinin dəftəxanasının müdiri Anar Mövsümov isə dindirilib. O bildirib ki, A.İsmayılovun “mən burada ola-ola xəbərim olmadan mənim işimə necə baxmısız?”, “hakim gəlsin, qərarı elan eləsin” dediyini eşidib. Bu da 3-4 dəqiqə çəkib.

A.İsmayılov onun doğru danışdığını söyləyib. Hüquqşünasın sözlərinə görə, həmin gün onunla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev arasında təhqirə görə məhkəmə işi vardı. O da səhər 9-dan məhkəməyə getmişdi. Uzun müddət gözləsə də, hakim Rəşad Əliyev gəlməyib. Bir qədər keçəndən sonra köməkçisi gəlib deyib ki, artıq qərar çıxarılıb, Hafiz Hacıyevə qarşı iddia təmin edilməyib. A.İsmayılov da qərarın onun iştirakı olmadan çıxarılmasına etiraz edib.

A.İsmayılov haqqında cinayət işi üzrə məhkəmənin noyabrın 5-nə qədər təxirə salındığı elan olunub. A.İsmayılov çıxıb gedəndə birinci məhkəmə zalında hakim Rəşad Əliyevin icraatındakı işə baxdığını görüb. Bir neçə dəqiqə əvvəl öz məhkəməsində isə ona deyilmişdi ki, bu hakim məzuniyyətdədir.

A.İsmayılov məhkəmədə yalan danışılmasına etirazını bildirib. Hüquqşünas daha sonra sosial şəbəkələr vasitəsilə Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. Həm bu, həm də xüsusi ittiham qaydasında ona qarşı açılmış cinayət işlərinin ictimai fəaliyyətilə bağlı olduğunu deyən vəkil bildirib ki, məhkəməsi qəsdən uzadılır: “Fuad müəllim, öz sahənizdə baş verənləri prezidentə çatdırın. Bu ölkəni bu qədər alçaltmaq olmaz. Bu ölkə kiminsə dədə malı deyil. Bu, həm də prezidentə hörmətsizlikdir. Çünki ölkədə hüququn təminatçısı prezidentdir.

İlyarımdır məhkəmələrdə məni zəlil qoyublar. Əxlaq, tərbiyə nə olduğunu bilməyənlər məndən xuliqan düzəldirlər.

Mənə böhtan yağdıran, saxta əkt tərtib edən hakimi dindirmək istəmirlər”.

A.İsmayılov 2017-ci il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin onun Hafiz Hacıyevə qarşı iddiasını təmin etməməsinə etiraz olaraq, səs-küy salıb, qapını möhkəm çırpıb xuliqanlıq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

A.İsmayılov özünü təqsirli bilmir, cinayət işinin saxta olduğunu, siyasi sifarişlə hazırlandığını bildirir. O, hesab edir ki, məhkəmə ədalətli, obyektiv keçirilsəydi, onun təqsirsizliyi də sübut olunardı. Ona görə də hakimdən xahiş edirdi ki, proses videolentə alınsın. Lakin hakim bu barədə vəsatəti təmin etməmişdi. Bundan sonra A.İsmayılov məhkəmədə iştirakdan imtina etmişdi.

İyul və avqust aylarında Səbail Rayon Məhkəməsində Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında A.İsmayılov Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsiylə təqsirli bilinərək, onun haqqında iki ittiham hökmü çıxarılıb.

Ana səhifəXəbərlərAslan İsmayılov: Fuad müəllim, prezidentə çatdırın ki…