18.26.
Təşkilatçıların məlumatına görə, aksiya iştirakçılarından Tahir Zəngilanlı və Anar Musayev Lökbatan qəsəbəsində sərbəst buraxılıblar. Əmrah Təhməzov barəsində heç bir məlumat yoxdur.
***
18.05
.
Qiyas İbrahimov və Tural Məmmədov Cəlilabad rayonuna aparılıb. Onları rayonda sərbəst buraxıblar. Məlumatı Meydan TV-yə "Azad Sol İttifaq”ının üzvləri verib.
***
16.33.
Bakı Şəhər Baş Polis İdarəsi "Azad Sol İttifaq”ının (ASİ) keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.
Polisin açıqlamasında bildirilir ki, aksiya zamanı saxlanılan olmayıb:
"Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb".
***
16.20.
Aksiya təşkilatçılarının Meydan TV-yə verdikləri məlumata görə, tədbirdə ReAL Partiyasının üzvü Novruz Əliyev, ictimai fəallar Emin Xəlilli, Həsən, İsgəndər, Toğrul Qaralı, Bayram Bayramov, Pərvin Əliyev, Gündüz Şeyxanov, Vahid Şıxəlizadə, Fatimə Mövlanlı, Səbinə Rəhimova, Aytac Ağazadə də saxlanılıblar.
Aksiyanın təşkilatçısı “Azad Sol İttifaq”ın təmsilçisi Qiyas İbrahimov aksiyadan əvvəl saxlanılıb.
***
Fəalların bir qismi polis tərəfindən saxlanılıb
Sentyabrın 9-da “Azad Sol İttifaq”ının (ASİ) çağırışıyla Konstitusiya Məhkəməsinin qarşısında Tofiq Yaqublunun həbsinə etiraz aksiyasına cəhd olub.
Aksiyadan əvvəl Konstitusiya Məhkəməsinin və Nizami Gəncəvinin heykəlinin qarşısı polislər tərəfindən mühasirəyə alınıb.
Polislər tədbirdən əvvəl 10-dan çox gənci saxlayıblar.
Saxlanılanlardan Tapdıq Məmmədov, Bəxtiyar Məmmədli, Hüsü Xanlarlı, Gülnarə Mehdiyeva və digərləri 20 Yanvar metrostansiyası qarşısında buraxılıblar.
Daha sonra Tofiq Yaqublunun qızı Nigar Həzi, ictimai fəallar Bəxtiyar Hacıyev, Rüstəm İsmayılbəyli, Nərmin Şahmarzadə, Şəhla Kərimli, Vəfa Nağı, Bəhruz Səmədov, AXCP üzvü Mətanət Rzayeva, NİDA üzvləri Elmir Abbasov, Rəbiyyə Məmmədova, Ülvi Həsənli saxlanılıblar.
Bəxtiyar Hacıyev Səbail Rayon Polis İdarəsinə aparıldığını bildirib.
“Azad Sol İttifaq” aksiyadan əvvəl yaydığı açıqlamada xatırladıb ki, Tofiq Yaqubluya qarşı absurd ittihamlarla cinayət işi açılmış və cinayət əməli faktiki olaraq sübut edilməyərək, sırf barışmaz siyasi müxalif mövqeyindən dolayı Azərbayan siyasi hakimiyyəti tərəfindən şərlənərək 4.3 il azadlıqdan məhrum edilib.
Tofiq Yaqublu siyasi şəxsə çevrildiyi vaxtdan bütün ömrü boyu siyasi hakimiyyətin basqılarına qarşı barışmaz müxalif mövqe sərgiləmiş və buna qarşılıq aldığı cəzalara rəğmən heç vaxt geri çəkilməyib.
T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib.
İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub.
Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.
Tofiq Yaqublu həbsinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirdir.
"Human Rights Watch", "Amnesty International" təşkilatları, ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı bəyanat yayıblar.
Sentyabrın 8-də azərbaycanlı jurnalist Əfqan Muxtarlı Berlində Almaniyanın Kansleri angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyasına başladığını elan edib. Eyni zamanda, Müsavat Partiyasının qərargahında bir qrup gənc Tofiq Yaqublunun həbsinə etiraz olaraq aclıq aksiyası keçirirlər.