ASAN Xidmət: Həmin saytlar çaşqınlıq yaradırdı

”Oxşar saytlar vasitəsilə əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi”

Source:


”Oxşar saytlar vasitəsilə əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi”

Azərbaycanda adında “asan” sözü olan bir sıra saytların “domen”-ləri əllərindən alınıb. Artıq həmin saytlara giriş mümkünsüzdür. Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev və İT üzrə mütəxəssis Vahid Qasımov öz “Facebook” səhifələrində məlumat yayıblar.

Məlumatda bildirilir ki, “xorasan.az” saytı online xalça satışı etmək istəsə də, ASAN Xidmət adda asan sözü olduğu üçün saytı bağlatdırıb.

Qadağan olunan domenlərdən biri də xaricə səfərlər üçün xidmət göstərən vizam.az saytına məxsusdur. Saytın rəhbəri Baba Ağayev Çində olduğundan qarşılaşdığı durumun səbəbini bilmədiyini, heç bir bildiriş almadığı haqda qeydlərini paylaşıb:

“Mən də hələ dəqiq səbəbini bilmirəm, heç bir bildiriş almamışıq. Ümid edirəm ki, biz o qədər də absurd ölkədə yaşamırıq və məsələ tezliklə həllini tapacaq”.

Bir neçə il əvvəl azadliq.az domeni də fərqli situasiyayla üzləşmişdi, sayt ləğv edilmiş, təhqiramiz videolar yerləşdirilmişdi.



İnternetin formalaşmasında ən ciddi problem

Baş verənlərə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində münasibət bildirib.

Onun sözlərinə görə, milli domenlərin qeydiyyatının tənzimlənməsi məsələsi Azərbaycan İnterneti formalaşandan bəri ən ciddi problem olub və olaraq da qalır:

“20 ildir ki, milli domenimiz müxtəlif dövlət qurumlarının, fərdi şəxslərin marağında olub. Domeni özüm götürəcəyəm – özüm də idarə edəcəyəm deyən nazirlə AİF-in 2 illik məhkəməsi də olub. Dəfələrlə bu məsələ müzakirəyə çıxarılsa da, AİF tərəfidən bu məsələ gündəmə gətirilsə də, öz həllini tapmayıb.

Hazırda “az” domeninin tənzimlənməsi ilə bağlı konkret situasiya belədir: Mövcud qanunvericiliyə görə, milli domenin tənzimlənməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əlaqədar qurumlarla birgə həyata keçirilməlidir. Yəni bu təklikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətinə aid məsələ deyil. Bu məqsədlə domenin tənzimlənməsi qurumu formalaşdırlmalıydı, bunu da təbii ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi etməli idi. Təəssüf ki, nazirlik bunu indiyədək gerçəkləşdirməyib”.



“İnhisarçılıq var”

Osman Gündüz foto sosial şəbəkə

Osman Gündüz iddia edir ki, qeydiyyat prosesində inhisarçılıq mövcuddur:

“Qeydiyyat da yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun deyil. Ümid edirik, yeni rəhbərlik bu məsələni yenidən gündəmə gətirəcək və beynəlxalq normalara uyğun həll edəcək. Odur ki, hazırda mövcud olan qaydaların hər hansı hüquqi əsası yoxdur. Qanunvericiliyə uyğun olaraq hazırlanmayıb, bildiyim qədər Ədliyyə Nazirliyi də məhz buna görə onu təsdiq etməyib və mövcud normalara ziddir”.

“Bu gün gündəmə gələn domen məsələsi də Azərbaycan İnternet Forumu olaraq bizi ciddi narahat edib. İlkin təəssüratlarımız belədir ki, mövcud qanunvericiliyin tələbləri pozulub. Artıq biz bəzi üzvlərimizlə bunu müzakirə etmişik. Həm də MilliNet təqdimatı olduğundan, güman ki, sabah biz bu məsələni ciddi olaraq araşdırıb rəsmi açıqlama verəcəyik”,-deyə Osman Gündüz fikrini yekunlaşdırıb.

Meydan TV məsələ ilə bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovla əlaqə saxlayıb.

A.Hüseynov xatırladıb ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” prezidentin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb:

“Lakin bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi. Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər. Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub. Qeyd edək ki, Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar isə ölkənin imicinə zərər verən amillərdən biridir. Bunları nəzərə alaraq çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domen sahibləri ilə görüşülüb, müzakirələr aparılıb. Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaranmış durumla bağlı Meydan TV-nin suallarını cavanlandırmayıb.

Ana səhifəXəbərlərASAN Xidmət: Həmin saytlar çaşqınlıq yaradırdı