Monte Melkonyanın dəfni

Mənbə: mamul.am

Başlıq: Monte Melkonyanın dəfni

ASALA-nın çöküşü

II hissə

1982-ci ildə ASALA terroru həm də təşkilata maddi dəstək göstərməyən, onun tələblərini yerinə yetirməyən ermənilərə qarşı yönəlir. Məsələn, martın 26-da Beyrutun erməni məhəlləsindəki kinoteatr partladıldı. ASALA-nın xəbərdarlıqlarına baxmayaraq, burada Türkiyə istehsalı olan filmlər göstərilirdi. Nəticədə 2 nəfər həlak oldu, 16 nəfər yaralandı. Mayın 21-də isə Kanadanın Ottava şəhərində yaşayan və ASALA-ya pul verməkdən imtina edən bir erməninin iki avtomobili partladıldı.

Xeyli terror aktlarının baş verdiyi həmin ildə ən qanlı hadisə Türkiyənin özündə, Ankaranın Esenboğa hava limanında baş verdi. Zöhrab Sərkisyan və Levon Ekmekçiyan adlı iki terrorçu Niderlandın KLM aviaşirkətinə məxsus ərazidə əl qumbarası partlatdılar və odlu silahdan atəş açmağa başladılar. Daha sonra hava limanının kafeterisinə qaçan terrorçular burada 20 nəfəri girov götürdülər.

Türkiyə xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyat nəticəsində Zöhrab Sərkisyan öldürüldü, Levon Ekmekçiyan isə yaralı olaraq həbs edildi. Terror aktı nəticəsində cəmi 9 nəfər -3 türk, 1 amerikalı və 1 alman olmaqla 5 sərnişin, 3 polis və hava limanının 1 əməkdaşı həlak oldu, daha 72 nəfər yaralandı. Ölənlərin sayını eşidərkən “az oldu” deyən Levon Ekmekçiyan məhkəmə tərəfindən edam cəzasına məhkum edildi və 1983-cü ilin yanvarında asıldı.

ASALA-nın Türkiyə ərazisində həyata keçirdiyi ilk aksiya olan Esenboğa terroruna etiraz edən Artin Penik adlı erməni kökənli Türkiyə vətəndaşı avqustun 10-da İstanbulun Taksim meydanında üzərinə benzin tökərək özünü yandırdı. Ağır xəsarətlər alan Penik həkimlərin səyinə baxmayaraq, beş gün sonra vəfat etdi.

Həmin hadisədən sonra Türkiyənin dövlət başçısı Kenan Evren Milli İstihbarat Təşkilatına (MİT) ASALA-ya son vermək üçün hərəkətə keçməyi tapşırdı. Bəzi mənbələrə görə, əməliyyata ümumi rəhbərliyi Evrenin MİT əməkdaşı olan qızı Şenay Givrit rəhbərlik edir, Nuri Gündeş, Metin Günyol kimi kəşfiyyatçılar yönəldirdilər.

Bu zaman Türkiyə artıq anlayır ki, ASALA ilə mübarizədə Avropa dövlətlərinin köməyinə bel bağlaya bilməz. Bu ölkələr özlərini hədəfə çevirməmək üçün terrorçuların nazı ilə oynayır, törədilən cinayətlərin üstünün açılması və cinayətkarların məsuliyyətə cəlb olunması üçün ciddi səy göstərmirdilər. Fransa hətta terror təşkilatının rəhbəri Hakop Hakopyanın şəklini Türkiyəyə verməkdən imtina edirdi. Yalnız ABŞ (ASALA-nın marksist ideologiyasına görə) və İsrail (ASALA-nın fələstinlilərlə əməkdaşlığına görə) Türkiyəyə kömək etməyə hazır idilər.

Buna görə də türklər qeyri-hüquqi yollara əl atmağı, ASALA üzvlərini elə onların üsulları ilə aradan qaldırmağa qərar verdilər. Bu zaman yəqin ki, Mossadın Münhen olimpiadasında İsrail idmançılarını qətlə yetirən “Qara sentyabr” təşkilatına qarşı həyata keçirdiyi “Tanrının qəzəbi” əməliyyatının təcrübəsi nəzərə alındı.

1982-ci ildə İsrailin Livana müdaxilə etdi, Fələstin Azadlıq Təşkilatını (FAT) və ona daxil olan fələstinli qrupları Livandan çıxardı. Bu hadisə ASALA-nın da aqibətinə mənfi təsir göstərdi. Çünki onlar heç bir qanunların işləmədiyi ölkədə sığınacaqdan, məşq yeri və cəbbəxana kimi istifadə etdikləri qaçqın düşərgələrindən məhrum oldular. Həm də təşkilata ən çox Livan ermənilərini cəlb edirdilər. Üstəlik, İsrail kəşfiyyatının ASALA ilə bağlı önəmli məlumatlar əldə etdiyi və türklərlə bölüşdüyü söylənilir.

Türkiyədə 1980-ci il çevrilişindən sonra bir çox ülküçü ölkədən qaçaraq Avropada gizlənirdi. MİT ASALA-ya qarşı əməliyyatlarda Abdullah Çatlı, Oral Çelik, Mehmet Şener və başqa ülküçülərdən istifadə etdi. Onların anti-terror əməliyyatına nə qədər töhfə verdikləri tam aydın deyil. Ülküçü cameə ASALA-nın bitirilməsini onlara bağlayır. Amma Mete Günyol Abdulla Çatlı haqqında “Bazı küçük operasyonlarda görev aldı” söyləyirdi.

***

ASALA 1983-cü ildə Fransa, Belçika, Qərbi Almaniyada bir sıra partlayışlar həyata keçirdi. Bu aksiyalar əsasən vahimə yaratmağa xidmət edirdi və qurbansız ötüşürdü. Yalnız Türkiyənin “Marmara Travel Agency” turizm şirkətinin Paris bürosunda baş verən partlayışda bir Fransa vətəndaşı həlak oldu. İyunun 16-da isə Mkrtıç Mardaryan əl qumbaraları və odlu silahla İstanbulun “Kapalı çarşı”sında terror aktı törətdi. Nəticədə onun özündən başqa 2 nəfər həlak oldu, 21 nəfər yaralandı.

İyulun 14-də Türkiyənin Brüsseldəki səfirliyinin əməkdaşı Dursun Aksoy qətlə yetirildi. Ertəsi gün isə ASALA-nın ən səs-küylü, təşkilatın nüfuzuna və taleyinə ciddi xələl gətirən aksiya – Orli partlayışı həyata keçirildi.

Yarım kiloqram Semteks və üç portativ qaz balonunun olduğu çamadan Türk Hava Yollarının qeydiyyat pəncərəsi önündə partladı. Üç nəfər dərhal, daha beş nəfər isə aldıqları xəsarətlərdən xəstəxanada keçindilər, 55 nəfər yaralandı. Həlak olanlar Fransa (4), Türkiyə (2), ABŞ (1) və İsveçrə (1) vətəndaşları idilər. ASALA Frans Press agentliyinin Afina ofisinə zəng vuraraq terror aktına görə məsuliyyəti öz üzərinə götürdü.

Partlayışdan sonra Fransa polisi Parisdə ASALA mənsubu olan 51 nəfəri saxladı. Onların hamısı son 1 ildə ölkəyə gəlmişdilər və polisin nəzarətində idilər. Tutulanlardan suriyalı Varujan Karapetyan terror aktını törətməsini etiraf etdi və bu işdə ona kömək edən daha iki nəfərin adını çəkdi.

Varujan Karapetyan Orli limanına gələrək guya yükünün çox olması görüntüsünü yaratmış və yükü az olan sərnişinlərdən birinə çamadanını keçirmək üçün 65 dollar ödəmişdi. Bununla da o, polisin yükün əsl sahibinin kim olması izini itirməyə çalışmışdı. Fransa hökuməti ilə problem yaşamaq istəməyən terrorçuların planına görə, bomba təyyarə havada olarkən partlamalı idi, amma saatlı qurğu daha tez işə düşmüşdü.

Orli cinayətinə görə Varujan Karapetyandan əlavə Türkiyə vətəndaşları Nayir Söner və Ohannes Semerçi məhkəmə qarşısına çıxarıldılar. Karapetyan ömürlük, bombanı hazırlayan Söner 15 il, evində bomba hazırlanan Semerçi isə 10 il həbs cəzasına məhkum olundular. Varujan Karapetyan 2001-ci ilin aprelində əfv edildi və Ermənistana göndərildi, 2019-cu ilin yanvarında öldü.

Bu hadisə ASALA daxilində əvvəllər də mövcud olan ziddiyyəti dərinləşdirdi. Üzvlərin bir hissəsi yalnız Türkiyə dövlətinə və onun məmurlarına qarşı aksiyaları mümkün sayaraq Monte Melkonyanın rəhbərliyi altında ASALA-RM (revolutionary movement – inqilabi hərəkat) yaratdılar. Bu iki təşkilat arasında kəskin düşmənçilik başladı.

Avropa ölkələrinin, xüsusən də Fransanın, erməni terroruna münasibətləri dəyişdi. Əvvəl Fransada rahat yaşayan ASALA üzvləri indi başqa ölkələrdə sığınacaq axtarmalı oldular. Təşkilatın mərkəzi Afinaya köçdü. Müstəqil Ermənistanın ilk hakim partiyası olan Erməni Ümummilli hərəkatı sonralar Orli terroruna “erməni işi üçün fəlakət” qiymətini verdi. Təşkilata erməni diasporasından gələn maliyyə axını da azaldı.

***

Növbəti, 1984-cü il ASALA-nın fəal olduğu son il oldu. Aprel ayında Tehranda Türkiyə səfirliyinin katibi Şadiye Yönderin əri İşık Yöndər, iyunda Vyanadakı səfirliyin attaşesi Erdoğan Özen və noyabrda BMT-nin Vyanadakı mənzil-qərargahında çalışan Enver Ergun öldürüdülər.

Bu dövrdən başlayaraq, təşkilatın başı daha çox daxili çəkişmələrə yönəlir. ASALA və ASALA-RM arasında düşmənçilik artır, üstəlik Akop Akopyan öz təşkilatında sədaqətindən şübhələndiyi üzvləri aradan qaldırır. SSRİ-də və Şərqi Avropada gedən siyasi proseslər üzündən sosialist ölkələrindən maliyyə və logistika dəstəyi azalır. 1985-ci ildən etibarən ASALA heç bir ciddi əməliyyat keçirə bilmir.

ASALA-nın banisi və lideri Akop Akopyan 1988-ci il aprelin 28-də Afinada öldürüldü. O səhər tezdən bir qadınla evdən çıxdı, səkidə taksi gözləyərkən yaxınlıqda dayanan maşından üzü maskalı iki nəfər düşdü və ona atəş açdılar. Yaralanan Akopyan qaçmağa cəhd göstərsə də, müvəffəq olmadı. Başına dəyən güllə həyatına son qoydu.

Hadisə yerinə gələn polis onun üzərində Əbdül Məhəmməd Qasim adlı şəxsə məxsus Cənubi Yəmən diplomatik pasportunu tapdı. Daha sonra onun Afinada Anri Titisyan adı ilə yaşadığı aşkara çıxdı. Öldürülən şəxsin Akop Akopyan olması sonra məlum oldu. Yunan hökuməti Akopyanın ölkədə yaşamasından məlumatsız olduğunu bildirdi.

ASALA liderini kimin öldürdüyü bu günə qədər dəqiq məlum deyil. Bir ehtimala görə onu Akopyanın despotluğundan bezmiş öz adamları öldürdülər. Başqa ehtimala görə, qətlin arxasında Monte Melkonyan dururdu. Hərçənd, Melkonyan özü o zaman Fransada həbsdə idi.

Əsas versiyalardan biri də, təbii ki, Türkiyə ilə bağlı idi. Bir zaman Milli İstihbarat Təşkilatının Kontrterör Dairesinin başqanı olmuş Mehmet Eymur qətli məşhur istihbaratçı Hiram Abbas və mafiya başçısı Əlaəddin Çakıcının törətdiyini yazır. Bundan əlavə, Akopyanı bəzi səbəblərdən hətta Suriyanın öldürdüyü də deyilir.

***

ASALA-RM-in rəhbəri Monte Melkonyan Fransaya saxta sənədlərlə girdiyinə və qanunsuz silah gəzdirdiyinə görə 1985-ci ilin noyabrında həbs olunmuşdu. Ölkədəki erməni diasporası bunu o zaman Türkiyənin Fransadan Airbus təyyarələri alması barədə razılaşma ilə əlaqələndirirdi.

Ara Toranyan hadisəni: “Özəlliklə fransızları hədəf alan Akop Akopyanın ASALA-sının korsaldırılarına qarşı həyatı bahasına qarşı çıxan Melkonyanın saxlanılması izaholunmaz bir olaydır” deyə şərh etmiş və sonda “Melkonyanın dərisi neçə Airbus edər?” soruşmuşdu. Amma bu demaqogiyanın faydası olmadı və terrorçu 6 il həbsə məhkum edildi.

Melkonyan 1989-cu ilin əvvəllərində vaxtından qabaq azadlığa buraxıldı. O, bir müddət müxtəlif ölkələrdə yaşayandan sonra 1990-cı ilin oktyabrında Ermənistana gəldi, az sonra Qarabağ müharibəsinə qoşuldu. Bir sıra əməliyyatlarda, xüsusən də Kəlbəcərin işğalında ciddi rol oynadı. 1993-cü il iyunun 12-də isə Azərbaycan hərbçiləri tərəfindən öldürüldü.

ASALA-nın fəaliyyətinin bitdiyi konkret tarix məlum deyil. Adətən 1991-ci dekabrında Türkiyənin Budapeştdəki səfirinə uğursuz qəsd təşkilatın son aksiyası hesab olunur. ASALA yaranarkən qarşısına qoyduğu əsas məqsədlərə - Türkiyənin “erməni soyqırımı”nı tanıması və Türkiyənin bəzi şərq ərazilərinin Ermənistana birləşdirilməsi – nail olmadı. Bununla belə, etiraf etmək lazımdır ki, təşkilatın fəaliyyəti erməni məsələsinin gündəm olmasında önəmli rol oynadı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nlqqvr

Ən çox baxılan