Aşağı neft qiymətləri: devalvasiya təhlükəsi və gözlənilən risklər

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Cari ilin yanvar ayında 77-82 dollar aralığında satılan “Brent” markalı neftin qiyməti ilin sonuna doğru 60 dollardan da aşağı düşüb.

“Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli hazırda 1,28 ABŞ dolları və ya 2 faiz ucuzlaşaraq 62,45 ABŞ dollarına bərabər olub.

Ümumiyyətlə, hələ ilin ikinci yarısından etibarən beynəlxalq analitik mərkəzlər tərəfindən “qara qızıl”ın qiymətinin ucuzlaşacağına dair proqnozlar verilirdi. Hətta bu prosesin 2026-cı ildə də davam edəcəyi gözlənilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi Ukrayna və Rusiya arasında tezliklə əldə oluna biləcək sülh razılaşmasına dair ötürülən siqnallardır: 

“Bu razılaşmalar çərçivəsində ABŞ tərəfindən Rusiyaya qarşı müəyyən sanksiyaların yumşaldılması ilə bağlı fikirlər səsləndirilir. Bunun nəticəsində bazarlara böyük həcmdə Rusiya neftinin çıxarılacağı ilə bağlı gözləntilər yaranıb. 2022-ci il dekabrın 1-də Rusiya neftinə qarşı Avropa sanksiyaları qüvvəyə mindi. Daha sonra ABŞ bu sanksiyaları daha da sərtləşdirdi. Nəticədə təqribən 1,1 milyon barel Rusiya neftinin xarici bazarlara çıxarılmasının qarşısı alındı”.

Ekspertin sözlərinə görə, 2025-ci ildə “Brent” markalı neftin orta qiyməti 68 dollar təşkil edib, 2026-cı il üzrə proqnozlarda isə bu göstəricinin 59-62 dollar aralığında olacağı gözlənilir.

Neft ucuzlaşır, dövlət  büdcəsində risklər artır

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəqəmlərinə nəzər yetirdikdə görünür ki, ilin 10 ayı ərzində Azərbaycan neftinin orta satış qiyməti 70 dollar/barel səviyyəsində olub. 2025-ci ilin dövlət büdcəsində də xam neftin bir barelinin qiyməti 70 dollar götürülüb. Bu baxımdan, hazırkı qiymət səviyyəsi cari ildə büdcə gəlirlərinin formalaşmasına ciddi təsir göstərmir. Lakin “qara qızıl”ın qiyməti aşağı düşməkdə davam edərsə, bu hal gələn ilin dövlət büdcəsinin gəlirlərində risklər yarada bilər. Belə ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində müəyyən edilib.

İlham Şaban bildirir ki, hazırda Azərbaycan neftinin qiyməti təxminən 63 dollardır və qiymət bu səviyyədə qalarsa, büdcə xərcləri azaldılacaq: 

“Hökumət nümayəndələri Milli Məclisdə çıxışları zamanı da qeyd ediblər ki, neftin bir barelinin qiymətinin hər 1 dollar aşağı düşməsi və ya qalxması büdcəyə daxilolmalara 200–300 milyon manat təsir göstərir. Dövlət büdcəsinə təsirlərə gəlincə, 2025-ci ilin büdcəsində 3 milyard manatlıq kəsir proqnozlaşdırılmışdı. Lakin noyabrın 1-nə olan statistikaya əsasən, büdcədə 5 milyard manatlıq profisit yaranıb. Bu da onu göstərir ki, hökumət xərcləmələri azaldaraq mümkün riskləri aradan qaldırır”.

Digər iqtisadçıların gözləntilərinə görə isə, gələn il bir tərəfdən neft hasilatının azalması, digər tərəfdən isə xam neft və təbii qazın qiymətlərinin ucuzlaşması fonunda Azərbaycanda iqtisadi risklərin və mümkün böhran ehtimalının artacağı qaçılmazdır. Xüsusilə 2025-ci ilin ilk 9 ayında Azərbaycanın tədiyə balansında 1,1 milyard dollarlıq kəsirin yaranması bu riskləri daha da artırır. İqtisadçılar hesab edirlər ki, bu proses növbəti devalvasiyaya gətirib çıxara bilər.

İqtisadçıların fikrincə, gələn il devalvasiya məsələsi əsasən neft və qazın qiymət dinamikasından, eləcə də tədiyə balansının kəsirlə qalıb-qalmayacağından asılı olacaq. Çünki kəsir nisbətən kiçik olduqda Mərkəzi Bank mövcud valyuta ehtiyatları hesabına məzənnə sabitliyini devalvasiyasız qoruya bilir. Lakin defisit böyük olduqda və bu proses davamlı xarakter aldıqda devalvasiya artıq qaçılmaz olur.

Növbəti devalvasiya gözlənilirmi?

İqtisadçı-ekspert Xalid Kərimli Meydan TV-yə açıqlamasında bildirib ki, tədiyə balansı ilə bağlı narahatedici məqam yoxdur, çünki proqnoza uyğun hərəkət edilir: 

“Bu ilin 9 ayın tədiyə balansının göstəricilərinə baxdıqda, ötən illə müqayisədə azalma müşahidə olunur. Cari əməliyyatlar balansı 3,9 milyard dollardan 3 milyard dollara qədər aşağı düşüb. Burada narahat olacaq məqam yoxdur, çünki proqnoza uyğun hərəkət edilir. Həm hökumətin, həm də Mərkəzi Bankın ilin sonuna qədər cari əməliyyatlar balansının qalığının təxminən 2,9 milyard dollar səviyyəsində olacağına dair proqnozları var idi. Hazırkı tədiyyə balansının qalığı həmin proqnozlara uyğundur. Təbii ki, azalma gözlənilən idi. Eyni zamanda nəzərə almalıyıq ki, neftin qiymətində və neft hasilatında müəyyən azalmalar var. Xüsusilə neft sektorundan qaynaqlanan bu azalma tədiyə balansının cari əməliyyatlar balansına mənfi təsir göstərib. Xarici ticarət balansında da azalma var. Amma bunlar narahatlıq doğuran məqamlar deyil”.

İqtisadçının sözlərinə görə,  hökumət 11 ayda qızıl ehtiyatlarını böyük həcmdə artırıb: 

“Əgər ötən ilin 11 ayında qızıl ehtiyatlarına sərf olunan vəsait 3,4 milyard dollar təşkil edirdisə, bu il bu rəqəm 5–6 milyard dollar səviyyəsinə qədər yüksəlib. Yəni resursların bir hissəsi Neft Fondunun qızıl ehtiyatlarının artırılmasına yönəldilib.

İxracat balansında digər əsas diqqət çəkən məqam isə avtomobil alışı ilə bağlı statistikada artımın müşahidə olunmasıdır. Yəni bu il daha çox insan avtomobil alıb. Bu da avtomobillə bağlı idxal vergi güzəştlərinin ilin sonuna ləğv edilməsi ilə bağlıdır. Gələn il vergilər tətbiq ediləcəyinə görə, bu istiqamətdə idxal aşağı düşəcək.

Bundan əlavə, əhalinin ərzaq istehlakına daha çox vəsait sərf olunub. Bunun da əsas səbəbi inflyasiyadır. Ərzaq məhsullarını aldığımız ölkələrdə yüksək inflyasiya mövcuddur. Türkiyədə yüksək inflyasiya, Rusiyada rublun ucuzlaşması qiymətlərin dollarda artmasına səbəb olur və bütün bu göstəricilər dollarla ifadə olunur.

Ümumi şəkildə, tədiyə balansında ciddi narahatlıq doğuran məqam yoxdur və əhali buna görə narahat olmaya bilər. 12 aylıq tədiyə balansı məlumatları açıqlanandan sonra daha dəqiq proqnoz vermək mümkün olacaq, amma ümumilikdə indiki rəqəmlər gözlənilən rəqəmlərdir”.

“Ümumilikdə, 9 aylıq dövrdə ölkə sərvətlərində təxminən 10 milyard dollarlıq artım var. Bu, Neft Fondu resurslarının yerləşdirildiyi qızıl ehtiyatlarının qiymətinin artması ilə bağlıdır. Son 2-3 ildə Neft Fondu intensiv şəkildə qızıl alışı həyata keçirir və resurslarını qızıla transfer edir. Bu baxımdan, 9 aylıq nəticələr daha pozitiv dinamikanı göstərir. Neft resurslarından gələn gəlirlər azalsa da, Neft Fondu resurslarının düzgün idarə olunması ölkə üçün əlverişli vəziyyət yaradıb. Hazırkı rəqəmlər gözlənilən diapazonda olduğuna görə ölkə üçün ciddi maliyyə riski yaratmır”, – deyə X.Kərimli qeyd edir.

Onun sözlərinə görə, cari əməliyyatlar hesabının və xarici ticarət balansının müsbət saldoda olması ölkənin maliyyə dayanıqlığını qorumağa imkan verir. Bu baxımdan iqtisadçı yaxın gələcəkdə devalvasiya riskinin olmadığını düşünür: 

“Neftin qiymətində olan azalma devalvasiya riski yaratmır. Çünki cari əməliyyatlar balansı və xarici ticarət balansı müsbətdir. Dövlətin valyuta ehtiyatları artdığına görə hələ ki devalvasiyaya məcburiyyət yoxdur. Amma siyasi qərarlarda kimsə fərqli fikir yürüdə bilər, lakin dəyişiklik üçün heç bir səbəb və məcburiyyət yoxdur”.

Ana səhifəXəbərlərAşağı neft qiymətləri: devalvasiya təhlükəsi və gözlənilən risklər