“Sarqsyan Azərbaycana qarşı” qərarının müzakirəsi təxirə salınıb
Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun müzakirəsini başa çatdırıb.
1428-ci görüşün yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edib.
Azərbaycandan olan qətnamələrlə bağlı AŞ NK qərara gəlib ki, ərizəçilərin məhkumluğu təxirə salınmadan ləğv edilməlidir.
AŞ NK “Məmmədli işi” qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edir.
Həmin qərarlar Anar Məmmədli, Əzizov və Novruzlu, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır.
Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
“Sarqsyan Azərbaycana qarşı” qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir.
AŞ NK bu qərarın icra durumunun müzakirəsini növbəti toplantısına təxirə salıb.
3 gün davam edən görüşdə Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Malta, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı qərarların icra durumu müzakirə olunub.
“Anar Məmmədli işi” qrupuna daxil olan qərarların, eləcə də “Sarqsyan Azərbaycana qarşı” qərarının icra durumu da toplantının gündəliyinə daxil olub.