Arzuolunmaz hamiləlikdən qurtulmaq istədi, xəsarət aldı (VİDEO)

“31 oktyabr 2014-cü ildə Qazax rayon Mərkəzi Xəstəxanasına hamiləliyin suni surətdə pozulmasına görə müraciət etmişəm. Həmin xəstəxananın baş həkimi Aynur Namazlı məni abort edən zaman uşaqlığımı deşməklə saglamlığıma zərər vurub”.

Bu sözləri Qazax rayon Çaylı kənd sakini Ləman Əliyeva deyir. Ləman Əliyevanın sözlərinə görə, vəziyyətinin pisləşməsi nəticəsində onu Qazax rayon Mərkəsi Xəstaxanasının cərrahiyyə şöbəsinə aparıblar. Xəstəxananın cərrahı Münyamin Abbasəliyev onu əməliyyat edərək, uşaqlığın deşilmiş hissəsini tikib. Bundan sonra zərərçəkən həkimdən hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Aynur Namazlı barəsində cinayət işi açılıb. Qazax rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli (İŞ №1(023)-93/2015) qərarı ilə Aynur Namazlı Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsilə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Ləman Əliyeva deyir ki, qarşı tərəf məhkəməyə iki fərqli ultrasəs müayinəsi təqdim edib:

“17 oktyabr 2014-cü ildə hamilə olduğumdan şübhələnən Aynur Namazlının göstərişi ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasının USM həkimi Könül xanımın yanına getmişəm. Həmin xəstəxanadan cəmi bir dəfə olmuşam. Amma 2 fərqli ultrasəs müayinəsinin nəticəsi verilib”.

Ləman Əliyevanın həyat yoldaşı Səyyad Cəfərovun sözlərinə görə, həkimlər Ləman Əliyevanın daşıyıcı xəstəliyi olduğunu deyiblər: “Günahkar kimdirsə, öz cəzasına çatsın. Taksi sürücüsüyəm. Yoldaşıma yazılan dərmanlar dövlət tərəfindən pulsuz verilməlidir, amma 5 dərmandan 2-ni verirlər”.

Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov baş verənlərlə bağlı kamera qarşısında danışmaq istəməyib. Ancaq onu deyib ki, məhkəmə qərarından sonra lazımi tədbir görüləcək. Hal-hazırda məhkəmə instansiyalarında iş getdiyinə görə heç nə deyə bilmir.

Təqsirləndirilən Aynur Namazlı isə deyir ki, hər bir abortun fəsadı olur və onun qarşısı alınır: “Ancaq mən Ləman xanımın tələbini heç cür ödəyə bilmərəm. Ləman xanım mənə deyir: “Gətir mənə 5 min manat ver, səndən əl çəkim”.

Məhkəmə davam edir. Ləman xanım saglamdır. Bu gün həyatda yaşayır. Ləman xanımın müayinəsi qurula bilər. Təki hər bir həkim mənim kimi diqqətli olaydı. Vaxtında aşkarlıyardı bu problemi. Ləman xanımın çoxlu suni abortları olub. Sonuncu hamiləlikdə uşaq inkişafdan qalmış döl olub”.

Ləman Əliyeva həkimin iddiasını rədd edir. İki uşaq anası olan zərərçəkən deyir ki, məsələni ictimailəşdirməkdə məqsədi qadınlara kömək etməkdir. İstəyir ki, qadınlar aborta gedərkən onun fəsadlarını da nəzərə alsınlar.

Ana səhifəVideoArzuolunmaz hamiləlikdən qurtulmaq istədi, xəsarət aldı (VİDEO)