”Arzu, mən getdim, uşaqlara böyüklük et” deyən neftçinin cəsədi tapıldı

“Günəşli” yatağındakı baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib

Source:


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb, cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb.

Bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.

Ana səhifəXəbərlər”Arzu, mən getdim, uşaqlara böyüklük et” deyən neftçinin cəsədi tapıldı