İstintaq materiallarına görə, Bayraq Meydanı Kompleksinin sabiq rəisi və adamları obyekt sahibini aldatmaq istəyiblər
İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, iclasda təqsirləndirilən şəxslərdən Arzu Məmmədov sualları cavablandırıb. Bildirib ki, istintaq zamanı bir neçə dəfə ifadə verib. Prokuror Ramazan Hadıyev bildirib ki, Aruz Məmmədov istintaq zamanı verdiyi ifadəsində qeyd edib ki, Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun tapşırığına əsasən Zabil Salmanovla görüşüb, onu obyektini satmağa razı salmağa çalışıb. Həmin məsələ ilə bağlı A.Məmmədov bildirib ki, Rəşad Məmmədovdan hər hansı tapşırıq almayıb: “Mən İsfəndiyarın tapşırığı ilə Zabil Salmanovla görüşmüşəm. Ona obyekti satmasını təklif etmişəm. Lakin hədə-qorxu gəlməmişəm”.
Prokuror bildirib ki, Arzu Məmmədov istintaq zamanı ifadəsində göstərib ki, Zabillə görüşüb, ona əgər obyekti satmasa, obyekti əlindən alınacağını və ona pul ödənilməyəcəyini deyib. Bildirib ki, bu, rəhbərliyin tapşırığıdır. Bundan əlavə, Arzu Məmmədov istintaq zamanı ifadəsində göstərib ki, İsfəndiyar və Rəşadla birlikdə Zabil Salmanovu aldatmağı planlaşdırıblar. Bildirib ki, onlar Zabilə 4 milyon 700 min pulu verməyi, 1 milyon 300 min pulu isə aldadıb verməməyi qərara alıblar.
A.Məmmədov isə tapşırıqları İsfəndiyardan aldığını deyib.
Hakim Əlövsət Abbasov ondan dələduzluq ittihamı üzrə özünü təqsirli bilib-bilmədiyini soruşub. A.Məmmədov özünü təqsirli bildiyini deyib. Hakim ondan qazancı barədə soruşub. Arzu Məmmədov hər hansı qazancının olmadığını deyib. Hakim Əlövsət Abbasov bildirib ki, alınan obyektlər əvvəlcə Arzu Məmmədovun adına rəsmiləşdirilib. Daha sonra Rəşadın həyat yoldaşının adına keçirilib, sonra yenidən Arzunun adına, daha sonra Rəşadın qayınanasının adına keçirilib. Hakim buna nə ehtiyac olduğunu soruşub. Rəşad Məmmədov bildirib ki, bunu vergiyə görə belə ediblər. Hakim isə vergiyə görə bağışlanma yolunun mümkünlüyünü xatırladıb: “Pul da sənin həyat yoldaşının idi. Onun adından çıxarılırdı”. R.Məmmədov həmin məsələ ilə bağlı danışmaq istəməyib. Bildirib ki, bunu ailələrində həll ediblər: “Pulum var idi, obyekt almaq istəyidim. Pul qaldıqca, ölürdü”.
Daha sonra prosesdə Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov ifadə verərək, bildirib ki, R. Məmmədov tərəfindən dövlətə 254 min 676 manat ziyan vurulub və həmin məbləğ mayın 19-da ödənilib. O, hər hansı tələblərinin olmadığını deyib.
Proses iyunun 14-də davam etdiriləcək.
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs ediliblər. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.