“Əgər hakimiyyət müdaxilə edərsə, bu addımın mənası itəcək”
Avropa Şurasının Baş katibi Tyornborn Yanqlandın prezidentlə telefon söhbətində 2003-2008-ci illərdə fəaliyyət göstərən İşçi Qrupunun bərpası ilə bağlı razılaşması müzakirə predmetinə çevrilib. Bir sıra hüquq müdafiəçiləri bu yöndə atılacaq addımların heç bir effekt verməyəcəyini düşünsələr də, əks fikirdə olanlar da var. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ikincilərdəndi. O, təklifi dəyərləndirdiyini bildirsə də, daha çox işləməyə ehtiyac olduğunu düşünür. Ancaq suallar qalmaqdadır. Arzu Abdullayeva ilə söhbətimizdə həmin suallara cavab tapmağa çalışdıq.
–
Arzu xanım, 2003-2008-ci illərdə fəaliyyət göstərmiş İşçi Qrupunun yenidən bərpa olunacağı təqdirdə effektiv fəaliyyətinə inanırsınızmı?
– Hər halda daha yaxşı ola bilər, yəni indikindən pis olmaz. Əgər bu təklif Avropa Şurasının baş katibi cənab Yanqladın təşəbbüsüdürsə, necə ki, dediyiniz illərdə Andreas Herkelin təşəbbüsüydü, mən buna inanıram. Həmin dövrdə İşçi Qrupunun üzvü olarkən sadə adamlara, siyasi məhbsulara, işgəncəyə məruz qalanlara köməyimiz olurdu. İndiki vəziyyətdə gərək, özündə elə qüvvə toplayasan ki, dialoqa girə biləsən. Mən mənəvi baxımdan bunun çox çətin olduğunu düşünürəm.
–
Hakimiyyət əvvəlki tərkibə razılıq verəcəkmi?
– Mənə elə gəlir ki, müdaxilə ola bilməz. Əgər hakimiyyət müdaxilə edərsə, bu addımın mənası da itəcək. Güman ki, hakimiyyət də bu barədə düşünür. Yəqin ki, hər iki tərəfdən güzəşt olmalıdır.
–
Ancaq indi 2003-2008-ci illərdə İşçi Qrupunda olan adamların əksəriyyərinə inam itib…
– Hamı barəsində bunu deyə bilmərəm. Ancaq bəziləri haqqında təşkil olunmuş kampaniya aparıldı, bu proses İşçi Qrupu yaradılandan başladı. Qalanlar isə təsir altına düşdü.
–
Konkret ad çəkə bilərsinizmi?
– Yox, məsələni konkretləşdirmək istəmirəm. O zaman mən də onların səviyyəsinə düşərəm. Ancaq bəziləri çox iş görsələr də, onları “gözdən salma” kampaniyası getdi və bu gün də davam edir.
–
Siz Monitorinq Qrupunun üzvlərini nəzərdə tutursunuz?
– Onlara qarşı kampaniya aparılırdı, amma yalnız onları nəzərdə tutmamışam. Başqa adamlar da olub. Axı niyə belə etdilər? Onlar hansı düşərgədən idi? Suallar çoxdur. Ancaq mən bu ardıcıllıqla olan işi müşahidə edəndən sonra belə qənaətə gəlmişəm. Bəli, səhvlər olub, amma bu səhvlərin nisbətində Monitorinq Qrupunun apardığı iş onu üstələyir. Səhvlər daha çox ifadələrin düzgün işlədilməməsi ilə bağlıydı.
–
O zaman siz niyə Monitorinq Qrupundan uzaqlaşdınız?
– Yox, mən Monitorinq Qrupunun üzvü kimi qalmışam. Amma beynəlxalq təşkilatın sədri olduğumdan bir neçə istiqamətdə fəaliyyət göstərirəm. Həm də Monitorinq Qrupundakı rəfiqələrimlə də söhbət edirəm, razılaşmadığım məqamlar olur. Biz çətinliklərdən çıxmışıq, onlar çox faciələrlə qarşılaşıblar. 2003-cü ilin seçkilərindən sonrakı təhlükələri nəzərdə tuturam. Mən həmin xanımların özlərini qorumadan necə fədakarcasına işlədiklərini yaddan çıxarmaram. Çünki bunlar mənim gözümün qarşısında olub.
–
İndi də həmin fəaliyyəti göstərə bilirlərmi?
– Onlar fəaliyyət göstərir. Amma sən də daxil olmaqla bir çoxu Monitorinq Qrupuna qarşı göstərilən kampaniyanın qurbanı olmusunuz. Siz elə düşünürsünüz ki, onlar heç nə etmir, apardıqları iş AŞ PA-ya gedib-gəlməkdir, vəssalam! RATİ sədri Emin Hüseynov bir neçə dəfə onlarla AŞ PA-ya gedəndən sonra işin mahiyyətini başa düşdü. Emin Hüseynov onların gördüyü işin hansı səviyyədə olduğunu gördü. İkincisi, dünyada yaşlı hüquq müdafiəçilərini gözdən salma kampaniyası yoxdur, siz elə dövlətə rast gəlmisinizmi? Hakimiyyətdə o qədər günahı olan adam var ki. Amma onları hədəf seçmirlər, sanki ölkənin bütün günahları bunların üzərindədir. Sanki süni şəkildə rəy yaratmaqla bizi əsas hədəfdən yayındırırlar. Bu, çox pisdir.
–
Əgər həbslərin getdiyi bir zamanda Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu “mən İlham Əliyevi dəstəkləyirəm” deyirsə, ona qarşı necə kampaniya ola bilər?
– Elə şey ola bilməz, özündən uydurma.
–
Mən özüm onun bu barədə dediklərini oxumuşam…
– Bəlkə Novella xanım xarici siyasətlə bağlı nəsə deyib. Biz özümüz də onun adından yazılanlardan dəhşətə gəlmişik.
–
Arzu xanım, Novella Cəfəroğlu mənə müsahibəsində də bu barədə deyib…
– Natiq, özündən söz uydurma. Mən bilirəm ki, Novella xanım özündən çox müştəbehdir. Yəni ətrafdakılar onunla hörmətlə danışdığından düşünür ki, yalnız onun dedikləri keçərlidir və nə istəsə danışa bilər. Həm də illər boyu qazandığı mənəvi “baqaja” görə düşünür ki, “mənəm-mənəmlik” edə bilər. Hətta “nə istəyirsiniz düşünün, mən belə edirəm” – deyə söyləyir.
–
Arzu xanım, artıq onun gənclərə yol verməsinin vaxtı deyilmi?
– Məgər, kimsə gənclərin yolunu bağlayıb? Biz onları hər gün çağırırıq. Amma hər bir fəalı hüquq müdafiəçisi adlandırmaq, bu, anlaşılmazlıq və cahillikdir. Hüquq müdafiəçiliyi fəaliyyəti çərçivəsində müəyyən bir iş dayanır. Amma hər bir fəalın mitinqdə iştirakı hüquq müdafiəçiliyi deyil, bizdə bu məsələlərdə səhvə yol verirlər. Şəxsən mən hüquq müdafiəçiliyindən yorulmuşam, ikinci, mənim sahəm münaqişədir. Bilirsiniz, onsuz da vəziyyət bərbaddır. Biz gərək çıxış yolu axtaraq, amma radikallıqla yox, düşünülmüş və məntiqli şəkildə. Amma azərbaycanlıların mental xüsusiyyətlərini nəzərə almaqla. Mən indiki durumun uzun müddət qalacağını düşünmürəm. Hakimiyyət hamını həbs etməklə problemləri həll edəcəyini düşünürsə, səhv edir. Mən tarixçiyəm, tarix boyu əbədi avtoritarizm olmayıb, nə vaxtsa dəyişiklik olacaq. Bunu indidən başa düşsələr, yaxşıdır.