Arzu Abdullayeva: ”Son 20 il ərzində ən ağrılı mərhələni yaşayırıq”

Adətən, Azərbaycanda yay ayları isti keçdiyindən ictimai-siyasi fəallıq o qədər də sezilmir. Amma 2015-ci ilin yayı siyasi motivlə həbs olunanların məhkəmələri və növbəti həbslərlə yaddaşlarda iz buraxır. Seçkiyə 3 ay qalsa da, mövzu seçki yox, məhkəmələrdir. Hazırda apellyasiya şikayətinə baxılan İntiqam Əliyevin, Rəsul Cəfərovun, Seymur Həzinin, o cümlədən, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların, jurnalist Xədicə İsmayılın məhkəməsi maraqla izlənilir. Eyni zamanda, siyasi gündəm “Azərbaycan saatı”nın təsisçisi Qənimət Zahidlə Meydan TV-nin rəhbəri Emin Millinin yaxınlarının həbsi ilə zəbt olunub.

Meydan TV bu məsələlərlə bağlı yaranan suallarını hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri  Arzu Abdullayevaya ünvanlayıb.


Arzu xanım, həm məhkəmələr, həm də həbslər 3 ay sonra keçiriləcək parlament seçilərini kölgədə qoyub, seçki atmosferi yoxdur. Diqqət daha çox məhkəmələrə və həbslərədir, mən daha çox Qənimət Zahidin və Emin Millinin yaxınlarının həbslərini nəzərdə tuturam. Bu fonda mövcud ictimai-siyasi durumu və insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

Daim bu sual verilir və eyni cavab alınır: durum çox pisdir. Hazırda biz vəziyyəti mənfi qiymətləndirərək, müəyyən qədər yaxşı olması üçün səylər göstəririk. Ancaq get-gedə vəziyyətin daha da pisləşdiyini görürük. Son 20 il ərzində ən ağrılı mərhələni yaşayırıq. Bəli, müstəqilliyimizi qazandığımız dövrdən indiyədək müxtəlif mərhələlər yaşamışıq, müharibə illəri, cəmiyyətin tam formalaşmamasının yaratdığı fəsadlar və s. Ümumiyyətlə, vətəndaş cəmiyyəti yox idi. Amma atəşkəsdən sonra biz vətəndaş cəmiyyətini qurmağa başladıq. Bu mənada 20 ildən sonra vətəndaş cəmiyyəti üçün ən ağrılı vəziyyətlə rastlaşacağımızı gözləməzdim. Həm təqiblər, siyasi fəalların qohumlarının həbsləri, təkcə bunlar da deyil, çox təəssüf ki, sadə insanlara da oxşar yanaşmalar var. Bu gün ədalətli istintaq, ədalətli məhkəmə araşdırması Azərbaycan üçün uzaq perspektivdə görünür.


Sizinlə müsahibəyə gələndə AXCP fəalı, Qarabağ əlili Asif Yusifli 7 il 6 ay azadlıqdan məhrum edildi. Ona qarşı irəli sürülən maddə YAP-çı deputat Gülər Əhmədovaya qarşı da irəli sürülmüşdü, ancaq ikinci 3 il azadlıqdan məhrum edilsə də, heç sona qədər cəzasını çəkmədi. Ayrıseçkilik nədən irəli gəlir və hakimiyyət demokratiya carçılarına qarşı niyə bu cür qəzəblidir?

Qəzəb və qəddar münasibət bir amilə görədir. Ona görə qəddar deyirəm ki, Azərbaycanda heç vaxt fəal qadınları həbs etməzdiləri, aksiyalarda təqib olunurdular, amma azadlıqdan məhrum olunma yox idi. İndiki kimi hüquq müdafiəçisi və jurnalistin həbsi olmamışdı, mən Leyla Yunus və Xədicə İsmayılın həbsini nəzərdə tuturam. Baxın, hakimiyyət təbliğatçıları milli mənəviyyat, qeyrət, namusdan danışırlar, amma Xədicə İsmayılın görüntülərini yaydılar. Bunun adı biabırçılıqdır. Şəxsi həyata müdaxiləni özlərinə necə rəva bildilər, anlamıram. Bununla belə, vəziyyət dəyişmir, əksinə gərginlik artır. Səbəbi soruşdunuz, səbəb birdir: qorxu.  Hakimiyyət qorxur ki, Azərbaycanda hansısa ünsürlər inqilab etmək istəyir. Buna görə Avropa və ABŞ-ı həbs olunan şəxslərə dəstək verməkdə ittiham edirlər. Halbuki, inqilab etmək istəyənlər yoxdur. Hesab edirəm ki, indi aparılan siyasət Rusiyada tətbiq olunan modeldir. Şimal ölkədə də hüquq müdafiəçilərinə, QHT nümayəndələrinə, azad mətbuata eyni münasibətdir, ordakı həmkarlarımız da təqib olunur, Qərbin agenti adlandırılır, eyni situasiyadır. Mənə elə gəlir, hərdən prezidenti aldadırlar ki, filankəslər inqilab, yaxud çevriliş etməyə hazırlaşır, axı bir, yaxud 2-3 nəfər bunu bacarmaz. Əslində çevriliş etmək istəyən qüvvələr tamam başqadır və məhz vətəndaş cəmiyyəti fəalları onların qarşısını ala bilər. Ancaq Azərbaycanda əksinə olur, vətəndaş cəmiyyəti fəallarını həbsxanalara salırlar. Aparılan məqsədli siyasət Azərbaycanı ağır bir dalana salır və bu qorxu vətəndaş cəmiyyətindən gəlmir. Yaxşı olar hakimiyyət daxilində araşdırma aparsın. Vətəndaş cəmiyyətinin pərən-pərən olması yaranan təhlükənin qarşısını alacaqmı? Həm qanunvericilikdəki dəyişikliklər, həm təqiblər vətəndaş cəmiyyətini dağınıq duruma saldı. Eyni vəziyyəti azad mətbuat yaşadı. Bu mənada sual yaranır; nə zamandan həqiqəti demək düşmənçilik sayılıb?


Diqqəti Leyla Yunusun və Xədicə İsmayılın məhkəmələrinə yönəltmək istərdim. İndiyə qədər olan məhkəmələr bu dərəcədə yarımqapalı keçirilməmişdi. Proseslər kiçik zallarda keçirilir, müstəqil jurnalistlərə izləməyə imkan verilmir, çəkiliş aparmağa icazə yoxdur. Bu mənada vəziyyəti necə dəyərləndirirsiniz?

Əslində, əvvəllər də bu cür hallar olub, yəni hökumət istəyəndə prosesləri yarımqapalı keçirib. Hilal Məmmədovun, Tofiq Yaqublunun, İlqar Məmmədovun məhkəmələrini misal çəkə bilərəm.


Ancaq həmin proseslər bu dərəcədə yarımqapalı olmamışdı…

Şəki rayonunda keçirilən məhkəmədə kimlər zala daxil olmuşdu? Mən özüm İlqar Məmmədovla Tofiq Yaqublunun prosesini izləyə bilmədim, buraxmadılar.


Arzu xanım, Şəki əyalətdir, söhbət Bakıdakı məhkəmələrdən gedir…

Bəli, qapalı olmaqdan gedirsə, Hilal Məmmədovun məhkəməsində oxşar situasiyanı yaşadıq. Düzdür, indiki kimi deyildi, ancaq vəziyyətin tədricən ağırlaşdığını, pisləşdiyini mən də deyirəm. Mən indiki prokurorların, hakimlərin gələcək aqibətlərini düşünürəm, onlar indiki vicdanlarıyla, tarixdə qalacaq adlarıyla özləri və övladları necə yaşayacaqlar?


1930-cu illərdə olan prokurorların və məhkəmə sədrlərinin övladları necə yaşayıblarsa, onlar da o cür olacaq…

Bu adamlar ittiham etdikləri şəxslərin üzünə dayanıb, yalan danışırlar. Xədicə İsmayıl nümunəsi. Hamı onun nəyə görə həbs olunduğunu bilir. Məgər, onu macəraya görə həbs ediblər?! Yox, apardığı araşdırmalar onun həbsinə səbəb olub.  Leyla Yunus. Mən onu ideal adam hesab etmirəm, səhvləri olub, ancaq ona verilən əzablar və ədalətsizlik həmin səhvlərə uyğun deyil. Ümumiyyətlə, irəli sürülən ittihamlar ədalətə söykənmir.


Adi bir misal, Yunuslara qarşı CM-nin 274-cü maddəsi (vətənə xəyanət) maddəsi götürüldü, amma jurnallist Rauf Mirqədirov da eyni işdə olsa da, onun vəziyyətində heç nə dəyişmir, vəkillər istintaqın aparılmadığını deyirlər. Başqa bir amil, konfliktoloq Arif Yunusa qarşı olan dəlıduzluq maddəsi onun öz pulunu bir bankdan başqa bir banka köçürməsinə görə verilib, bu, necə qiymətləndirilə bilər?

Arif Yunusun həbsinin səbəbi tam başqadır. Ona hələ “vətənə xəyanət” maddəsi irəli sürüləndə uzun müddət özümə gələ bilmədim. Axı bu kimin marağındadır? Bu sualı xeyli vaxt özümə verdim. Arif Yunusu Ermənistana işləməkdə, vətənə xəyanətdə ittiham etmək üçün biliksiz, səfeh və agent olmalısan. Çünki onun 1980-ci illərin sonu, 90-cı illərdəki fəaliyyətindən xəbərsiz olanlar belə edə bilərlər. Arif Yunus Ermənistanda azərbaycanlıların qırğını barədə araşdırmalar aparan adamdır, bu araşdırmalar, onun müraciətləri SSRİ prokurorluğuna çatdırılmışdı. Bu hadisələrlə o sübut etmişdi ki, Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı qırğınlar törədilib. O, Qafan hadisələrini detallarına qədər araşdırmışdı. Bax, onun “Ermənistanda qırğınlar” məqaləsi o zaman ən çox yayılan yazı idi. Qarabağ haqqında yazanlar mütləq həmin məqaləyə istinad edirdi. Ona görə sual edirəm: Arif Yunusun həbsi kimin marağındaydı? O, sübut etmişdi ki, birinci qaçqınlar Sumqayıt hadisələrindən əvvəl olub. Bu baxından Arif Yunusun həbsi ermənilərin marağında ola bilərdi. Belə olanda hakimiyyət niyə onu həbs etdi? Onun öz pulunu bir bankdan başqa banka köçürməsi öz şəxsi işidir. Leyla Yunusa qarşı ittihama gələk, qrantların mənimsənilməsi, əgər bunlar olubsa, pisləyirəm, amma bu donorla qrant alanın arasında olan məsələdir. Donor onun hesabatını qəbul edirsə, burda cinayət yoxdur.


Çox maraqlıdır ki, Leyla Yunusa qarşı ifadə verənlərdən biri yaxşı tanıdığınız Rəna Səfərəliyeva idi…

Rəna Səfərəliyeva ittiham etmirdi, sadəcə, özünü vəziyyətdən çıxarmağa çalışırdı. Ona görə deyirdi ki, təşkilatı o idarə etmirdi, deməli, o, dilemma qarşısında qalıb, ya öz boynuna alıb ittihamı qəbul etməlidir, ya da özünü müdafiə etməliydi. Amma Rəna Səfərəliyeva Leyla Yunusu ittiham səviyyəsində günahlandırmırdı.


Yekunda mən son həbslərə diqqətinizi yönəltmək istərdim, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidovun və qardaşı oğlanlarının, o cümlədən, Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun həbsi. Onları narkotik ittihamı ilə həbs ediliblər. Sual yaranır, nədən narkotik ittihamları daha çox dindarlara və siyasi fəallara, onların yaxınlarına verilir?

Sualınıza konkret cavab verməzdən əvvəl qarşılaşdığım bir epizodu danışacam. Hələ SSRİ-nin vaxtı idi, mən Baltikyanı respublikaların birində Karitas Təşkilatı ilə əməkdaşlıq edirdim, təşkilat Azərbaycan qaçqınları üçün humanitar yardım ayırmışdı. Təsəvvür edin ki, 1000 qutu idi, hər biri 10 kiloqram, onlar nəqliyyatı Moskvadan verə bilməyəcəklərini demişdilər. Məcbur olub iş adamı Araz Ağalarova müraciət etdim, o zaman “Crokus” indiki kimi imperiya deyildi. Araz Ağalarova bir-iki cümlə ilə vəziyyəti izah edən kimi öz təyyarəsi ilə yardımı Bakıya çatdırmağa kömək etdi. O zaman ASDP və AXC-nin köməyi ilə Bakıdan yardımı Yevlaxa apardıq, oradan isə Şuşaya aparmalıydıq. Yevlaxda yerli milislər mənə yaxınlaşıb humanitar yardımı həbs etdiklərini dedilər. Səbəbini soruşduqda, bir milis utana-utana dedi ki, qutular yoxlanılıb və narkotika tapılıb, sakit adam olan mən, şoka düşdüm. Dedim ki, nə danışırsınız, Qarabağın hər şeyi var, bir nəşədən başqa, onu da Arzu Abdullayeva aparır? Milis yenə utana-utana dedi ki, o, nə edə bilər, yuxarıdan belə göstəriş veriblər. Təsəvvür edin ki, indikilər heç utanmadan ittiham irəli sürürlər. Axı bu yalan ittihamlar mənfi enerji kimi yığılıb, onların taleyinə qarşı çevriləcək. Allaha inandığımdan ədalətsizliyin cavabsız qalmadığını bilirəm. Ona görə nə qədər gec deyilsə, ittihamı irəli sürən prokurorlar, hakimlər öz gələcəkləri üçün nələr etdiklərini başa düşsünlər. Sualım hakimiyyətədir; indiki siyasətlə Qarabağın qaytarılmasını çətinləşdirirlər. Müharibə ritorikası nə deməkdir, məgər, müharibənin nə olduğunu bilmirlər? Bu, ağrılı nəticə ola bilər ki, hər şeyi itirərik. Vətəndaş cəmiyyətinə qarşı indiki təqiblərlə nə dəyişəcək, ölkə yaxşılığa doğru dəyişəcəkmi, biz sussaq da, dünya bu barədə danışacaq və hakimiyyət rəsmilərinə bu sualları verəcək: Ölkənizdə nə baş verir? Ölkənizi niyə yazıq vəziyyətə qoyursunuz?

Ana səhifəVideoArzu Abdullayeva: ”Son 20 il ərzində ən ağrılı mərhələni yaşayırıq”