İclasda ölkədən çıxışına qadağa qoyulmuş şəxslərdən də danışılıb
Dekabrın 24-də Milli Məclisdə (MM) İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun (BİQ) iclası keçirilib. Toplantını deputat Səməd Seyidov aparıb.
Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib ki, müzakirələr zamanı QHT-lərin durumu, mövcud qanunvericilik və ən əsası əfv məsələsi müzakirə predmeti olub: “Biz 22 nəfər məhbusun adını da daxil etdiyimiz siyahımızı təqdim etdik və bununla bağlı prezidentə müraciətimiz də oldu. Bizim siyahıda NİDA-çılar, ReAL sədri İlqar Məmmədov, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl və başqalarının adları var. Bizə dedilər ki, ümid edin, amma əhatəli açıqlama vermədilər. Düzdür, Əfv Komissiyasının iclası keçirilsə də, bildirdilər ki, əlavələr ola bilər və prezident də kimi istəsə, özü əlavə edir. Hər bir məhbus barəsində ayrıca danışdıq. Bundan əlavə, vətəndaş cəmiyyətinin ölkədən çıxışına qadağa qoyulanlar barəsində də fikrimizi bildirdik, məsələn, Aynur İmranova, o, müalicə olunmalıdır, amma xaricə buraxmırlar. Yaxud Şəhla İsmayılova, vergi işi yoxlanılsa da, son söz deyilmir. Bundan əlavə, sadə adamlar da var ki, onların adı sizə heç nə demir, bunların arasında Qarabağ əlilləri də var”.
Arzu Abdullayeva haqqında danışdığı siyahının 1-2 günə ictimaiyyətə təqdim edəcəyini söyləyib.