Arxada qalan 3 ay

Büdcə kəsirdə qaldı, idxal artdı, ixrac azaldı…

Source:



Büdcə kəsirdə qaldı, idxal artdı, ixrac azaldı…

Resurslardan asılı iqtisadiyyatın xarakteri belədir: dünya bazarlarında xammal və resursların qiymətləri yüksəkdirsə, həmin iqtisadiyyatın kəmiyyət göstəricilərində həmişə artım və böyümə müşahidə edilir. Ona görə də yüksək qiymətlər dövründə resurs iqtisadiyyatında baş verən real prosesləri yalnız keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək mümkün olur.

Son 10 ildə neft ölkələri 2 dəfə qiymət şoki yaşayıb: 2009-cu ildə xam neftin dünya bazar qiymətləri 140 dollardan 35 dollara, 2015-ci ilin ilk aylarında isə 115 dollardan 45 dollaradək ucuzlaşdı. Azərbaycanın nümunəsində yalnız bir rəqəmə diqqət yetirmək kifayətdi – 2009-cu ildə ÜDM-nin nominal həcmi əvvəlki ilə nisbətən 12, büdcə gəlirləri isə 2 faiz azalmışdı. Halbuki əvvəlki 5 ildə ÜDM-nin orta illik artımı 15-20,  büdcə gəlirlərinin artımı isə 35-40 faizdən az olmamışdı.

Oxşar vəziyyət 2015-ci ilin arxada buraxdımız ilk 3 ayında yenidən təkrarlanıb: ötən ilin yanvar-mart ayına nisbətən ÜDM-nin nominal həcmində təxminən 12 faiz (1.6 milyard manat) azalma baş verib. Doğrudur, iqtisadiyyat üçün ÜDM-nin real artımı daha əhəmiyyətlidir. Çünki nominal ÜDM manatla ölçülən, real ÜDM isə məhsulun həcmilə ölçülən ÜDM-dir. Bütövlkdə cəmiyyətin həyat vasitələri ilə təminat səviyyəsi real ÜDM-dən asılıdı – ölkə hər il natural ölçülərlə nə qədər çox məhsul istehsal edirsə, ölkədə həyat səviyyəsi daha da yüksək olur.

Amma nominal ÜDM də olduqca mühüm göstəricidi. Çünki gəlirlərin yaranması hesabı üzrə ÜDM-i formalaşdıran elementləri nəzərə alsaq, bura hökumətin istehsala və idxala tətbiq etdiyi vergi daxilolmaları, muzdlu işçilərin əmək haqqı gəlirləri, sahibkarların mənfəəti və mülkiyyətdən gəlirləri daxildir. Bir sözlə, hökumətin büdcə gəlirlərinin, insanların maaşlarının və biznesin mənfəət və gəlirlərinin cari həcmi bilavasitə ÜDM-nin nominal həcmindən asılıdı. Bu səbəbdən ilin ilk rübündə ÜDM-nin nominal həcmində qeydə alınan kəskin enmə meyli il ərzində davam edərsə, bir sıra kəmiyyət göstəricilərində də azalmaya səbəb olacaq.

Dünya neft bazarlarındakı qiymətlərin kəskin enişi büdcə gəlirlərinin də azalmasına öz təsirini göstərib. Bu ilin 3 aylıq dövlət büdcəsinin gəlirləri 544 milyon manat və ya 12.1 faiz azalıb. Dövlət büdcəsilə müqayisədə icmal büdcənin gəlirlərində azalma daha çoxdu: icmal büdcənin gəlirləri 1.066 milyard manat (20%) azalıb. Bu azalma bilavasitə Neft Fondunun gəlirlərindəki kəskin azalma ilə bağlıdır. Hələ nəzərə alaq ki, manatın 35 faizlik devalvasiyası Fondun xam neftin qiymətinin ucuzlaşmasından dolayı itkilərini əhəmiyyətli dərəcədə azalıb. Əslində devalvasiya qərarı olmasa idi, icmal büdcənin gəlirlərində 2 dəfəyə yaxın azalma qaçılmaz olacaqdı.

2015-ci ilin büdcəsində Neft Fondundan transfertlər 2014-cü ilə nisbətən 11 faiz (1 milyard manat) çox nəzərdə tutulsa da, bu ilin ilk rübdə ötən ilin 3 ayına nisbətən transfertin həcmi 17 faiz və ya 400 milyon manat az olub. Son illərdə nə rüblərin, nə də ilin yekununa görə icmal büdcədə defisitin yaranması baş verməmişdi. Bu ilin yanvar-mart aylarının nəticəsinə görə, icmal büdcədə 600 milyon manat kəsir yaranıb. Halbuki 2013-2014-cü illərdə ilin ilk rübündə icmal büdcədə 500-700 milyon manat intervalında profisit qeydə alınmışdı. Öz növbəsində 3 ayın nəticələrinə görə, dövlət büdcəsində 251 milyon manatlıq kəsir yaranıb. Ötən dövrdə dövlət büdcəsinin xərcləri 175 milyon manat (4 faiz) azalıb. Hökumətin ən çox ixtisar etdiyi xərc maddəsi investisiyalar olub – büdcə sərmayələrinin həcmi 717 milyon manat (34 faiz) azalıb.

Neft bazarındakı qiymət şokunun əsas təsiri ölkənin ticarət balansında özünü göstərib. Bu ilin yanvar-mart aylarında ölkənin ixracı ötən ilin 3 ayı ilə müqayisədə təxminən 2 milyard dollar (37 faiz) azalıb. Amma bu müddətdə ölkəyə idxal 665 milyon dollar (38 faiz) genişlənib. Əsas artım yeyinti məhsullarında (20 faiz) və nəqliyyat vasitələrində (3.5 dəfə) qeydə alınıb. Heç şübhəsiz idxalın bu cür kəskin artımı hökumətin uzun illərdi “idxalı əvəzləyən siyasət aparılması” ilə bağlı rəsmi bəyanatlarının əhəmiyyətini ciddi şəkildə azaldır. Diqqətçəkən məqam budur ki, ötən dövrə nisbətən idxal olunan malların çeşidi 384 ədəd artaraq, 4756-ya çatıb, ixrac etdiyimiz məhsulların çeşidi isə 143 ədəd azalaraq, 950-yə enib.

Ticarət balansının pofisiti ötən illə müqayisədə 4 dəfəyədək azalaraq, 3.613 milyard dollardan 955 milyon dollara enib. Ölkənin maliyyə və kapital əməliyyatları üzrə hesabında, həmçinin xidmətlər balansında ənənəvi olaraq yüksək kəsirin yarandığını nəzərə alsaq,  ticarət balansında profisitin bu cür kəskin azalması ölkənin ödəmə balansında ciddi problemin yaranacağını indidən proqnozlaşdırmağa imkan verir.

Xarici ticarətdə daha maraqlı bir məqam: Büdcənin ağır durumu ilə bağlı belə proqnozlar var idi ki, hökumət gömrükdə qeyri-leqal ticarətin leqallaşdırılması yolunu tutacaq. Amma 3 ayın nəticələri bu proqnoz və gözləntiləri təsdiqləmir.

Azərbaycan qanunvericiliyi ixracı vergi və rüsumlardan azad edir. Bu baxımdan idxal dövriyyəsinin timsalında kiçik bir hesablamaya diqqət yetirək. Ötən ilin 3 ayında 1.7 milyard dollarlıq (həmin dövrün məzənnəsilə 1.3 milyard manat) idxala görə 330 milyon manat gömrük yığımı olmuşdu – idxal olunan əmtəələrin gömrük dəyərinin təxminən 25%-i qədər.  2015-ci ilin 3 ayında 2.4 milyard dollarlıq (devalvasiya nəzərə alınmaqla 2.2 milyard manat) idxala görə 342 milyon gömrük yığımı olub – idxal olunan əmtəələrin gömrük dəyərinin təxminən 16%-i qədər. Göründüyü kimi, idxal dövriyyəsinin vergiyə cəlbedilmə əmsalı əhəmiyyətli dərəcədə aşağı düşüb.

Rəsmi yanaşmalara rəğmən, dünyada baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Bizim nümunəmizdə faktlar və rəqəmlər rəsmi bəyanatlardan qat-qat güclüdü – reallıq bu qədər sadə.

Ana səhifəXəbərlərArxada qalan 3 ay