“Siyasi proseslərin bərpa olunması üçün mümkün olan hər şeyi etmənizi xahiş edirəm”
“Artsaxla (Qarabağ) Rusiyanın münasibətlərinin çoxəsrlik tarixi var. Artsax xalqının tarixi yaddaşında Rusiya ən çətin vəziyyətlərdə erməni xalqının bu hissəsinə həmişə öz kömək əlini uzatmış dost ölkə kimi qəbul edilir”.
Bu sözləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i Araik Arutyunyan Rusiyanın Prezidenti Vladimir Putinə yazıb.
O, məktubunda tarixi bağlarından yazıb, sovet dönəmindəki münasibətlərindən söz açıb.
“Artsaxla Rusiyanın arasındakı sıx münasibətlər bu gün də davam etməkdədir. Rusiyadakı 3 milyonluq erməni diasporunun nümayəndələrinin böyük hissəsi Arxtsax əsillidir, onların arasında 1980-ların sonu – 1990-ların əvvəllərində Azərbaycan hakimiyyətinin yeritdiyi genosid və etnik təmizləmə siyasəti nəticəsində zorla deportasiya olunmuş adamlar da az deyil”, – məktubda yazılıb.
Daha sonra qeyd olunur:
“Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan-Qarabağ münaqişəsinin tənzimlənməsinin bütün mərhələlərində Rusiya beynəlxalq hüququn qaydalarına və münaqişənin güc tətbiq etmədən və hədələmədən tənzimlənməsi prinsiplərinə qeyd-şərtsiz əməl edir. Azərbaycan-Qarabağ münaqişəsinin tənzim edilməsi prosesində Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədr dövləti, habelə bölgədə sülhün və sabitliyin saxlanmasında xüsusi rolu olan ölkədir. Artsax Respublikası Rusiyanın vasitəçilik səylərini, onun münaqişənin tənzimlənməsinin bütün mərhələlərindəki, 1994-cü ildə atəşkəs haqqında üçtərəfli sazişin əldə olunmasındakı fəal və həlledici xidmətlərini yüksək qiymətləndirir. Rusiya həmçinin 2016-cı ildə Azərbaycan-Qarabağ münaqişəsinin növbəti gərginləşməsi zamanı sülh və sabitliyin bərpasında həlledici rol oynayıb. 2016-cı ilin 5 aprelində məhz Rusiyanın vasitəçiliyi ilə Moskvada hərbi əməliyyatların dayandırılmasına və 1994-cü il atəşkəs rejiminin bərpasına nail olunub”.
Araik Arutyunyan daha sonra V.Putinə yazıb:
“Sizin “Valday” diskussiya klubunun iclasındakı çıxışı və yaranmış vəziyyətlə bağlı obyektiv dəyərləndirmələri Artsax Respublikasında və erməni xalqı arasında böyük rezonans doğurub.
Siz çıxışınızda bunları qeyd etdiniz: «Bu münaqişə sadəcə dövlətlərarası münaqişə və ərazi uğrunda mübarizə kimi başlamayıb, o, etnik qarşıdurma kimi başlayıb. Təəssüf, bu, faktdır ki, əvvəl Sumqayıtda, sonra isə Dağlıq Qarabağda erməni xalqına qarşı qəddar cinayətlər törədilib. Bunların hamısını biz kompleks olaraq nəzərə almalıyıq».
Təəssüf ki, bu gün də Azərbaycan həmin genosid siyasətini yerinə yetirməkdə davam edir”.
A.Arutyunyan V.Putindən xahiş edir ki, döyüş əməliyyatını dayandırılmasında yardımçı olsun:
“Siz dünyada və bizim bölgəmizdə böyük nüfuzu olan insan və rəhbərsiniz. Sizdən Azərbaycan-Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpa olunması üçün mümkün olan hər şeyi etmənizi xahiş edirəm”.
Sentyabrın 27-dən etibarən Qarabağda müharibə başlayıb. Azərbaycan son günlər 140-dan çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.