Arutyunyan Bakının onları hədələdiyini deyir

Araik Arutyunyan. Mənbə: “verelq.am”

Azərbaycan XİN iddianı təkzib edib: “Hədələyici münasibət olmayıb”

Stepanakertin (Xankəndi) Bakının inteqrasiya siyasətini qəbul etməyəcəyi halda Azərbaycan Dağlıq Qarabağın hazırkı problemlərini çözməyəcəyini və daha sərt addımlar atacağı ilə bağlı bizi hədələyib”.

Bunu martın 6-da bölgənin “lideri” Araik Arutyunyan “Milli Məclisin siyasi qüvvələrinin və Dağlıq Qarabağ rayon administrasiyaları rəhbərləri”nin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“Arsaxpress” informasiya agentliyi “Dağlıq Qarabağ Prezident Aparatı Baş informasiya idarəsi”nin məlumatına əsasən, xəbər verir ki, iclas başlamazdan əvvəl iştirakçılar martın 5-də Azərbaycanla insident zamanı həlak olmuş polisləri bir dəqiqəlik sükutla yad ediblər.

Qarabağ və Azərbaycan tərəfləri arasında yaxın günlərdə keçirilmiş görüşlərin təfərrüatına varan Arutyunyan qeyd edib ki, ikinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözünü ortaya ataraq siyasi mövzuların müzakirəsinə çalışıb, lakin erməni tərəfi buna qarşı çıxıb.

“Qarabağ lideri”nin dediyinə görə, bundan sonra Azərbaycan tərəfi öz kanallarında yayıb ki, biz inteqrasiya siyasətini qəbul edirik, yoxsa mövcud problemlər öz həllini tapmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq”.

Biz qəbul etməmişik, qəbul etmirik və bu gün bir daha bəyan etmək istəyirəm ki, bu, sadəcə, Təhlükəsizlik Şurasının qərarı deyil, həm də böyük çoxluqla xalqımızın qərarıdır. Yəni biz öz müstəqillik və özünüidarə haqqından geri çəkilməyəcəyik. Bu isə o deməkdir ki, yaxın gələcəkdə öhdəsindən gəlməli olacağımız müxtəlif situasiyalara düşəcəyik. Bizim iki seçimimiz var: ya mübarizəyə davam etməliyik, ya da əgər ictimaiyyətdə Azərbaycanın irəli sürdüyü təklifi qəbullanmaq lazım olduğunu düşünənlər varsa, insanlar öz vətəndaş hüquqları çərçivəsində sözlərini deyə bilərlər. Onların bizim düzgün yol seçmədiyimizi söyləməyə, bəyanatlarını rəsmiləşdirməyə və ölkədə yeni hökumət qurmağa haqları var. Amma, madam ki, biz mübarizə yolunu seçmişik, ilk növbədə qərarımıza hörmətlə yanaşmağı və bu cür hallara reaksiya verməməyi, onlara daxili siyasi don geyindirməməyi xahiş edirik”, – Araik Arutyunyan deyib.

“Dağlıq Qarabağ prezidenti” yaxın günlərdə həmçinin Qarabağ polislərinə diversiya hücumuna bənzər təxribatların ola biləcəyini də istisna etməyib.

“Bizi uzun bir mübarizə gözlədiyini dərk etməliyik. Bu mübarizə çərçivəsində yenə belə situasiyalar yaranacaq. Odur ki, onlara qarşı tədbirli olmalıyıq. Mən problemlərimizi dövlət naziri ilə müzakirə etmişəm və Təhükəsizlik Şurasının qərarı ilə bu gün hökumətə ərzaq və emerji təhlükəsizliyi proqramını işləyib hazırlamağı tapşırmaq istəyirəm. Belə ki, biz bütün ssenariləri nəzərə almalıyıq”, – Araik Arutyunyan bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-nin bu barədə sorğusuna cavab verib.

A.Hacızadə bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən hədələyici münasibət olmayıb:

“Mən yalnız təmsil etdiyim nazirlik adından deyə bilərəm ki, biz Dağlıq Qarabağda yaşayan erməni icmasını hədələməmişik”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətArutyunyan Bakının onları hədələdiyini deyir