“Aprel döyüşləri mənim reallıq hissimi ikiyə ayırdı”
Artyom Qalustyan jurnalist, bir necə musiqili layihənin rəhbəridir. Rusiyada yaşayır. Milliyyətcə ermənidir. İrəvanda doğulub, lakin uşaqlıqda ailəsi ilə birlikdə Rusiyaya köçüb və hələ də orada yaşayır.
Artyomun qohumlarının böyük hissəsi Qarabağda yaşayır. O, aprel döyüşləri zamanı yaxınlarının başına pis hadisə gələcəyindən möhkəm qorxsa da, bu müharibəni ağrılı qəbul etsə də, hadisələrlə bağlı obyektiv, peşəkar münasibəti əks etdirən reportaj yazmağa çalışıb.
Artyomla müsahibəmiz Qarabağ mövzusunda oldu. Orda yaşayan insanlar, azərbaycanlı dostları haqqında, milliyyətindən asılı olmayaraq jurnalistin peşəkarlığının, obyektivliyinin necə qoruması barədə danışmağa çalışdıq.
– Artyom, demək olar ki, siz ölkələrimizin münasibətlərinin gərgin olduğu bir dövrdə dünyaya gəlmisiniz…
– Bəli, mən 1987-ci ildə Ermənistanda doğulmuşam və orada 10 ilə yaxın yaşamışam.
– Onda siz müharibə illərini xatırlayırsınız…
– Bəli, o illər yaxşı yadımdadı. Yadımdadir ki, bizim evimizdə qohumlarımız gəlib qalırdı. Onlar ya Qarabağa yaxın ərazidə, ya da Qarabağın özündə yaşayırdılar. Xalamı daha yaxşı xatırlayıram. O zamanlar o, bizdə, ya da başqa qohumlarımızgildə tez-tez qalırdı. Çox qəribədir ki, 25 il sonra aprel hadisələri zamanı mən onu üzündə eyni həyəcanı gördüm.
– Siz axırıncı dəfə Qarabağda nə vaxt olmusunuz?
– Mən Qarabağa “dörd günlük müharibə” (2016-cı il aprel ayında atəşkəsin 4 günlük pozulması) zamanı olmuşam. Elə o günlər ərzində xalama baş çəkdim. O, yenə hardasa gizlənirdi, qaçmağa cəhd göstərirdi. Təbii ki, bu mənzərə məndə çox ağır təəssurat yaratdı. Təsəvvür edin, 25 il keçib, amma adam yenə də müharibə şəraitində yaşayır. Çox təsirlənmişdim. Pis mənada təsirlənmişdim.
– Qarabağ müharibəsi sizin ailənizə başqa necə təsir eləyib?
– Qarabağ müharibəsində mənim əmim rəhmətə gedib. Müharibənin son günləri idi. Səhv etmirəmsə, 1993-cü ilin axırı və ya 1994-cü ilin əvvəli idi. Şuşa ərazisində onu snayperlə vurmuşdular. Həmin gün onun hərbidə sonuncu günü olacaqdı. Sabahısı gün təxris edilməli idi. Bayıra siqaret çəkməyə çıxanda vurmuşdular onu. Təqribən 36 yaşı vardı. Üç qız atası idi. Müharibəyə öz istəyi ilə getmişdi. Azərbaycan dilini bilirdi və bu, ona müharibədə kömək edirdi. O, bizə gələndə bir neçə dəfə ağlamışdı. Müharibənin məcburiyyəti qarşısında insanları əsir götürürdü. O əsirlərin sağ qalamayacaqlarını bilə-bilə dua etmələrini, qohumlarını axtarmaqlarını görürdü. Yadımdadır ki, o, çox həyəcan keçirirdi. Düşünmürəm ki, bu vəziyyət ona xoş idi. Amma onun başqa çıxış yolu yox idi. Yəqin ona görə çıxıb gedə bilmirdi…
– Bu müharibə hər hansı bir şəkildə sizin peşəkar fəaliyyətinizə təsir edirmi?
– Xeyr, heç bir şəkildə təsir etmir. Əgər mən hansısa məqamda Stokholm sindromu və ya nədənsə asılılığımı hiss edirəmsə, həmin reportajdan imtina edirəm. O mövzuda nəysə yazmaq, paylaşmaq, ümumiyyətlə, danışmaq istəmərəm. Məsələn, əmim. Bu mövzu mənim üçün çox həssasdır. Çünki onu həddən artıq çox istəyirdim. Mən müharibəni həmişə xatırlayıram. Başa düşürsünüz, o vaxt elektrik yox idi, televiziyalar çalışmır və ya hərdən çalışırdı. Bizim əldə etdiyimiz yeganə məlumat- şaiyələr və müharibə haqqında yayılmış miflər idi. Mif dediyim söhbətlər… Bilirsiz informasiyasız vakuumda bir xəbər sizə gəlib çatana kimi o qədər bəzədilir ki… Bizə yalnız dəhşətlərlə bəzədilmiş gündəm xəbərləri gəlib çatırdı. Mənə elə gəlir ki, bu gündəmlərdə həqiqətlərdən daha çox yalan olurdu. Və bu yalançı gündəmlər dəhşətli dərəcədə nifrət ab-havası yaradırdı. Bununla bərabər ərzaq blokadası, müharibə və müharibə haqqında yayılan şayələr… Əmimin ölümü mənim üçün yaşananların kulminasiya nöqtəsi oldu.
– Siz dediniz ki, valideynləriniz Azərbaycandandırlar… Onlar Azərbaycandan nə vaxt köçüblər?
– Mənim bir çox qohumum Azərbaycanda doğulmuşdular. Həm ana tərəfdən, həm ata tərəfdən. Valideynlərim də Azərbaycanda doğulub. Hər ikisi Azərbaycan dilində mükəmməl danışırlar. Onlar müharibədən bir az əvvəl, tələbəlikdən Yerevana köçmüşdülər. Bu, 70-ci illərdə olub. Müharibə haqqında gəzən miflərə, dəhşətli söhbətlərə baxmayaraq, valideynlərimiz bizi azərbaycanlıların düşmən olmasına öyrətməmişdirlər. Və ya onlar bizə demirdilər ki, siz böyüyəndə onlarla müharibə edəcəksiniz, bıçaqlarınızı itiləyib üstünüzdə gəzdirin, azərbaycanlı görəndə cibinizdən çıxarasınız… Bu tip sözlər bizim evdə olmayıb. Bəlkə də sərhədyanı bölgələrdə gərginlik tamam başqa cür olduğundan ailələrdə bu cür söhbətlər gedə bilər.
– Bəs sizin və ailənizin Rusiyaya köçməsi necə oldu?
– Yaşayışımız yaxşı deyildi. Dolanışıq pis idi.
– Ailəlikcə hamınız köçdünüz?
– Əvvəlcə atam getdi, onun ardınca biz də Rusiyaya köçdük. Oranın da özünəməxsus çətinlikləri var idi. Amma… Rusiya mənin ikinci evimdi.
– Artyem, dediniz ki, ötən il apreldə cəbhə xəttində baş verən hadisələr sizə çox pis təsir etmişdi…
– Hərdən mənə elə gəlir ki, aprelin 4-nə kimi olan həyatım tamam başqa idi, o hadisələrdən sonrakı həyatım tamam başqadır… Bu tarix mənim reallıq hissimi ikiyə ayırdı. Elə bildim ki, müharibə daha uzun sürəcək. Çox qorxmuşdum. Əlbəttə, Moskavada sakit otura bilməzdim. Bilirdim ki, vətənə qayıtsam, mənim üçün daha rahat olar. Düşünürəm ki, qürbətdə olan heç kimə kənardan durub həmvətənlərinin həlak olmasına baxmaq rahat olmaz. Fərqi yoxdur, bu, harda baş verir- sakit, yaxud müharibə gedən ərazidə. Qərara gəldim ki, gedəcəyəm. İçimdə şübhələrim var idi, görəsən gördüklərimi paylaşa biləcəmmi, yoxsa yox? Bilirdim ki, məni qərəzlilikdə, münaqişədə bir tərəfin maraqlarını güdməkdə, qeyri-obyektivlikdə günahlandıra bilərlər. Lakin mən buna getdim, hər şeydən əvvəl özüm üçün etdim. İstəyirdim o anları öz evimdə, vətənimdə olum. Üç gün müxtəlif səbəblərdən uçuşum alınmırdı. Həmin üç gün ərzində demək olar ki, gecələri yata bilmirdim. Sözün əsl mənasında həmin üç günü cəhənnəm həyatı yaşadım. Həyatımda heç vaxt o cür pis olmamışdım.
– Artyem, bəzən ötənilki aprel hadisələrinə bənzər anlarda jurnalistər vətənpərvərlərə çevrilib, “vətənpərvər jurnalistika” yarlığı altında yazılar yazmağa başlayırlar…
– Birincisi, mən əsl vətənpərvərəm… Məni tanıyan çox adam haqqımda bunu deyə bilər. Həm də özümü vətənpərvər adlandırmağa heç bir ehtiyacım yoxdur, öz vətənimi sevirəm. Mənim üçün vətən- doğma insanlardır. Fərqi yoxdur onlar harda yaşayırlar. Doğma insanlar isə ermənilərdir. Mən onları çox sevirəm. Onlarla yaşamaq mənim üçün rahatdır. Onlar mənim doğmalarımdır. Lakin onu da deməliyəm ki, mən orada reportaj hazırlayanda, coğrafi adları həm Azərbaycan, həm də erməni dilində yazırdım. Mən Ermənistan tərəfindən heç bir rəsmi məlumat yayımlamamışam. Çünki Azərbaycan tərəfindən də rəsmi məlumatım yox idi. Hazırladığım reportaj bir qədər neytral alındı. O qədər də sərt deyildi. Lakin baş verənləri tam əhatə edirdi. Yazının sonunda mən iki əsaslı şərh paylaşdım: biri azərbaycanlı, biri isə ermənistanlı ekspertlərin rəyindən ibarət idi. Onların hər ikisi bir-birinə zidd fikirlər söyləmişdilər… Mənim rus həmkarlarım öz düzəlişləri ilə yazdığım mətni daha da “erməniləşdirdilər”. Yadımdadır ki, xalam məqaləni oxuyanda dedi: “Bu yazını yazan erməni ola bilməz”. Və onda mən başa düşdüm ki, yazım ən azından qərəzsiz alınıb.
– Münaqişə yenidən alovlansa, bu, sizə necə təsir edər? Bir jurnalist kimi yox, bir ermənistanlı kimi, qohumları Qarabağda yaşayan bir insan kimi sizdə hansı fikirlər yaranar?
– Münaqişə yenidən başlasa, yaxınlarımı pərən-pərən edib hərəsini bir tərəfə aparar. Bunu düşündükcə, içim sızlayır. Dediyim kimi, heç bir qarış torpaq bir insan ömrünə dəyməz. Heç bir qarış. Mən buna inanmıram. Biri var dövlətlərin marağı, biri də var insanların marağı. Mən insanların maraqlarının tərəfindəyəm. O torpağın mənim üçün heç bir əhəmiyyəti yoxdur, inanın mənə. Mən səmimi deyirəm. Qoy bütün ermənilər məni didikləsinlər. Xeyr, Qarabağ mənim üçün əhəmiyyətsiz yer deyil. Sadəcə mən demək istəyirəm ki, minlərlə insanın həyatını xilas edərək kompromis tapmaq mümkündür.
-Siz bu mövzu haqqında öz həmvətənlərinizlə danışanda onların reaksiyası necə olur?
– Ermənistanlılarla bu mövzuda o qədər də çox danışmıram. Birincisi, ona görə ki, danışdıqlarımın hamısı mövzuyla bağlı radikal yönümlüdülər. Kompromisə getmək istəmirlər. Hətta rəsmilər belə. Bəzən danışıq əsnasında məndən soruşurlar: “Sən bizi satmaq istəyirsən?” Və hətta deyərdim ki, bu cür söhbətlərdə Qarabağa bağlı olan yeganə adam mən oluram. Bu, sadəcə vətəndaş mövqeyi deyil, mən nə Ermənistanın, nə də özünü Dağlıq Qarabağ adlandıran respublikanın vətəndaşı deyiləm. Mən sadəcə o torpağa bağlı olan erməniyəm. Həm qohumluq, həm də tarixi bağlarım var. Bəli, mən həm də o fikirdəyəm ki, heç bir torpaq bir insan ömrünə dəyməz. İnsanın həyatı hər şeydən önəmlidir. 25 il əvvəl o müharibədə əmimizi itirdik. İstəmirəm ki, gələcək müharibədə onun nəvəsini itirək. İstəmirəm ki, 25 il əvvəl ağlayan insanlar yenə ağlasınlar. Əgər hansısa kompromis tapmaq olarsa…
– Bəs siz münaqişənin həllini nədə görürsünüz?
– Bilirəm ki, hər hansı bir yolla kompromis mümkün olacaq. Hər nə yolla olur- olsun. İstər hansısa ərazi verilməsi bahasına və s. Fərqi yoxdur. Bəlkə də hissə-hissə, bəlkə də rayon-rayon, bilmirəm, bu, necə baş verəcək. Qarabağ münaqişəsinin həlli yolunda çəkilən yol xəritəsi bəlkə də hələ fantaziyadır. Çünki bir-birimizin gözünün içinə baxmaq istəyimizin olmaması oturub hansısa mövzuda danışmağa imkan vermir. Məncə, danışıqlarsız bu ərazi daimi, həmişəlik mübahizə mövzusu olacaq.
-Artyem, siz Rusiyada yaşayırsız, orada işləyirsiz. Rusiyada çoxlu sayda erməni və azərbaycanlı var. Əlbəttə, onlar hardasa görüşürlər. Siz onlar arasında hansı münasibətləri müşahidə etmisiniz?
– Bilirsiniz Moskvada azərbaycanlılar çox azdır. Deyilənə görə, üç milyona yaxındılar, dəqiq bilmirəm. Mən çox az azərbaycanlı ilə görüşmüşəm. Bəlkə də ətrafım çox məhduddur, peşəkar sahədə isə heç qarşılaşmamışam. Hə, bir xanım tanışım var, azərbaycanlıdır. O da jurnalistdir. Amma biz onunla heç vaxt bu məsələ haqqında danışmamışıq. Mən yataqxanada qalanda bir azərbaycanlı otaq yoldaşım da var idi. Onun atası müharibə dövründə Təhlükəsizlik Nazirliyində yüksək vəzifə tuturdu. Biz onunla dost olmuşduq və heç vaxt düşmənçilik eləmirdik. Söhbət bu müharibədən düşəndə biz sanki Birinci Dünya Müharibəsindən danışırmış kimi mövzudan çox uzaqda dayanardıq. Sanki o keçmişdə və bizdən çox uzaqda olub. Aprel hadisələrindən sonra isə biz bu mövzu haqqında heç danışmamışıq. Moskvada insanlar biz az başqa cür yaşayır. Onların özünün moskvasayağı problemləri olur.
– Sizin azərbaycanlı dostunuz var?
-Mən Ali İqtisadiyyat Məktəbində kurs keçən zaman orada çox qəribə bir oğlan var idi. Çox savadlı, dünyagörüşlü, xoş xasiyyətli idi. İxtisasca həkim idi. Tarixi çox gözəl bilirdi. Azərbaycanı həddindən artıq sevirdi. Laçınlı idi. Onun 3 yaşı olanda anası onu qucağına götürüb maşına minmiş və elə o vəziyyətdə də yaşadıqları evi tərk etmişdilər. Bilirdi ki, mən erməniyəm. Aramızda münasibət var idi, tez-tez söhbətləşirdik. Qarabağ mövzusunda həmişə sakit danışırdıq. Dördgünlük müharibə olan zaman o, mənə dəstək oldu. Bilirdi ki, ora getməyə hazırlaşıram. Bilirdi ki, Laçından keçəcəyəm. Mənə yazmışdı ki, getməyim. İkimiz də çox sarsılmışdıq və bir-birimizlə mədəni söhbət apardıq. Lakin aprel hadisələrindən sonra biz demək olar ki, bir-birimizi görmür və danışmırıq. Bir necə dəfə mən görüşməyə cəhd göstərmişəm. Amma gah onda alınmır, gah işi çıxır…
Mənim ətrafımda azərbaycanlılar var. Deyə bilərəm ki, biz onlarla çox yaxınıq və düşmən deyilik.