Artıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq

Dəyişikliyə əsasən, foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur

Source: Specify Source


İnzibati xətalarla bağlı icraat qaydaları da dəyişir

Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bundan başqa, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.

Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda birbaşa cərimə yazıla bilməz

İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı vəzifəli şəxslər üçün cərimə tətbiq olunacaq.

İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmır.

Dəyişikliyə əsasən, bu halda vəzifəli şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxararsa, o, 150 manatdan 200 manatadək cərimə olunacaq.

Hansı hallarda xəta ilə bağlı icraata xitam veriləcək?

Başqa bir dəyişiklik sübutetmə ilə bağlıdır. Şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta ilə bağlı icraata xitam veriləcək.

Yeni maddəyə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

Elektron qərar hansı halda şəxsə verilmiş sayılacaq?

Digər dəyişikliyə əsasən, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı qaydalara dəyişiklik edilir.

Dəyişikliyə əsasən, foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:


– nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında məcəllədə nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;


– nəqliyyat vasitəsinin istifadəçisi məcəllədə nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);


– “Yol hərəkəti haqqında” Qanun ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);


– Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).

5 il müddətində icra edilməyən cəriməyə xitam verilir

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməyəcək.

Digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Ana səhifəSosialArtıq sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi olmayacaq